Onlayn ictimai-siyasi qəzet
“7 fevral 2024-cü ildən başlayan yeni tarixdə - Azərbaycanın qalib yüz ilinin başlanğıcında, fevral ayının üzərindən məğlubiyyət keçmişinin qalib gələcəklə əvəzləndiyi bir dövrdə, yeni siyasi təqvimdə və dünyanın ən nəhəng tədbiri sayılan qlobal iqlim konfransına - COP29-a ev sahibliyi ilində hər birinizi ürəkdən salamlayırıq.
Prezident İlham Əliyevin andiçmə mərasimində bəyan etdiyi Yeni Dövr idealı özündə hansı siyasi hədəfləri, iqtisadi strategiyaları daşıyır, idarəetmə və sosial həyatımızda, o cümlədən regional və beynəlxalq mənafelərimizin təminatında necə bir dəyişiklikləri gətirəcəkdir, bütün bu suallara birgə cavab verməliyik”.
Musavat.com xəbər verir ki, bu fikirləri millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və STM-in təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Zahid Orucun çıxışının tam mətnini təqdim edirik:
“Söhbət təkcə alternativ enerjiyə keçiddən, neftə və qaza, daş kömür və tükənən digər yanacaq növlərinə tələbatı azaltmaqdan, karbon emissiyalarını sıfra endirməkdən getmir, ilk növbədə, sənaye üsulu ilə çıxarmağa başladığımız 278 illik neftin inhisarından çıxmaqdan, iki dünya müharibəsi, o cümlədən birinci və ikinci Qarabağ savaşlarının taleyində müstəsna rol oynayan bir resursun hökmranlığından xilas olmaqdan gedir. Gəlin razılaşaq ki, bu o qədər də asan deyil. Buxar maşınları, elektrik enerjisinin kəşfi, internetin ixtirası, smart və süni texnologiyaların meydana çıxması kimi, qara mayenin işğalından azad olmaq, nefti əvəzləyəcək yeni resursu tapmaq Qarabağdan sonra yeni milli ideyanı formalaşdırmaq üçün müstəsna rol oynaya bilər.
Əslində İlham Əliyev bu hərəkata çoxdan başlayıb və siz dövlət başçısının xüsusilə də 2010-cu ildən sonrakı çıxışlarına, o cümlədən qərarlarına baxsanız, əsas dövlət kursunun mühüm bir sahəsinin məhz bərpa olunan enerjiyə yönəldiyini görəcəksiniz. Lakin o zamankı cəhdlər həmin siyasəti reallaşdırmağa məsul olan şəxslərin günahı ucbatından o qədər də uğurlu olmayıb və biz günəşə-küləyə açılan panelləri- qurğuları yolların kənarında qeyri-işlək vəziyyətdə görəndə onlara ekzotik əşyalar kimi baxmışıq, narahatlıq və itki hissi keçirməmişik. İndi daha böyük siyasi iradə ortaya qoyulub və dövlətimizin Qarabağ savaşından sonra qlobal ekoloji tədbiri qazanması böyük siyasi uğur olmaqla yanaşı, həm də tarixi fürsətdir.
Ona görə də Yeni Dövrün sualı belədir:”biz neftsiz yaşaya bilərikmi-onun hökmranlığından qurtulmağımız mümkündürmü”? Son iki yüz ildə bütün lokal və qlobal savaşların əsas səbəbilərindən biri, həmçinin hərbi mühərrikləri hərəkətə gətirən vasitə əvəzinə smart və 4-5-ci nəsil texnologiyalar, süni intellekt məhsulları ilə yaşıl enerjiyə keçid təkcə yeraltı sərvətləri qorumağa deyil, həm də son 300 illik taleyimizi dəyişdirə bilər.
Qətiyyən təəccüblü deyil ki, xalqımızla neftin taleyi bir olub. Dəyişən formasiyalar və ideologiyalar, işğallar və çoxsaylı köçkünlük dalğaları ilə bərabər, yeraltı sərvətlərimiz də əldən-ələ keçib. Digər tərəfdən, neftin təkcə iqtisadiyyatda payı və büdcə gəlirlərində çəkisi yüksək olmayıb, həm də gerçək həyatımızın əsas nüvəsi, mövcudluq cövhəri, ədəbi-bədii energetika və daxili mənəvi mühərrikimiz olub. İndi biz mədəniyyət və incəsənət adamlarını, fikir və ideya təmsilçilərini yeraltı sərvətlərdən göylərdəki enerji qatlarına, hava mədənlərinə qaldırmağı bacarmalıyıq ki, onlar Günəşi və küləyi təkcə təbiət-kainat hadisəsi saymasınlar, həm də tükənməz enerji mənbəyi, transformasiyası və ekoloji inqilabın əsas nüvəsi hesab etsinlər.
Lenindən Çörçillə, Hitlerdən Qorbaçova qədər sahib olmaq istədikləri Azərbaycan neftinin iqtisadi, sosial və məişət həyatımızda əhəmiyyətini aşağı salmağı bacarsaq, o zaman lənətlənməmiş resurs qazanacağıq. 1846-cı ildən bu yana ölkəmizdə çıxarılan neftin ümumi miqdarı 1971-ci ildə 1 milyard ton, 2017-cu ildə böyük təntənə ilə dövlət səviyyəsində qeyd olunan 2 miliyard ton olub. Lakin ilin bütün fəsillərində göydə Günəşi və küləyi görən azərbaycanlılar bu tükənməz sərvətdən gərəyincə istifadə edə bilməyiblər.
Biz ekoloji tarazlıq, yaşıl enerji transformasiyası konfransında 8 noyabr Zəfər və 20 sentyabr Bütövlük gününə gedən yolun da məhz ekologiya ilə başladığını yaxşı bilirik. Çünki Qarabağ müharibəsi, 1988-ci ildə Topxana meşəsi ilə başlayan nifaq Ocağı, 2022-ci ilin 12 dekabr soyuq qış günlərində Xankəndi yoluna xüsusi təyinatla çıxan dinc ekoaksiyaçıların sülh Ocağı ilə yekun mərhələsinə çatdı. Bu təkcə rəmzi və simvolik hadisə deyil, ana təbiətin də ilahi ədaləti idi. Bərpa olunan bütövlük, həm də müqəddəs torpaqlarımızın, onun üzərindəki canlı aləmin və bizi diri saxlayan atmosferin də azadlğı idi. Son 20 ildə Qarabağı təmsil edən bir parlament üzvü kimi elmi əsaslara söykənərək deyə bilərik ki, ərazilərimizin işğaldan azad olunması Bərdədən Ağdama, Goranboydan Kəlbəcərə, Tərtərdən Xankəndi və Şuşayadək təkcə yolların açılması, çayların və su hövzələrinin qovuşması deyil, eləcə də hava axınlarının, yağışın, küləyin və günəşin bütün ərazi boyunca tam dövr etməsinə səbəb olub, göylərdəki Ohanyan buludunu da məhv edib.
Ona görə də ölkə rəhbərinin Yeni dövrü ilk növbədə, “Yaşıl Azərbaycan” deməkdir. Əgər Ulu öndər Heydər Əliyev 1994-cü ildə “Əsrin neft müqaviləsi”ni imzaladısa, İlham Əliyev yeni yüz ilin “Yaşıl enerji kontraktları”nı həyata keçirir. Əgər biz “Yaşıl enerji”ni qazana bilsək, dənizdə hasilatın azalmasından qorxu və həyəcan keçirməyəcəyik, Xəzəri dünya ilə birləşdirən kəmərləri alternativ enerji ilə təchiz edə biləcəyik. İndi yalnız neft-qaz müqavilələri ölkəmizin iqtisadi-siyasi təhlükəsiziyinin qarantıdırsa, “Yaşıl enerji” dəhlizini qura bilsək, 2030-cu ilədək “yaşıl artım”a nail olsaq, o zaman Zəngəzur dəhlizi ilə Yaşıl Enerji ixrac kəmərlərinin çəkilməsi mümkün olacaq. Tam real bir perspektivdən bəhs edirik. O zaman orta dəhliz strategiyası öz həllini tapacaq.
Xatırladaq ki, 29 fevralda Parisdə öz işinə başlayan “COP-28-dən sonra” adlı tədbirdə ölkəmizi təmsil edən nazir müavini ölkəmizi Şimal və Cənub arasında iqlimi sabitləşdirən əsas körpü adlandırıb və COP 29 sammitini misilsiz fürsət kimi dəyərləndirib.
Məlumat üçün bir neçə statistik göstəriciləri sizinlə bölüşmək istərdik. Energetika nazirliyi bəyan edir ki, Azərbaycanın bərpa olunan enerji üzrə potensialı- quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7954 MVt təşkil edir. Göründüyü kimi, bu tədbirlər nəticə verəcəyi təqdirdə, Mingəçevir su elektrik stansiyası və bütün enerji güclərindən bir neçə dəfə artıq məhsul istehsal oluna bilər.
Prezident 2021-ci il 2 fevral tarixində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi ilə ölkəmizi yaşıl enerji məkanı kimi görmək istəyini bəyan edib. Nəticədə “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı layihələrin icrasına başlanılıb və hər iki layihənin fəaliyyətə başlamasında prezident özü şəxsən iştirak edib. Energetika nazirliyi tərəfindən onlarla xarici şirkət ölkəmizə cəlb olunub, bir neçə strateji sənədlər-yol xəritələri qəbul olunub.
Lakin əsas hədəflərdən biri-azad olunan ərazilərdə bu işləri həyata keçirməkdir. İşğaldan azad edilən bölgələrdə günəş enerjisi layihələri üçün Zəngilan, Cəbrayıl, Qubadlı və Füzulinin beynəlxalq şirkətlər tərəfindən qiymətləndirilməsi aparlıb və böyük potensial təsdiqlənib. Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. “2024-yaşıl dünya” ili çərçivəsində bu 5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır.
Müqayisə üçün bildirək ki, Böyük Britaniya enerjisinin neçə faizi bərpa olunandır-2024-cü ildə bu rəqəm 39,5%- təşkil edib ki, onun da 29,0%,-ni külək, günəş enerjisi 4,5%-ni günəş təşkil edir.
Almaniyada isə son iki ildə müəyyən azalma templərinə baxmayaraq, alterantiv enerji mənəblərinin ümumi enerji balansında payı 42.3 faiz təşkil edir.
2023-cü ilin aprelin 25-də Bolqarıstana səfəri zamanı p əsas hədəfi bir daha Qərblə enerji əməkdaşlığına xüsusi yer ayıran prezident deyir, sitat: “Azərbaycanın “yaşıl enerji” ixracının əsas istiqaməti Avropadır/ Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıb”.
COP-29 konfransının Azərbaycanda keçirilməsini bütün dünya ölkələrinin dəstəkləməsi-işğal dövründə yerlə-yeksan edilən təbiət, qanunsuz talan edilən resurslar, təbiət abidələrinə qarşı görünməmiş vandalizm aktları, ekosid cinayətlərinin dünya tərəfindən etirafı kimi də yanaşa bilərik.
BMT Baş Assambleyası 2022-ci ildə tarixi qətnamə qəbul edərək -“Təmiz və Sağlam Ətraf Mühit təminatını Universal İnsan Hüququ” elan edib. Beləliklə, 161 ölkənin dəstəyi ilə ekoloji insan hüquqlarını-yeni nəsil insan hüquqları ailəsinə daxil olub. Bu əlamətdar hadisə nümayiş etdirir ki, Üzv Dövlətlər üçqat ekoloji böhran: 1.iqlim dəyişikliyi, 2.biomüxtəlifliyin yox olması və 3.ətraf mühitin çirklənmə ilə mübarizə aparmaq üçün ortaq qanuni əsasa malikdirlər. Vətəndaşların sağlamlığına və həyat keyfiyyətinə təsir edən ətraf mühitin vəziyyəti dövlətin prioritetləri sırasındadır. Biz təbii ehtiyatlardan rasional istifadə etməli və ətraf mühiti qorumalı, ətraf mühitin mühafizəsi üçün yeni mexanizmlər tətbiq etməli, təmiz texnologiyalar inkişaf etdirməliyik. Biz cəmiyyətdə ekoloji mədəniyyətin səviyyəsinin yüksəldilməsinə, ətraf mühitə atılan tullantıların azaldılmasına, biomüxtəlifliyin qorunmasına nail olmalıyıq.
Biz təhsilin bütün pillələrində – uşaq bağçalarından universitetlərə qədər ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmalıyıq. Sənaye müəssisələrimizə ekoloji nəzarəti gücləndirməsi, zərərli tullantıların azaldılması, meşə sahələrinin genişlənməsi, su ehtiyatlarından səmərəli istifadəsi, mühafizəsi və təmizlənməsinə yönəlmiş yeni “Su Məcəlləsi”nin qəbulu gündəlikdədir.
Qısa ifadə edilsə, Azərbaycan ekologiyasının qorunması üçün ən vacib məsələlərdən biri məhz ekoloji şuürun, təbiəti sevən düşüncə ekosisteminin formalaşmasıdır.
Vətəndaş cəmiyyətinin rolunun artırılması sahəsində nə edə bilərik- dövlətimizin ən böyük sərvəti-insandır. Milli sərvətimiz- insan potensialıdır. Bu gün dünyada baş verən köklü dəyişiklikləırin arxasında duran-insan amilidir. İnsan amili vətəndaş cəmiyyəti anlayışı ilə sinonimdir.
Azərbaycan xalqı bu resursun-vətəndaş cəmiyyətinin gücünü- Xankəndi yolunda 12 dekabr 2022-ci il tarixindən başlayan uzunmüddətli aksiyada tanksız-topsuz, haroplarsız bir savşada yenidən kəşf etdi. Azad edilmiş torpaqlarda təbii sərvətlərin talan edilməsinə qarşı başlanan dinc aksiya - Vətən müharibəsində qələbə sonrası-vətəndaş cəmiyyətinin, ictimaiyyətin ruh yüksəkliyi ilə Laçın-Xankəndi yolu üzərində tam nəzarətin bərqərar edilməsinə qədər davam etdi. 44 günlük müharibədəki sərt gücümüzdən sonra, Qarabağ torpaqlarının, təbiətin talan edilməsinə qarşı “yumşaq gücün” işə salınması “vətəndaş cəmiyyətinin və Vətən müharibəsi” kəlmələrinin eyni kökə malik olmasını bir daha təsdiqlədi.
Ermənistanın torpaqlarımızı 3 onillik boyu talan edən, viran qoyan ekofaşizm siyasətinin araşdırılması və təbliği, ekoloji cinayətlərlə bağlı gerçəklərin çatdırılması vətəndaş cəmiyyətimizin qarşısında duran ən mühüm vəzifədir.
Prezidentin dediyi kimi, “erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik, heç nəyi unutmamışıq və unutmayacağıq..” çağırışı onların indiki və gələcək davamçılarına ünvanlanıb. Yalnız bu səylərimizlə Ermənistanın hərbi/müharibə cinayətlərini törədən ölkə imicinə daha bir aspektdə- ekoloji cinayətkar ölkə imicinin tanıdılması yönündə böyük imkanlar yaradacaq.
Vətəndaş cəmiyyətinin ekoloji insan hüquqları təminatında dünyada fəallıq edəcəyi daha bir sahə, Ermənistanın təbiətimizə və xalqımıza qarşı apardığı mina terrorudur. Mina təhlükəsi təkcə azad torpaqlara qayıdışı çətinləşdirmir, həm də yararlı və münbit torpaqların zəngin fauna və florasını məhv edir. Mina problemi Ermənistanın xalqınımızın fundamental insan haqlarına vurduğu zərbələrin davamıdır.
Azərbaycanda ekoloji profilli vətəndaş cəmiyyətinin-QHT-lərın kəmiyyət aspektində mövcudluq dinamikası, onların keyfiyyət aspektinin, beynəlxalq fəallığının da yüksəldilməsi ilə bağlı gözləntilərimiz var. Ölkədə ekoloji QHT-lərin sayı 50-yə yaxındır. Onların 40-a yaxını 2020-ci ildə, Vətən müharibəsindən 1 ay əvvəl prezidentin köməkçisi ilə görüşdə iştirak edib. Bu böyük qüvvə, güclü insan amilidir.
Sonda bir daha vurğulayaq ki, bütün təbii sərvətlərin zirvəsi insandır. Bir-birinə hörmət və sevgi, ədalətə inam və Qələbəyə verilən misilsiz töhfələr, sonsuz arzular və ideallar hər bir xalqın tükənməz enerji mənbəyidir. Gəlin, hər birimiz yanımızda olan həmsöhbətimizə, divarmızın o tərəfindəki qonşumuza, yaşadığımız məhəlləyyə, kəndə və qəsəbəyə o enerjini verməkdən çəkinməyək.
Bir daha hər birinizə uğurlar arzulayırıq”.
Zahid Oruc, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ