Onlayn ictimai-siyasi qəzet
Məşhur mağazalar şəbəkəsi olan “Grandmart” MMC-də satış müdiri satınalma menecerini bıçaqlayıb. Buna səbəb onlar arasında işlə bağlı yaranmış mübahisə olub.
Musavat.com xəbər verir ki, tərəflərin mübahisəsi MMC-nin işçilərinin yer aldığı “WhatsApp” qrupunda başlayıb. Belə ki, mağazaların vitrinində məhsul çatışmazlığı ilə bağlı müştərilərin şikayətlərinə görə başlayan mübahisədən sonra müdirlə satınalma müdiri üzbəüz görüşüblər. Bu zaman dava baş verib və müdir işçisi Fuadı bıçaqlayıb.
Təqsirləndirilən şəxs Seyyid Əli dindirilən zaman bildirib ki, 5 ilə yaxın "Grandmart" MMC-nin satış müdiri vəzifəsində işləyib:
“Fuadla münasibətlərimiz həmişə yaxşı olub. Həmin gün müştərilərin məhsul çatışmazlığı ilə bağlı şikayətlərini şirkətin qrupuna atdım. Fuad isə günahkarın satış komandası olduğunu bildirdi. Buna görə aramızda mübahisə yarandı. Fuadın şəxsi nömrəsinə yazaraq işçilərin yanında mübahisə etməyin düz olmadığını dedim. Fuad isə heç bir səbəb olmadan məni təhqir etdi. Həmin gün axşam iş yoldaşlarımla Xırdalanda çayxanada görüşdük. Namaz qılandan sonra telefona baxanda Fuadın mənə təhqirlərlə səsli mesajlar atdığını gördüm. Ona zəng etdim. Fuad telefonda söyüş söydüyü üçün görüşməyi təklif etdim. Həzi Aslanovda görüşdük. Fuadın tək gəlməyəcəyini düşünüb bıçaq da götürdüm. Zibil yeşiklərinin yanında, qaranlıq yerə keçib söhbət etməyi təklif etdim. Həmin yerə keçən kimi Fuad sifətimə yumruqla vurdu. Yerə yıxılanda Fuadın üstümə gəldiyini gördüm. Qorxutmaq üçün üstümdə olan bıçağı çıxardım. Bıçağı fırladarkən Fuadın sinəsinə dəydi. Fuad mənə yerdə təpiklə vuranda bıçaq ayağına dəydi. Sonra Fuad qaçaraq oradan getdi”.
Seyyid Əli bildirib ki, əməlindən peşmandır. Onun sözlərinə görə, ailəsi Fuadla dəfələrlə barışığa cəhd etsə də, razılıq olmayıb.
Zərərçəkmiş Fuad da dindirilən zaman Seyyid Əli ilə münasibətlərinin həmişə yaxşı olduğunu deyib.
Fuad ifadəsində bildirib ki, Seyyid Əli onu heç bir səbəb olmadan bıçaqlayıb. Buna görə də onu bağışlamaq üçün səbəb tapa bilmir:
“Bu hadisəni eşidən hər kəs çox təəccübləndi. Bu hadisənin hansı səbəbdən baş verdiyini anlamıram. Biz həmişə bir yerdə oturub-duran adam olmuşuq. İşlə bağlı xırda mübahisəni Seyyid Əli şişirdərək mənə zəng etdi, şəxsiyyətimi təhqir etdi. Seyyid Əli ilə görüşə getməyimin səbəbi də onun söyüşlər söyməsi olub. Bıçaqla gələcəyini bilsəydim, görüşə getməzdim”.
Fuad bildirib ki, hadisədən sonra 5 gün komada qalıb. Onun sözlərinə görə, Seyyid Əli onu vurandan sonra kömək etməyib: “Mənim həyatda sağ qalmağım bir möcüzə olub. Hadisədən sonra öz maşınımla saatda 140–150 kilometr sürətlə özümü xəstəxanaya çatdırdım. Seyyid Əlinin məni nəyə görə bıçaqladığını bilmirəm. Buna görə də onu bağışlamağa səbəb tapa bilmirəm”.
Məhkəmə istintaqı zamanı da Fuad Seyyid Əlini bağışlamadığını deyib.
Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunan Seyyid Əli 3 il müddətinə azadlıqdan məhrum edilib.
İlkin Muradov
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ