İnsanlara hürriyət, millətlərə istiqlal!

İnzibati məhkəmə bu il də rekord "vurur"  

2025-ci ilin cəmi on ayında Bakı İnzibati Məhkəməsində baxılan işlərin sayı 18 mini keçib. İlin sonuna bu rəqəmin 20 min həddini aşacağı artıq demək olar ki, dəqiqdir.

Musavat.com-a mövzunu şərh edən tanınmış vəkil Cavad Cavadov deyib ki, bu, sadə rəqəmlər deyil:

"Bu, dövlət idarəçiliyinin keyfiyyətinə verilən hüquqi qiymətdir. İnzibati məhkəmələrin bu qədər yüklənməsi, əslində, vətəndaşların və hüquqi şəxslərin haqlarını yalnız məhkəmə yolu ilə müdafiə edə bildiklərini göstərir. Halbuki, ədalətli idarəetmə sistemi olan ölkədə vətəndaş məhkəməyə son çarə kimi müraciət etməlidir, birinci addım kimi yox. Daha acınacaqlısı odur ki, bu qədər çox sayda işin əksəriyyəti inzibati orqanların əleyhinə təmin olunur. Yəni dövlət qurumları qərar qəbul edərkən qanunun tələblərini, vətəndaşın hüquqlarını və məhkəmə təcrübəsini kifayət qədər nəzərə almırlar".

Cavad Cavadov deyib ki, bu vəziyyətin özü artıq sistemli məsuliyyətsizliyin bariz göstəricisidir:

"Vətəndaş bir sənədin düzəldilməsi, bir icazənin alınması və ya haqsız cərimənin ləğvi üçün aylarla, bəzən illərlə məhkəmə qapısında qalır. Halbuki bu məsələlər inzibati orqan səviyyəsində, daxili nəzarət mexanizmləri vasitəsilə həll edilə bilər".

Cavad Cavadov  Avropa təcrübəsinə diqqət çəkir: "Avropada vəziyyət tam fərqlidir. Məsələn, Almaniyada inzibati qərarların təxminən 90 faizi vətəndaşın məhkəməyə müraciətinə ehtiyac qalmadan, daxili nəzarət və korrektə mexanizmləri vasitəsilə həll olunur. Dövlət orqanı öz səhvini özü düzəltməyə borcludur. Fransada isə “Conseil d’État” həm məsləhət, həm nəzarət orqanı kimi fəaliyyət göstərir. İnzibati qərar qəbul olunmamışdan öncə bu qurumun hüquqi rəyi nəzərə alınır. Nəticədə, vətəndaşla dövlət arasında mübahisələrin əksəriyyəti məhkəmə mərhələsinə çatmır. Niderland və İsveç kimi ölkələrdə isə güclü ombudsman institutları fəaliyyət göstərir. Vətəndaş birinci növbədə məhz həmin müstəqil qurumlara müraciət edir və yalnız ədalətsizlik aradan qaldırılmadıqda məhkəməyə gedir. Bu ölkələrdə hüquq sistemi məhkəmələrin üzərinə yük atmaq üçün deyil, mübahisəni yaranmadan həll etmək üçün qurulub. Azərbaycanda isə əksinədir. İnzibati orqanların çoxu “öz səhvini” düzəltmək istəmir. Vətəndaşın şikayəti eyni qurumun başqa şöbəsinə yönləndirilir, nəticədə isə dövlət “öz-özünü” yoxlayır. Bu isə hüquqi dövlət prinsipinə ziddir.

Nəticə etibarilə, hər bir qanunsuz imtina, əsassız inzibati cərimə, formal rədd cavabı sonda məhkəmələrin üzərinə əlavə yük kimi düşür. Bu yük artdıqca, nə hakimlər ədaləti vaxtında təmin edə bilir, nə də vətəndaş məhkəmə qərarını həyatında real nəticəyə çevirə bilir. Heç bir ölkə məhkəmə sistemi hesabına idarəetmə keyfiyyətini xilas edə bilməz.

Ədalət sadəcə qərar vermək deyil. Ədalətsizliyin qarşısını almaqdır. Dövlət orqanları başa düşməlidirlər ki, hər haqsız qərarın nəticəsi sonda yalnız vətəndaş üçün deyil, həm də dövlətin nüfuzu üçün ağırdır".

Cavad Cavadov bildirib ki,  hər bir məmur qəbul etdiyi inzibati qərara görə hüquqi və reputasiya məsuliyyəti daşımağa başlasa, nə 18 min iş olacaq, nə də məhkəmələr bu qədər yüklənəcək: "O zaman məhkəmə ədalət axtaran son ümid yeri yox, hüququn təntənəsini təsdiq edən mərhələ olacaq".

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR