 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Ermənistan Milli Məclisinin sədri Alen Simonyan iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlaya biləcəyini istisna etməyib.
 
Musavat.com-un məlumatına görə o bildirib ki, yaxın vaxtlarda Azərbaycan nümayəndə heyətləri Ermənistana, erməni nümayəndə heyətləri isə Azərbaycana səfər edə bilər.
Simonyan vurğulayıb ki, bu təmaslar regionda etimad mühitinin formalaşması üçün mühüm addımdır:
“Əlbəttə, müzakirə olunmalı məsələlər var — xüsusilə hərbi əsirlər (erməni separatçılarını nəzərdə tutur- Red.) məsələsi çox ciddi problemdir. Amma təmaslar davam edəcək, biz onları dərinləşdirəcəyik. Mən ‘biz’ deyəndə, Azərbaycan tərəfinin də bu fikri paylaşdığını nəzərdə tuturam. Buz tərpəndi,” — deyə Simonyan qeyd edib.
Parlament sədri əlavə edib ki, tərəflər arasında dialoqun intensivləşməsi bölgədə sülhün bərqərar olması baxımından vacibdir. Onun sözlərinə görə, qarşılıqlı səfərlər və müzakirələr sülh müqaviləsinin imzalanmasına doğru atılmış praktik addımlar ola bilər.
Simonyan həmçinin Azərbaycanın Avronest Parlament Assambleyasının 12-ci plenar sessiyasında iştirak etməməsini və Prezident İlham Əliyevin 2026-cı ilin mayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi (EPC) sammitinə qatılmağı planlaşdırmamasını da şərh edib. O deyib ki, bu qərarların arxasında sülh müqaviləsinin hələ imzalanmaması dayanır.
Ermənistan parlament rəhbərinin sözlərinə görə, rəsmi İrəvan sülh gündəliyinə sadiqdir və gələcəkdə diplomatik dialoqun intensivləşməsi üçün hər iki tərəfdən siyasi iradə nümayiş etdirilməlidir.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ