İnsanlara hürriyət, millətlərə istiqlal!

Z nəslinin “zon” həvəsi

 

14 gün əvvəl məktəbə bıçaq gətirən və onu kriminal təyinatı üzrə istifadə edən şagirdlər haqqında bir yazı yazmışdım, başlığı da beləydi: “Z nəslinin cib bıçağı”.

Üstündən cəmi iki həftə keçib, xəbər gəlir ki, Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib, 21 nömrəli məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.

Yeniyetmələrdən birinin uzağı 16, o birinin isə azı 14 yaşı var. Uşaqdırlar yəni. Bunların sözü necə çəpləşə bilər ki, münasibətləri şillə-şapalaqla yox, polisin sözü olmasın, kəsici-deşici alətlə ayırd etsinlər?

Cibdən bıçaq çıxıbsa, yüz faiz “bu həyatda ya sən qalmalısan, ya mən” söhbəti də olub. Bəlkə pampersdən dünən qurtulan uşaqlar qız üstündə dalaşıblar? Ən ağlabatan versiya odur. Daha nüfuz dairəsinin bölünməsi, bazarlara, narkotik maddələr tranzitinə nəzarətə görə olmayacaq ki... O yaşda ərgən təkə instinktləri baş qaldırır, əl-əlbət, ondan olar.

Mən bir dəfə iki 10-cu sinif şagirdinin o cür tutaşdığını görmüşəm. Bir-birini şillələyib, yumruqlayıb, təpikləyib yorulmuşdular, tam taqətdən düşmüşdülər, ayaq üstə güclə dayanırdılar, bir-birindən yapışmışdılar, gah biri yumruq vururdu, gah o biri. Boksda bu, klinç vəziyyəti adlanır. Adətən, hakimlər bir-birinə düyünlənən boksçuları ayırır, təzədən “boks” komandası verirlər. Şagirdləri isə ayıran yox idi. Ətrafda 10-15 sinif yoldaşları vardı, dövrələmə durub baxırdılar. Uşaqlara dedim, görmürsünüzmü, bir-birini boğurlar, niyə ayırmırsınız. Yeniyetmələrdən biri dedi, aralaşdırana ana söyüşü qoyublar. “Qələt eləyiblər” deyib araya girmək istədim, döyüşənlərdən biri dedi, əmi, yaxınlaşma, bu, ölüm-dirim məsələsidir. Hərçənd artıq onların heç birində rəqibini cırmaqlamağa belə güc qalmamışdı. Allahdan, bir müəllim gəlib çıxdı, üstlərinə təpindi, aralaşdılar, bir-birinə “bu söhbət burda bitmədi” deyə hədə biçib uzaqlaşdılar.

O hadisə məktəbdən kənar yerdə olsa da, məktəb yolunun üstüydü, müəllimin gəlib müdaxilə etməsi yaxşı oldu. İnsafən, yeniyetmələr də qaydalar çərçivəsində süpürləşirdilər, kəsici-deşici alətə, dəyənəyə, daş-kəsəyə əl atmırdılar.

Gəncədə baş verən hadisə isə məktəbdən kənarda olub və kəsici-deşici alətdən istifadə edilib. Yenə şükür edək ki, həm uşaqlarda odlu silah olmayıb, həm də bıçaqlanma olayı faciə ilə bitməyib. Yaralının vəziyyəti orta ağırdır. Sağalacaq.

O biri isə necə olacaq, məlum deyil. Yəqin ki, çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulan təhsil-tərbiyə müəssisəsinə yerləşdiriləcək. Bilmirəm, elə müəssisələr hələ də qalırmı. Əvvəllər var idi. Düzdür, ora düşənlərin çoxu heç də tərbiyə olunub çıxmırdılar və təcrübə qazanaraq, kriminal aləmə atılırdılar, amma oraya düşməkdən qorxanlar da çox idi. Xəbərlər gəzirdi ki, elə müəssisələrdə işləyən cantaraq əmilər 14-15 yaşlı bərkiməmiş uşaqları pis sındırır, çurban eləyirlər. Əlbəttə, elə olardı. 45 kiloluq çəkiylə məktəbdə tay-tuşların arasında lotuluq eləmək olar, amma içəridə 90 kiloluq əmilərin qabağında atılıb-düşmək olmaz, adamı bir şillə ilə yerlə bir edərlər.

Hazırda isə çətin uşaqlar kriminal seriallara baxır, yatıb-çıxan oğlanların bəzəkli söhbətlərinə, “vorovskoy” nağıllara, mahnılara qulaq asır, elə bilirlər, o aləmdə baş girləmək asandır, kriminal iyerarxiyada karyera qurmaq, “vor” olmaq istəyirlər. Amma onların 99 faizi “zon”a daxil olduqları ilk saatda peşman olur. Geriyə isə yol yoxdur, daha doğrusu, var, amma 5-6 ildən sonra.

Ənənəvi sual çıxır: bəs çıxış yolu nədir? Dövran ki belə gəlib, çıxış yolu-zad yoxdur. Varsa da, görünmür. Məktəblərin uşaqları tərbiyə etməyə gücləri və səlahiyyətləri çatmır. Bir uşağa bir çırtma dəyən kimi internet resursları videoçarxlarla dolub-daşır. Bir çox valideynlər isə övladlarını adam balası kimi böyütmək istəmirlər, istəyirlər, hozu olsun, hər yerdə hər zaman özünü müdafiə edə bilsin.

Beləcə, Z nəslində “zon” sevgisi getdikcə şiddətlənir, uşaqlar “yatıb-çıxmaq”dan qorxmurlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR