İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolumuzu yol edənlər - Avtomobil yolu işçilərinin peşə bayramıdır

Bu gün Azərbaycanda avtomobil yolları işçilərinin peşə bayramıdır. Bayramın əsası Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə qoyulub.

ferman.jpg (61 KB)

Artıq 15 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verən səviyyədə yenidən qurulmasıdır. Bu prioritetin icrası məqsədilə Azərbaycan büdcəsindən hər il böyük həcmdə vəsaitlər ayrılır. Həmin vəsaitlər hesabına Azərbaycanda dünya standartlarına uyğun səviyyədə, yüksək keyfiyyətli avtomobil yolları salınır. Təsadüfi deyil ki, Davos İqtisadi Forumu kimi nüfuzlu qurum Azərbaycanın avtomobil yollarını dünyanın ən keyfiyyətli yolları sırasına daxil edib.

03e9e360-94da-3f53-9097-eb8c97ce7aa3_850.jpg (73 KB)

Məlumat üçün qeyd edək ki, ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. 

eed30d76-dd1f-3915-8a82-97dc0ed1448a_850.jpg (90 KB)

Hazırda Agentliyin balansında 1532 ədəd körpü, ümumi istifadədə olan 17755 km uzunluqda avtomobil yolu var ki, bunun da  4538 km-i Respublika əhəmiyyətli, 13217 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.  

AAYDA tərəfindən 2022-ci il ərzində 803,5 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Bunun 234,3 km-i respublika əhəmiyyətli, 398 km –i yerli əhəmiyyətli​, 171,2 km-i isə Bakı şəhər yollarıdır.

2020-2021-ci illərdə tikintisinə və yenidən qurulmasına başlamış Ucar, Qəbələ, Hacıqabul, Goranboy, Daşkəsən rayonları ərazisində yerləşən ümumi uzunluğu 191 km olan, 56,8 min nəfər əhalinin yaşadığı 35 yaşayış məntəqəsinin birləşdirən 5 kəndlərarası avtomobil yolu layihəsi, habelə Abşeron, Ağstafa, Biləsuvar, Saatlı, Yevlax, Qazax, Bərdə, Neftçala və Cəlilabad rayonları ərazisində yerləşən ümumi uzunluğu 111,5 km olan, 97,2 min nəfər əhalinin yaşadığı 32 yaşayış məntəqəsinin birləşdirən 9 kəndlərarası avtomobil yolu layihəsi 2022-ci ildə başa çatdırılaraq əhalinin istifadəsinə verilib.

Bundan əlavə, Yevlax şəhəri ərazisində Mingəçevir şəhəri ilə Yevlax Pilot Aqroparkını birləşdirəcək 9,3 km uzunluğunda avtomobil yolunun tikintisi, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Neftçala rayonu ərazisində uzunluğu 10 km olan Neftçala -Xol Qaraqaşlı-Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad-Neftçala və Bankə-Beştalı və Qax rayonu ərazisində uzunluğu 1,1 km olan Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması da başa çatdırılıb.

130c03eb-db05-32fe-8469-50c100059e95_850.jpg (160 KB)

2022-ci ildə Ağsu, Beyləqan, Xaçmaz, İmişli, Qax, Masallı, Siyəzən və Zaqatala rayonları ərazisində ümumi uzunluğu 235,7 km olan, 114,3 min nəfər əhalinin yaşadığı 78 yaşayış məntəqəsinin birləşdirən 8 kəndlərarası avtomobil yolu layihələrinin icrası isə davam etdirilib.

2022-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında  4 körpü  təmir edilib, Bak-Şamaxı-Yevlax magistral yolunun 14,9, 18,5, 25-ci km-də, Xocasən-Lökbatan yolunda yeni açılan “Xocasən” metro stansiyasının yanında və Zığ-Hövsan avtomobil yolunun 1,7 -ci  km-də olmaqla 5 yerüstü piyada keçidinin tikintisi başa çatdırılıb. 

Ötən il Bakı şəhəri və onun 12 rayonunda ümumi uzunluğu 171,2 kilometr olan 1 avtomobil yolu və 124 şəhər əhəmiyyətli, habelə  qəsəbə daxili  küçələrin yenidən qurulması və əsaslı təmiri işləri də başa çatdırılıb. Ümumi uzunluğu 33,6 km olan 65 küçədə isə orta təmir işləri aparılaraq yekunlaşdırılıb.

c8a224ae-b93b-4df1-8225-664f206c1fbb_850.jpg (117 KB)

AAYDA büdcə vəsaitlərindən əlavə, daxili vəsaiti hesabına da geniş işlər həyata keçirib. Bunlardan Şamaxı şəhərində ümumi uzunluğu 36,1 km təşkil edən şəhərdaxili küçələrin əsaslı təmiri, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun uzunluğu 47,2 km təşkil edən Oğuz-Şəki hissəsinin yenidən qurulması və uzunluğu 13,7 km olan Sumqayıt-Hacı-Zeynalabdin Tağıyev avtomobil yolunun tikintisi başa çatdırılıb.

Ötən il Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 53-119 km sahəsində, uzinluğu 66 km təşkil edən Quba-Bakı istiqamətindəki hərəkət hissəsinin deformasiyaya uğramış beton örtüklü yol geyimi sökülərək asfalt-beton örtük tikilməklə yenidən qurulması işləri də başa çatıb.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun (150 km,  4 hərəkət zolaqlı), “Ağ şəhər“ layihəsi çərçivəsində 8 Noyabr prospektində piyada körpüsünün, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun (Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə birlikdə) tikintisi işləri davam etdirilib.       

Azərbaycan avtomobil yolu işçilərinin işğaldan azad olunan ərazilərdə yolların salınması sahəsində gördüyü böyük işlər də diqqətəlayiqdir. Azad olunan ərazilərdə ən böyük yol layihələrindən biri Füzuli rayonundan Şuşa şəhərinə çəkilən “Zəfər” yoludur. Uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu”  Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

“Zəfər yolu”nun tikintisi artıq başa çatıb və Prezident İlham Əliyev 2022-ci il noyabrın 7-də Şuşaya səfəri çərçivəsində yolun açılışını edib. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli  şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi və Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır.

z2.jpg (78 KB)

Əvvəllər bu yol olmayıb. Vətən müharibəsində Azərbaycan əsgərinin canı və qanı bahasına açdığı cığırdı bu yol. Böyük Qələbədən 8 gün sonra - noyabrın 16-da qalib Sərkərdə kimi Füzuli və Cəbrayıla səfəri zamanı İlham Əliyevin “Zəfər yolu” adlandıraraq təməlini qoyduğu bu yolla indi qürurla irəliləyərək mədəniyyətimizin paytaxtı Şuşaya, Cıdır düzünə qalxmaq olur. Qüdrətli Azərbaycan dövləti 101.9 kilometrlik dağlıq ərazilərdən keçən yolu cəmi bir ilə çəkib başa çatdırıb.

Hazırda Şuşa şəhərinə ikinci və ən müasir tələblərə cavab verən ikinci yolun çəkilişi davam etdirilir. Əhmədbəyli-Füzuli-Şuşa yolunun təməli 2021-ci ilin yanvarında qoyulub. Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək. Bundan başqa, yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulub.

Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Sözügedən avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı tərəfindən tikintisi aparılan 0-17 və 17-34-cü km-lik hissələri, “AZVİRT” MMC-in inşa etdiyi 34-51-ci km-lik hissə və Türkiyənin “Kolin İnşaat” şirkəti tərəfindən inşası aparılan 51-84.6 km-lik hissəsidir.

64682d3e-3452-3d6b-adfb-671eac82b7af_850.jpg (161 KB)

Yol başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. ​

İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri  də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80.7 km təşkil edir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Yolun Murovdağ silsiləsi hissəsində dağın altından 11.7 km-lik tunel tikilir. Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə yol boyu ümumi uzunluğu 15 km-ə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Azad olunan bölgələrdə sürətlə icra olunan daha bir yol layihəsi Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

6e77f3df-43a1-3939-b2dd-f6fc0a70a59d_850.jpg (95 KB)

Tikintisi davam etdirilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Yol 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Azərbaycan hökuməti Bərdə şəhərindən Ağdama qədər dəmiryolu ilə yanaşı, yeni avtomobil yolunun da tikintisinə başlayıb. Yolun uzunluğu 44,5 kilometr təşkil edəcək. Yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun isə uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

17f80912-cb69-3090-a341-9ed2e26845c0_850.jpg (135 KB)

Azad olunmuş ərazilərimizdə həyata keçirilən daha bir yol layihəsi Kəlbəcər-Laçın avtomobil yoludur. Bu yol üzərində ümumilikdə 12 tunel, 26 körpü olacaq ki, bu da mövcud 109 km-lik yolun 33 km qısalaraq 76,3 km-ə düşməsinə imkan yaradacaq. Bundan əlavə, Kəlbəcər və Laçın rayonlarının dağlıq relyefi nəzərə alınmaqla, rayondaxili yolların çəkilişinə də başlanıb. Bu rayonların ərazisində yol infrastrukturunun tikintisi layihəsi çərçivəsində IV texniki dərəcəli, 2 hərəkət zolaqlı 30 km yolun tikintisi nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR