İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: “Elektron idarəçilik” gerçək hökuməti əvəz edə bilməz”

 

"Məmnuniyyət hissi ilə qeyd edirik ki, Sosial Tədqiqatlar Mərkəzi yarandığı 4 il ərzində  dövlətimizin cari və strateji mənafelərinə bağlı olan, milli həyatımızın aktual məsələlərinə dair  çoxsaylı tədqiqatlar aparıb, araşdırmaların elmi legitim standartları çərçivəsində hazırladığı onlarla sənədi ali hakimiyyət rəhbərliyi, hökumət və ictimaiyyətə təqdim edib".

Musavat.com bildirir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc qurumun keçirdiyi "Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi" analitik hesabatın təqdimatında deyib.

Zahid Oruc qeyd edib ki, hesabat prezidentin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” adlı sərəncamında STM üzrə müəyyənləşən 4-cü prioritet istiqamətin-dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində aparılan tədqiqatın nəticələrinə həsr olunub:

"Qeyd olunduğu kimi, Tədbirlər Planında Mərkəzin üzərinə qoyulan vəzifə:2022-2026-cı illər ərzində dövlət orqanlarının göstərdikləri xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə ictimai rəyin, o cümlədən xidmətalanların rəylərinin öyrənilməsindən ibarətdir.

Bildiyiniz kimi, ölkəmizdə də elektron dövlət və ya hökumət siyasəti uzun illərdir ki, geniş tətbiq olunur. Lakin bir həqiqət danılmazdır-biz elə bir cəmiyyət qurmalıyıq ki, insan amilinin ortadan qaldırmasın. Yəni, hər bir dövləti yönəldən və milyonlarla vətəndaşımıza xidmət edənlər də sonda  bu xalqın övladlarıdır. Yalnız texnika və qurğular, smart sistemlər, böyük məmur korpusunu inkar  edərək onları ikinci planda, daim şübhəci statusunda saxlamağa, hakimiyyətlə cəmiyyət arasında sədd çəkməyə səbəb olunca inamsızlıq sosial konfliktlərə səbəb olar".

Zahid Oruc qeyd edib ki, elektron idarəçilik gerçək hökuməti əvəz edə bilməz: 

"Bunu ölkəmizdə də böyük maraqla izlənilən qardaş Türkiyədə keçirilən 28 may seçkilərində parlaq siyasi qələbə qazanan Rəcəb Tayyib Ərdoğanın izdihamlı aksiyalarında milyonların qarşısında onun mütəffiqlərindən birinin sözləri təsdiqləyir, sitat: “dövlət zəlzələdən zərər çəkənlərə çörək paylayan bələdiyyə sədridir, yardım kanvoylarını koordinasiya edən, asayişi və təhlükəsizliyi qoruyan polis serjantı, axtarış-xilasetmə əsgəri, AFAD zabiti, könüllülərdir. Dövlət talançını yaxalayan və doğulduğuna peşman edən cəsur polisdir. Dövlət təcili yardım maşını sürən sürücü, dua oxuyan müəzzin, müayinə edən həkim, iynə vuran, sarğı verən tibb bacısıdır. Türk idarəçilik fəlsəfəsinə görə dövlət millətdir, millət dövlətdir”. Çox dəqiq və dəyərli fikirlərdir".

Zahid Oruc bildirib ki, Milli Fəaliyyət Planının 4-cü prioritet istiqaməti dövlət xidmətlərinin elektronlaşmasını nəzərdə tutur:

"Əlbəttə, elektron xidmətlərin göstərilməsində böyük uğurlarla yanaşı, ortaya çıxan ən ciddi problemlərdən biri dövlət orqanlarının informasiya sistemləri arasında inteqrasiyanın tam başa çatmaması və ya bir xidmətin alınması üçün tələb olunan məlumatların hamısının elektronlaşmamasıdır. Nəticədə xidməti təşkil edən dövlət orqanı elektron xidməti tam təşkil edə bilmir və bu hal xidmətin keyfiyyətini azatmaqla yanaşı, xidmətalanların məmnunluğunu azaldır. Əlbəttə, vətəndaşların aldığı dövlət xidmətinin elektronlaşdırılması və avtomatlaşdırılması korrupsiya hallarının aradan qaldırılmasına xidmət edir".

Millət vəkilinin sözlərinə görə  ictimai rəy sorğularının keçirildiyi 2022-ci ilin iyul ayı ərzində Dövlət Xidmətləri Portalında 139 dövlət orqanı üzrə 1005 xidmətdən yarıya qədəri, 501-i tam və ya qismən elektronlaşdırılıb. O, həmçinin qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən dövlət orqanlarının-qurumlarının sayı isə gerçəkdə 160-dan çoxdur:

"Əlbəttə, dövlət siyasəti nəticəsində müxtəlif proqramlar icra olunub və rəqəmsal xidmətlərin formalaşdırılması ilə müxtəlif qurumlarda bir sıra xidmətlər yüksək səviyyədə təşkil edilib, vətəndaşların dövlət orqanlarına əlçatanlığı asanlaşıb. Elektronlaşdırılmış xidmətlər əhalinin və vətəndaşların həm maliyyə və digər re- surslarına, həm də vaxtlarına qənaət etməsi baxımından müsbət irəliləyişlərə gətirib çıxarıb. Ödəniş sistemlərini buna misal göstərmək olar.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizədə inqilabi islahatlardan olan “ASAN xidmət” mərkəzlərinin yaradılması məişət korrupsiyasının qarşısının alınmasında mühüm tədbirlər sayılır. Lakin xüsusi vurğulayaq ki, tədqiqat zamanı qarşıya çıxan ən mühüm məhdudiyyətlər bir sıra dövlət orqanlarında məlumat bazalarının mükəmməl olmadığı, xidmətlər, xidmətalanların ümumi statistikası, xidmət istiqamətləri, regionlar, yaş və cins tərkibi üzrə təsnifatlaşdırmalar aparılmadığı aşkarlanıb.

Həm elektronlaşan, həm də elektronlaşmayan xidmətlər üzrə vahid məlumat bazasının olmaması tədqiqatın effektiv aparılmasına mane olan əsas amillərdəndir".

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR