Onlayn ictimai-siyasi qəzet
17 yaşlı Əzizənin ölümünə səbəb olan sürücünün cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Sürücü 2 il sonra həbs edilib.
Musavat.com xəbər verir ki, qəza zamanı dünyasını dəyişən Əzizə Əsgərova Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kurs tələbəsi olub.
Həmin gün Əzizə tələbə yoldaşları ilə birlikdə Binəqədi Gənclər Mərkəzindəki tədbirə gedirmiş. Yolu keçən zaman onu maşın vurub.
Qəzanı törədən “Toyota Prius” markalı maşının sürücüsü A.Qasımov bildirib ki, yol kənarında dayanan qızlara baxan zaman diqqəti yayınıb və yola çıxan piyadanı görməyib. Onun sözlərinə görə, piyada qarşıdan gələn yük maşınının arxasından çıxaraq anidən avtomobilin qarşısına çıxıb.
Sürücü valideynlərini itirdiyini, övladının olmadığını deyərək bağışlanmasını istəyib. Onun 2008-ci ildə külli miqdarda narkotik ittihamı ilə həbs edilərək 9 il həbsdə qaldığı da məlum olub.
Mərhum tələbənin atası Qalib Əsgərov məhkəmənin uzadılmasına etiraz edib. Bildirib ki, vəkil və təqsirləndirilən şəxs məhkəməni təxirə salmaq üçün müxtəlif yollara əl atır. O, sürücüyə ağır cəza verilməsini istəyib.
Hökmə əsasən, 41 yaşlı sürücü 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
İ.Muradov
Musavat.com
23 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ