Onlayn ictimai-siyasi qəzet
Sentyabrda dünyada aktiv neft və qaz qazma qurğularının sayı son altı ayda ən yüksək həddə çatıb.
Musavat.com xəbər verir ki, məlumatı Amerikanın “Baker Hughes” neft xidmətləri şirkəti açıqlayıb.
Keçən ay orta hesabla 1751 qurğu fəaliyyətdə olub, bu göstərici avqustda 1735 idi. Eyni zamanda avqust ayı səviyyəsi 2023-cü ilin eyni ayındakı göstəricidən 8 qurğu azdır.
ABŞ-da sentyabrda qazma qurğularının sayı əvvəlki ayla müqayisədə 1 ədəd artaraq 587-yə çatıb. Kanadada isə bu rəqəm 1 ədəd azalaraq 217 ədəd olub.
Latın Amerikasında son bir ayda qurğuların sayı 3 ədəd (157-yə qədər) azalıb, Yaxın Şərqdə isə dəyişməyib (337). Eyni zamanda Afrikada onların sayı iki (106-ya), Avropada altı ədəd (121-ə), Asiya-Sakit okean regionunda on bir ədəd (226-ya) artıb.
Baker Hughes 1944-cü ildən aktiv qazma qurğuları haqqında məlumatları dərc edir. Əvvəlcə şirkət yalnız ABŞ və Kanadada, 1975-ci ildən isə bütün dünyada məlumat toplayır.
Dünya üzrə aktiv neft və qaz qazma qurğularının orta aylıq sayı 2023-cü ildə ardıcıl üçüncü il artıb. Bu rəqəm 2022-ci ildəki 1747-dən 1814-ə yüksəlib.
İşləyən qazma qurğularının sayında tarixi maksimum 1981-ci ildə qeydə alınıb - 5624. Minimum isə 2020-ci ildə qeydə alınıb - 1352 qurğu.
Qazma qurğularının artması istehsalın səmərəli olmasının göstəricisi sayılır.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ