İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolları qana boyayan əsas səbəblər - ara məsafənin gözlənməməsi, sürət, dodaq boyamaq, SMS yazmaq...

Sükan arxasında məsuliyyətsizlik ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına zəmin yaradır.

Musavat.com xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ötən gün yaydığı məlumatında deyilir.

Qeyd olunub ki, görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən, yaxud avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə vərdişkar olan sürücülərə rast gəlinir. Məlumata görə, bir gün əvvəl respublika üzrə qeydə alınan 4 yol-nəqliyyat hadisəsindən 3-ü toqquşma xarakterli olub ki, həmin qəzaların hər biri məhz arxada hərəkət edən avtomobilin öndəki nəqliyyat vasitəsilə toqquşması səbəbindən baş verib:

"Bununla yanaşı, həmin qəzaların ayırıcı və bir neçə hərəkət zolaqlarına malik avtomagistrallarda qeydə alınması, sözügedən yol-nəqliyyat hadisələrini törədən sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından, ara məsafəsini düzgün seçməmələrindən xəbər verir".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə biganə yanaşmamağa çağırır.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, bir-birini təkrarlayan qəzaların müxtəlif səbəbləri ola bilər:

“Ara məsafənin gözlənilməməsi Azərbaycanda sürücülərinin əsas səhvlərindən biridir. Düzdür, əksəriyyət ara məsafəni saxlamağa çalışır. Çox təəssüf ki, elə sürücülər də var ki, ara məsafəni fürsət bilən, ötmə əməliyyatı yerinə yetirməklə ara məsafələrə idarə etdiyi nəqliyyat vasitəsini yerləşdirən sürücülərimiz də az deyil. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsi ara məsafəsinin saxlanılmasını ehtiva edir. Məsələn, fevralın sonunda Bakıya güclü qar yağması nəticəsində avtomobil qəzalarının sayı birə 10 artdı. Bəzi sürücülər yolun buzlu, sürüşkən olmasını nəzərə almırdılar. Ümumiyyətlə havanın yağmurlu olması “tormoz yolu”nun uzanmasına gətirib çıxarır. Çox təssüf ki, sürücülər buna diqqət yetirmirlər və ehtiyatlı davranmırlar. Nəticədə qəzaların sayı artır.

Qanunda ara məsafəsi ilə bağlı konkret bir tələb yoxdur. “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. Yəni, hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən aslı olaraq müəyyən edilməlidir. Avtomobil 60 km/saat sürətlə hərəkət edirsə, onun 1 saniyədə getdiyi yol 16-17 metr təşkil edir. Ona görə də bu sürətli avtomobil qarşısındakı maşınla orta hesabla 34 metr ara məsafəsi saxlamalıdır. 90 km/saat sürətlə gedərkən ara məsafəsi 50 metr, 120 km/saat sürətlə isə 67 metr ara məsafəsi olmalıdır.

Bundan başqa, sürücü minimum sürət göstəricisinin yarısı qədər ara məsafəsi saxladığı zaman avtomobili arxayınlıqla idarə edə bilər. Nəqliyyat vasitəsi 90 km/saat sürətlə hərəkət edirsə, 45 metr ara məsafəsi gözlənilməlidir”.

Natiq Ələsgərov şəhərdaxili ara məsafələrion saxlanılması qaydasından da danışıb: “Sürücülər tıxaclarda 1-2 metr ara məsafəsi saxlayırlar. İlk baxışdan təhlükəli görünməsə də, qarşıda kiçik toqquşma tıxaclarda xeyli avtomobilin iştirakı ilə zəncirvari qəzalara səbəb olur. Ona görə, hər bir halda təhlükəsiz hərəkət üçün düzgün ara məsafəsi saxlanılmalıdır. Şəhər içində ara məsafəsi elə saxlanılmalıdır ki, sürücü qarşıdakı avtomobilin altındakı asfalt örtüyü görə bilsin”.

Natiq Ələsgərov sutkanın gecə saatlarında, görmə məsafəsi azaldıqda sürətin düzgün seçilməli olduğunu da diqqətə çatdırıb: “Məsələn, avtomobilin yaxın işıqları 50 metr olduğu halda gecə saatlarında 60 km/saat sürət deyil, daha aşağı sürət həddinə riayyət olunmalıdır. Sürətin görmə məsafəsinə uyğun olaraq seçilməsi yola qəflətən maneə çıxması və ya qarşıdakı avtomobilin qəflətən dayanması zamanı sürücüyə manevr etməyə imkan verir. Sürücü avtomobili dərhal saxlaya bilər və yaxud qəzadan yayınma imkanı qazanar. Hərəkətin təhlükəsizliyini təmin etməklə, ara məsafəsi saxlanılmalıdır”.

Natiq Ələsgərov qeyd edib ki, yüksək sürət, nəqliyyat vasitəsinin texniki nasazlığı, sürücü və ya piyadanın qayda pozuntusuna yol verməsi və s. hallar yol-nəqliyyat hadisələrinin baş verməsinə yol açır: “Bu gün dünyada baş verən yol-nəqliyyat hadisələrində ölən və yaralananlar az qala müharibələr zamanı baş verən itkilərlə ayaqlaşır. Hər il təxminən milyon yaram insan yol qəzalarının qurbanı olur. Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasına daxil edilib. Son illərdə ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmini istiqamətində xeyli tədbirlər görülüb. Amma problemlər də az deyil. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün ilk nbövbədə hadisələrin başvermə səbəbləri müəyyən olunmalıdır. Bu gün qəzaların baş verməsində sürət həddini aşma əsas amil kimi göstərilir. Yol infrastrukturu elə qurulmalıdır ki, sürət həddi yüksək olsun, amma təhlükəsizlik məsələsi də həllini tapmalıdır. Yollar sürətli və təhlükəsiz olmalıdır. Bu gün şəhər daxili yollarda sürət həddi 60 və daha aşağıdır. Yollar inşa olunarkən təhlükəsizlik məsələsi xüsusi olaraq nəzərə alınmalıdır”.

Natiq Ələsgərov deyir ki, qəzaların əsas səbəblərindən biri də sürücülərin sükan arxasında telefondan istifadə etmələridir: “Məsuliyyətli sürücü sükan arxasında heç vaxt diqqəti yayındıran hərəkətlərə yol vermir. Əlində telefonda mesaj yazıb nəqliyyat vasitəsini idarə etmir. Hətta təcili zəng daxil olsa belə zəngi cavabsız qoyacaq və ya avtomobilini yolun kənarında saxlayaraq, gələn zəngə sakit şəraitdə cavab verəcək. Beynəlxalq praktikada telefonla danışa-danışa və ya SMS yaza-yaza avtomobil idarəsi huşsuz idarəetmə adlandırılır. Diqqəti yoldan yayınan sürücü ətrafda olan hərəkət iştirakçıları üçün potensial təhlükədir. Sükan arxasında hər zaman son dərəcə diqqətli olmalıyıq! Yolda sükan arxasında olan xanımlar şokolad yeməyi və ya dodaqlarını boyamağı çox sevirlər. Qadınların törətdiyi yol-nəqliyyat hadisəsinin əsas səbəbkarlarından biri də dodaq boyası olur. Sosial şəbəkələrdə gün keçirən həvəskarları xüsusi olaraq ayrıca qeyd etmək lazımdır. Bir çox sürücünün avtomobilində panel üzərində planşet və ya smartfon var. Onların vasitəsi ilə sürücülər aktiv şəkildə kimlərləsə yazışır və ya xəbəri oxuyur, bəzən də film izləyirlər. Sürücülərin daha bir düşməni də bu gün geniş yayılmış selfidir. Bütün bunlar diqqəti yoldan yayındırır və çox ciddi xoşagəlməz hadisələrə səbəb olur. Saniyə kifayət edər ki, avtomobil yol kənarındakı xəndəyə düşsün və ya digər nəqliyyat vasitəsinə çırpılsın. Şəhərlərdəki sürət həddini nəzərə alaraq, sürücülərin diqqətsizliyi ucbatından yol qəzalarında əzab çəkən insanlar olur”.

Natiq Ələsgərov deyir ki, sükan arxasında telefonla daim kontaktda olmaq istəyənlər xüsusi vasitələrdən istifadə edə bilərlər: “Avtomobil istehsalçıları müasir avtomovbillərin təchizatına telefonların audiosistemə qoşulmasını da daxil edirlər. “Hands free” qarnituru xüsusi olaraq məhz sürücülərin yolda təmassız telefon danışıqları üçün hazırlanıb. Bu zaman sürücünün əli telefonla danışıq zamanı sükanda olur və istənilən manevri də edə bilir. Bununla belə, sükan arxasında istənilən söhbət idarəetməyə təsir edir və yolda sürücüyə diqqətini bir yerə cəmləməyə mane olur. Bu yaxınlarda tanış olduğum bir təhqiqatın nəticələrində qeyd olunurdu ki, avtomobil idarə edən zaman mobil telefonla danışmaq yol-nəqliyyat hadisəsi ehtimalını 4 dəfə artırır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR