İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüngülvari uçuş sərgüzəştləri

Jurnalistlər arasında “səfər qeydləri” deyilən bir yazı janrı var və o, taksiyə minib aeroporta getdiyi andan qeydə alınmağa başlayır – taksistlə ordan-burdan danışırsan, maraqlı olur.

Bu dəfəki sürücü cavan, ünsiyyətcil və mərifətli bir gənc idi. Söhbətimiz tutdu. Haralı olduğunu soruşdum.

Hələ onu qoyum, buna keçim ki, bir zamanlar qaralandığına, pis vərdiş kimi qələmə verildiyinə baxmayın, iki bir-birinə yad azərbaycanlının bir-birindən haralı olduğunu soruşması qədər gözəl bir şey yoxdur. Adam mütləq tanış, hətta qohum çıxır. Bunu soruşmasan, elə olar ki, çox yaxın bir adamınla, məsələn, babanın doğma qardaşının nəvəsi ilə tanış olmadan ayrılıb gedərsən.

Xüləs gəncdən haralı olduğunu soruşdum, “göyçəliyəm” dedi və əlavə etdi ki, Göyçə üzü görməyib, valideynləri ordandır, özü Bakıda doğulub-böyüyüb. Beş-altı dəqiqədən sonra o məndən haralı olduğumu soruşdu. Dedim. Oğlanın sifəti işıqlandı, dedi, sizin kənddən evlənmişəm, yoldaşım filankəsin qızıdır. Qohum çıxmasaq da, o, ailəvi yaxınlığımız olan adamın kürəkəni çıxdı. Mənzil başına pozitiv notlarla çatdıq. O, “vallah, qonaq ol, əmi” dedi, əmi də köhnə simsarlara salam göndərdi.

Təyyarəni gözləyəndə isə az qala münaqişəyə düşəcəkdim. Solumda oturan bir caydaq, saqqalı, slavyan mənşəli gənc telefonda nə oyunu oynayırdısa, ona uyğun yüksək templə ayağını titrədirdi və bütün skamya, rus demişkən, “drajeniya” verirdi. Bir-iki dəfə çönüb üzünə baxdım, diqqəti telefonda idi, sezmədi. Axırda mən də onun kimi etdim, gənc dərhal dönüb üzümə baxdı, gülümsədi, üzr istədi və daha ayağını tərpətmədi.

Yaxşı ki, onun yerində özümüzünkülərdən biri deyildi, dərhal deyəcəkdi ki, “nə olub, məllim, prablem vaar”. Mən də deyəcəkdim ki, bəli, var, narahat edirsən. O da deyəcəkdi ki, yaxşı eləyirəm, xoşun gəlmir, keç, o tərəfdə otur. Mən də onun üstündə kəsici-deşici alət olmadığına (aeroportdur axı) əmin olduğumdan deyəcəkdim ki, özünü ictimai yerdə ədəbli apar. Bu dəfə o, “vapşe, nə deyirsən e, sən” – deyəcəkdi. Bu sözün normal cavabının, əlbəttə, “canına azar deyirəm”dən başqa variantı yoxdur. Bax, bundan sonra adətən, tərəflər yaxalaşır, səs-küy, süpürləşmə, mühafizəçilər gəlir, protokol-mrotokol, düşürsən qara siyahıya.

Təyyarənin içində isə tək mən yox, başqaları da təmkinini mətanətlə qoruyaraq konfliktdən yayındılar. 33-35 yaşlı iki nəfər idi, paralelimdəki yerlərinə oturan kimi, göyərtə selfisi çəkdirdilər, paylaşdılar, sonra hərəsi yarım kilo qovrulmuş tum çıxarıb şaqqaşaq işə başladılar. Tumun spesifik iyi (çırtlayanların xoşi gəlsə də, başqaları sevmir) və qabığının şaqqıltısının səsi ətrafa yayılır, ən azı iki öndəki, iki arxadakı, iki də paraleldəki oturacaqlarda oturan 18+1 adamı narahat edirdi. Hiss olunurdu ki, bu qanacaqsız hərəkətə hamının acığı tutur. Amma heç kəs bir söz demirdi. Onlar da dədələrinin evindəki divanda oturub maraqlı futbola baxan azarkeşlər kimi tumdan çırtlayır, telefonda nəyəsə baxır, arada hırıldaşır, ya da irişirdilər. Bəlkə də kimsə onlara “tumu yığşdırın” desə, yığışdırardılar, amma bilmək olmazdı, biz ictimai yerlərdə söz götürmürük, iradları pis qarşılayırıq, ona görə də dava düşməs ehtimalı 50:50-yə idi. Dava isə heç kəsə lazım deyil. Çünki təyyarədə mübahisə edən heç kəsin başını sığallamırla, əksinə, dalaşqanın adını “arzuolunmaz sərnişin” qrafasına salarlar, quru yolların da bağlı olduğu dönəmdə olur “ölkə dustağı”. Mağıl, yenə dəvət olanda adam ildə bir-iki dəfə başqa yerə gedə bilir.

Gün gələcək, biz də beynəlxalq uçuşlarda özümüzü mərifətli, etiket qaydalarna uyğun aparmağı öyrənəcəyik. Bax, bir xeyli adam təyyarəyə şortiklə, çəkələklə minməyi öyrənib. Demək, irəliləyiş var. İntəhası, yeddi xəbərdarlıqdan sonra yalnız hər yeddi adamın biri telefonunu uçuş moduna keçirdi, yerdə qalanlar telefonun təyyarənin naviqasiya sisteminə mane olması barədə xəbərdarlığa qoz qoymadı.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR