 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            İran son zamanlar bölgədə reallaşan dəhliz layihələrindən kənarda qala biləcəyi qorxusunu yaşamağa başlayıb. Tehran üzdə bu məsələdə özünü tox tutsa da, arxa planda məsələnin ciddiyyətinin fərqini gizlədə bilmir.
Elə bu səbəbdəndir ki, İran mediasında mütəmadi olaraq dəhlizlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu “dəhliz müharibələri”nə hazır olmaq kimi təqdim edir. Bəziləri isə Türkiyə və Azərbaycanla birlikdə yeni imkanlar əldə edilməsinin mümkünlüyünü qeyd edirlər.
Tranzit məsələlər üzrə ekspert Məhəmmədmehdi Kərimi Qəhi bildirib ki, Tehran və Bakı arasında inkişaf edən tranzit diplomatiyası İranın Cənubi Qafqazda rəqibləri qarşısında mövqeyini qorumasına və regional tranzitdə strateji rolunu möhkəmləndirməsinə imkan yaradır.
Onun sözlərinə görə, Şimal-Cənub dəhlizinin canlandırılması üçün İran və Azərbaycanın əməkdaşlığı vacibdir. “Geosiyasi hadisələr ticarət yollarını dəyişsə də, Tehran və Bakı beynəlxalq müqavilələr və limanlarla əlaqəli birgə addımlar ataraq, Asiya və Avropa arasında tranziti asanlaşdıran marşrutlar hazırlayıblar”.
Kərimi vurğulayıb ki, Azərbaycan coğrafi mövqeyi ilə İranın dəmir yolu infrastrukturunda əsas tərəfdaşdır: “Son aylarda liman-dəmir yolu əməkdaşlığını inkişaf etdirmək üçün komitələr yaradılıb. Zəngəzur dəhlizi və digər regional aktorların mövcudluğu bəzi çağırışlar yaratsa da, aktiv tranzit diplomatiyası İranın bu sahədə üstün mövqeyini qoruyur”.
SEPAH-ın keçmiş komandanı, hazırda İranın dini lideri Əli Xamneyinin müşaviri Yəhya Rəhim Səfəvi isə dünyada dəhliz müharibələrinin başladığını iddia edib. O bildirib ki, dəhliz müharibəsi İranın yeni strateji təsir meydanına çevrilib. “Bu arenada strateji coğrafiyaya və güclü ictimai təhlükəsizliyə malik ölkələr əsas oyunçular olacaq. Bu gün Azərbaycanla, Türkiyə ilə sıx əlaqələrimiz var ki, bu yollarla Avropaya çıxışımız çox asanlaşıb. Bu imkanlardan geniş istifadə etməliyik”.

Rəşad Bayramov
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”da cənub qonşumuzun narahatlığının ortada olduğunu bildirdi: “Həqiqətən də hazırda dünyanın müxtəlif bölgələrində olan münaqişə və qarşıdurmaların əsas səbəblərindən biri dəhlizlər uğrunda mübarizədən qaynaqlanır. Çinin "Bir kəmər, bir yol" layihəsinin Şimal marşrutu üzərində Rusiya-Ukrayna savaşı, Cənub marşrutu üzərində Pakistan-Hindistan, Pakistan-Əfqanıstan qarşıdurması, “Bir kəmər, bir yol” layihəsinə alternativ olan Hindistanın Baharat yolunun Şərq dəhlizi üzərində Mumbaidə baş verənlər, Qərb dəhlizi üzərində İsrail və Fələstin qarşıdurması və ya Qırmızı dəniz kimi strateji ticarət marşrutu üzərində husilərlə olan qarşıdurma və s. buna əyani misaldır. Başqa sözlə desək, dəhlizlər uğrunda mübarizə istər-istəməz bəzi nöqtələrdə münasibətləri gərginləşdirir və bu da toqquşmalara, müharibələrə meydan açır.
Konkret İrana və bu ölkənin dəhliz layihələrindən kənarda qalma qorxusuna gəldikdə isə, Tehranın narahatçılığı ortadadır. 2023-cü ildə Hindistanda keçirilən G20 sammitində ABŞ, BƏƏ, Səudiyyə Ərəbistanı və İsrail liderləri arasında çox önəmli bir müqavilə imzalanmışdı. Müqavilə İranın da iddialı olduğu Baharat yolu layihəsinin taleyini müəyyənləşdirdi. Bu müqavilə ilə İranın Oman dənizi-Qara dəniz marşrut xətti üzərindən xətt çəkildi. Hindistandan başlayan, İran-Mesopotamiya-Suriya-Türkiyə-Aralıq dənizi ilə keçən Baharat yolunun bundan sonra Hindistan-BƏƏ-Səudiyyə Ərəbistanı-İordaniya-İsrail-Yunanıstan üzərindən Avropaya çıxması razılaşdırıldı. Sözsüz ki, bu layihə İranı qlobal nəqliyyat dəhlizlərindən kənarda qoymaq demək idi və Tehran buna seyrçi qala bilməzdi. Elə HƏMAS-İsrail qarşıdurması da məhz bu fonda ortaya çıxdı.
İndi haqqında danışılan Şimal-Cənub dəhlizi də Asiya ilə Avropa arasında ən mühüm ticarət və logistika marşrutlarından biri olmaqla Hindistandan başlayaraq İrana, oradan da Azərbaycana keçir və İran üçün xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdəndir ki, İran tərəfi Şimal-Cənub dəhlizinin canlandırılması üçün Azərbaycanla əməkdaşlığı bu qədər vacib hesab edirlər. Həm Çinin “Bir kəmər, bir yol” layihəsinin Orta yol marşrutu, həm də Hindistanın Baharat dəhlizinin Cənub-Şimal marşrutunun bizim ölkəmizdən keçməsi bu məsələlərdə Azərbaycanın mövqeyini gücləndirir".
Politoloq onu da qeyd etdi ki, Azərbaycan öz ərazisindən keçən dəhlizlərin fəaliyyətinin artırılması üçün böyük infrastruktur layihələri həyata keçirib: “Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da bu təşəbbüslərin nəticəsidir. Eləcə də Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair xeyli işlər görüb, Astaraçay üzərində avtomobil və dəmir yolu körpüləri tikilib, İranın Astara şəhərində tikintisi Azərbaycan tərəfindən həyata keçirilən Cənub Yük Terminalı yekunlaşmaq üzrədir. Horadiz-Ağbənd dəmir və avtomobil yolunun tikintisinin isə gələn ilədək yekunlaşdırılması planlaşdırılır. Dəhlizin cənub xəttində də əlavə infrastrukturların yaradılması, dəmir yolu xətlərinin əsas marşruta birləşdirilməsi və digər infrastruktur təminatları işləri də aparılmaqdadır. Belə ki, cənubdan daxil olan yük axınlarını qarşılamaq üçün İran və Azərbaycan öz dəmir yollarını tam birləşdirməyi qərara alıb və bu məqsədlə 167 km uzunluğunda Astara-Rəşt dəmir yolunun tikintisi nəzərdə tutulur.
Başqa sözlə, strateji coğrafi mövqeyi və infrastrukturu Azərbaycanı regionda olduqca vacib oyunçuya çevirib ki, İran da bununla barışmaq məcburiyyətindədir".

Mübariz Göyüşlü
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü isə deyib ki, İranın və yaxud hansısa region dövlətinin Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirəcək, iqtisadi, ticarət, logistika imkanlarını genişləndirəcək layihələrdən, dəhlizlərin işə düşməsindən qorxmasına gərək yoxdur: “Azərbaycanın gerçəkləşdirməkdə olduğu Zəngəzur dəhlizi və digər bu istiqamətdə olan layihələr regionda gərginliyə deyil, sülhə və perspektiv inkişafa istiqamətlənmiş uğurlu və qlobal miqyaslı proyektdir. Düşünürəm ki, İran və digər qonşu ölkələr Zəngəzur dəhlizindən nəinki qorxmalı və ona qarşı cəbhə almalıdır, hətta bunun gerçəkləşməsinə dəstək olmalıdır.
İran mediasında dərc olunan xəbərlər, məqalələr, açıqlamalar bu ölkənin hakimiyyətindəki mühafizəkar və Azərbaycana qarşı mənasız düşmənçiliyi sürdürməyə meylli olan hərbi-siyasi, marginal qrupların nümayəndələrinin tezisləridir. Həmin qruplar hər vəchlə Azərbaycana qarşı düşmənçiliyi sürdürməyə meylli görünürlər. Bu siyasət İran üçün müsbət məqamlar vəd etmir. Amma İran hakimiyyətində başqa bir qrup da var ki, onlar rəsmi Bakı ilə münasibətləri normal saxlamağa, hətta inkişaf etdirməyə meylli görünürlər. Məncə, bu qrupun təklif və davranışları daha doğrudur və bu siyasət İranı daha faydalı məqamlara gətirib çıxara bilər.
İran daxilindəki marginal və radikal qrupun anti-Azərbaycan siyasətinin bizə çox böyük bir təhlükə yarada biləcəyinə inanmıram. Əlbəttə, bu və ya digər addımlar və qərarlar iki ölkə arasındakı vəziyyəti bir sıra məqamlarda gərginləşdirib, bir sıra məqamlarda isə hətta çıxılmaz duruma belə salıb. Amma bu addımlar Azərbaycanı yolundan döndərə və bizi saxlaya bilməyib. Ona görə də o qrupun bundan sonrakı çalışmaları da faydasız olacaq və bundan Azərbaycanın böyük bir təhlükə ilə qarşılaşacağına da inanmıram".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ