İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunan Kipri Xankəndi separatçıları ilə qardaşlaşır - Bakının reaksiyası…

Əhəd Məmmədli: “Azərbaycan ilk öncə etiraz notası verməlidir, həm yunan Kiprinə, həm də...”

Elçin Mirzəbəyli: “Yunan Kipri beynəlxalq münasibətlər sistemində heç bir önəmi olmayan “ofşor dövlətdir”

Azərbaycan ərazilərində məskunlaşan separatçı rejimin nümayəndələri Kipr adasının yunan hissəsinə səfərə gediblər. Nümayəndə heyətinə özünü “parlamentin spikeri” adlandıran Artur Tovmasyan başçılıq edir.

Kipr Erməni Milli Komitəsinin təşkilatçılığı və sponsorluğu ilə baş tutan səfər zamanı Tovmasyan Lefkoşa meri Konstantinos Yorkajis, Kipr parlamentində erməni separatçıları ilə qondarma “dostluq qrupu”na rəhbərlik edən Eleni Teoxarus və Averof Neofiti ilə görüşüb. “Spiker” Tovmasyan Kipr Erməni Milli Komitəsi tərəfindən rəsmən dəvət olunub. Bu isə o deməkdir ki, bu “səfər” Kipr hökumətinin birbaşa dəstəyi və himayəsi sayəsində mümkün olub, yəni əslində rəsmi səfərdir.

Bəs Azərbaycan bu cür təxribatlara necə cavab verə bilər? 

Separatçı rejimin bu cür qeyri-qanuni səfərlərinə şərait yaradan digər ölkələrdən fərqli olaraq, Azərbaycanın Kiprdə daha çox təsir rıçaqları var. Söhbət  adanın türk hissəsində 50 ilə yaxındır mövcud olan tanınmamış Şimali Kipr Türk Respublikası ilə potensial əlaqələrdən gedir. Azərbaycan bu məsələdə illərdir beynəlxalq hüququn prinsiplərinə əməl etsə də, Yunanıstan tərəfi separatçılarla təmaslarını dayandırmır və onları müdafiə etməkdə davam edir. Bu halda Bakının reaksiyası necə olmalıdır? Şimali Kiprin müstəqilliyinin tanınması, yoxsa əlaqələrin daha yüksək səviyyəyə qaldırılması vacibdir?

Əhəd Məmmədli: "İndi gördünüzmü Türkiyədən bizə nə?!"

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli rəsmi Bakının Qarabağ məsələsini tam həll edəndən sonra Kipr türklərinin müstəqilliyini tanımasını uyğun sayır: “Azərbaycan ilk öncə etiraz notası verməlidir, həm yunan Kiprinə, həm də Yunanıstana. Paralel olaraq da Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələri qurmalıyıq, möhkəmləndirməliyik. Özü də təkcə bu münasibətlər təkcə mədəniyyət səviyyəsində olmamalıdır. Xankəndi və ətrafı nəzarətə götürüləndən sonra isə rəsmi Bakı Kipr türklərinin cümhuriyyətinin müstəqilliyini tanımalıdır. İndiki məqamda hələ də kiprızlı   türk qardaşlarımızın müstəqilliyini tanımamağımızın obyektiv səbəbi var. Tam məsələlərimizi Ermənistanla aydınlaşdırıb nöqtə və ya nida qoyandan sonra Azərbaycan Kiprızı tanımalıdır. Zatən rəsmi Ankara da bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin dünya ölkələri tərəfindən tanınması yönündə addımlar atacaq. Türkiyədən sonra Şimali Kipr Türk Cümhuriyyətinin qardaş Azərbaycan tərəfindən tanınması həm də simvolik olardı. Bu yöndə artıq rəsmi Bakı addımlarını atmalıdır. Bu ilin sonuna qədər Xankəndi və ətrafı, Laçın dəhlizi üstündə rəsmi Bakı yurisdiksiyasını bərpa edəndən sonra, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyi bizim tərəfimizdən tanınmalıdır”.

Elçin Mirzəbəyli — Vikipediya

BAXCP sədrinin müavini, əməkdar jurnalist, politoloq Elçin Mirzəbəyli bu məsələyə bir o qədər də önəm verilməsini vacib saymır: “Yunan Kipri, fəaliyyəti yalnız Avropa Parlamentindəki deputatları vasitəsilə Türkiyə və Azərbaycan əleyhinə kampaniyaların “üz qabığı” olmaqdan başqa beynəlxalq münasibətlər sistemində heç bir önəmi olmayan “ofşor dövlət”dir. Bir qayda olaraq, Avropa Parlametində və digər Avropa təsisatlarında Azərbaycan və Türkiyə əleyhinə hansısa qarayaxma kampaniyasına “ehtiyac” duyulanda, bu “ofşor ölkə”nin təmsilçilərini önə verirlər və bütün çirkli işləri onlara gördürürlər. Yəni yunan Kipri bu gün beynəlxalq maliyyə sistemində hansı çirkli funksiyanı həyata keçirirsə, siyasətdə də eyni missiyanı gerçəkləşdirir. Bu baxımdan, sözügedən “ofşor ölkə”nin erməni təxribatlarının içərisində yer almasına və milçək kimi ürək bulandırmasına bir o qədər də önəm vermək lazım deyil. Yunan Kiprinin Ermənistanla və separatçıların tör-töküntüləri ilə yenidən “sıx əlaqə” qurmaq niyyətinin arxasında isə bu ölkədəki Rusiya biznesinin qarşılaşdığı problemlərlə və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalarla bağlıdır. Qeyd edim ki, hazırda yunan Kiprində yaşayan rusların sayı bu ölkənin əhalisinin 6%-ni təşkil edir – təxminən 72,5 min nəfər. Rusiya vətəndaşlarının bu ölkədəki investisiyalarının həcmi son 10 ildə 9,5-20 milyard avro arasında dəyişib. Bu ilin fevralın 25-dən Aİ ittifaq ərazisindəki banklarda Rusiya vətəndaşlarının depozitləri üçün maksimum 100 min avroluq hədd müəyyənləşdirdiyinə görə, Kiprin bank və maliyyə sektorunda ciddi problemlər yaranıb. Bu sıraya Rusiya vətəndaşlarının qiymətli kağızlar bazarına çıxışının yasaqlandığını da nəzərə alsaq, “ofşor dövlət”in durumu haqqında real təsəvvürümüz yarana bilər. Xatırladım ki, Rusiyaya və rus biznesinə tətbiq edilən sanksiyalar səbəbindən yunan Kiprinin büdcəsindəki defisit son 17 ilin maksimum həddinə çatıb və Aİ ekspertlərinin rəyinə görə, 2022-ci ildə defisit 5,5% təşkil edəcək. Məhz bu baxımdan da, Rusiya biznesi Kipr ərazisində öz maraqlarını Ermənistan vasitəsilə təmin etməsi ehtimalı kifayət qədər böyükdür. Hazırda yunan Kiprində 4 min nəfərə yaxın erməni yaşayır və onların böyük əksəriyyəti bank-maliyyə sektorunda çalışırlar. Məlum olduğu kimi, sanksiyaların təsir altına düşən Rusiya şirkətlərinin bir hissəsi öz bizneslərini Ermənistana köçürüblər və Ermənistanda yaratdıqları şirkətlər vasitəsilə xarici maliyyə bazarlarına çıxmağa çalışırlar. Belə bazarlardan biri də Rusiya şirkətlərinə yaxşı tanış olan yunan Kipridir. Rusiyalı iş adamlarının forpost ölkənin pasportunu alaraq, öz vəsaitlərini Kipr banklarında yerləşdirmələri üçün də, düşünürəm ki, heç bir problem yoxdur. Yəni yunan Kiprinin ermənilərlə “qardaşlaşması”nın səbəblərindən biri ortaq türk düşmənçiliyi ilə bağlıdırsa, digər səbəbi də, özünü hələ SSRİ dövründən büruzə verən Rusiya faktoru, SSRİ-nin süqutundan sonra isə təşviq edilən rus biznesi ilə ilə bağlıdır. Şimali Kiprin müstəqilliyinin tanınması məsələsinə gəldikdə isə düşünürəm ki, bizim Kipr türklərinə olan böyük sevgimizə baxmayaraq, belə bir yanaşma Azərbaycanın xarici siyasətinin prioritetləri ilə ziddiyyət təşkil edir. İqtisadi əlaqələrə gəldikdə isə hazırda bir çox ölkələr Şimali Kipr Türk Cümhuriyyəti  ilə işbirliyindədirlər. Hətta Rusiya vətəndaşları da bu ölkədə biznes qurublar və qeyri-rəsmi məlumatlara görə, hazırda Şimali Kipr Türk Cümhuriyyətində 3 min nəfərə yaxın rus və ya Rusiya vətəndaşı yaşayır”.

Cavanşir ABBASLI

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR