Onlayn ictimai-siyasi qəzet
"Son vaxtlar sosial şəbəkələrdə kolbasa və sosis məhsullarının yodla testi aparılır. Maraqlısı odur ki, testi aparanlar guya bu testin nəticələri ilə insanlara zərərli markanı göstərməyə çalışırlar. Yodla test etməklə yalnız məhsuldakı nişastanı bilmək mümkündür".
Musavat.com xəbər verir ki, bu fikirləri qida texnoloqu Yusif Həkim bildirib.
Texnoloq əlavə edib ki, bu, o məhsulun təhlükəli qida olduğu haqqında fikir yaratmır:
"Hətta yerli AZS standartlarına görə, kolbasalara növündən asılı olaraq 2-5%, sosislərə isə 2% nişasta əlavə edilməsinə icazə verilir.
Bəs nişasta və yod əlaqəsi nədir?
Nişasta geniş yayılmış polisaxariddir. Kartof, düyü, buğda, qarğıdalı kimi qidaların əsasını təşkil edir (meyvələrin tərkibində isə çox azdır və əsasən amilozadan ibarətdir). Nişasta amiloza (20%) və amilopektin (80%) quruluşlu molekullardan ibarətdir. Dadsız, ağ tozdur. Soyuq suda həll olmur, lakin isti suda şişərək yapışqan xassəli kolloid məhlul əmələ gətirir. Nişastanın xassələrindən biri də onun yod (J2) ilə qarşılıqlı təsirdə olub göy rəng (bəzən tünd göy və ya mavi-qara rəng) əmələ gətirməsidir. Qızdırıldıqda göy rəng itir, soyudulduqda isə yenidən əmələ gəlir.
Ət məhsullarında nişastanın təyini üçün ISO 5554:1978 standartına müraciət edə bilərik".
Ekspert "Bəs bu testin səbəbi nədir? Necə olur ki, əlinə yod düşən kolbasa axtarır?" sualına da cavab verib:
"Fikrimcə, bu növ testlər Rusiyadakı videoblogerlərin təqlidi ilə əlaqəlidir. Çünki Rusiyada ГОСТ standartları bəzi kolbasa və sosis növlərində nişasta istifadəsinə icazə vermir. Ona görə də ordakı blogerlər bunu ev şəraitində üzə çıxarmaq üçün yoddan istifadə edirlər.
Qeyd etdiyim kimi, kartofda da nişasta var, onu da yodla yoxlaya bilərlər".
Afaq,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ