Onlayn ictimai-siyasi qəzet
Dünən bir simsar adamla qabaq-qənşər oturub ordan-burdan söhbət edirdik, söz dünyanın səfalı ölkələrindən, konkret olaraq Norveçdən düşmüşdü, necə oldusa, sürətlə ölkəmizə qayıtdıq, Şahdağdan girib, Lənkərandan çıxdıq, bir də gördük, Daşkəsəndəyik.
Həmsöhbətim keçmişdə adı Xaçbulaq olan, sonradan dəyişdirilərək Xoşbulaq adlandırılan kəndin səfalı yer olduğunu dedi, ancaq əlavə etdi ki, fəal istirahət üçün oralarda lazımi infrastruktur yoxdur. Necə oldusa, o, söhbətində Astaf adlı bir kəndin adını çəkdi. Mən soruşdum: “Kəndin adı necə oldu?” O dedi: “Astaf”.
Qəribə gəldi. Astaf adlı da kənd olarmı? Biz uşaq vaxtı siqaret kötüklərinə “astaf” deyərdik.
Eloğlu dedi ki, kəndin belə adlandırılmasının tarixi əfsanəsi var. Heç demə, çar dövründə imperator ordusu üçün müharibədə qabağa basıb qırdırmaqdan ötrü əsgər yığırmışlar. Rus zabit və əsgərlər o vaxta qədər başqa cür adlanan bu kəndə də gəliblər. Kənd camaatı isə üsyana qalxıb, çar ordusuna əsgər verməkdən imtina edib. Belə olanda ikinci vəzifəli zabit birinciyə deyib ki, gedək, əlavə qüvvə gətirək, bunların buntunu yatıraq. Birinci zabit isə görüb ki, yox, bu uzun, həm də xətalı işdir, əlini yelləyib, deyib: “Ostav”. Yəni müasir dildə desək, başını burax, getsin.
Bu söhbət dillərə düşüb, kəndin adı yerli ləhcəylə Astaf qalıb. Bu əhvalat təxminən 110 il öncə olub.
Maraqlıdır ki, dinozavr boyda sovet hökuməti də kəndin adını dəyişdirməyib. Heç olmasa, Kalininkənd, Kirovkənd, nə bilim, Bulqaninkənd-zad da qoymayıblar, eləcə, çar zabiti necə deyibsə, elə də “ostavili”.
Ancaq belə bir izahat da var ki, kəndin adı "dərə çay" və ya "çay dərəsi" deməkdir.
Bir başqa versiya Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimdən əmələ gəldiyi barədədir. Amma Ağstafa özü Qazax olduğu üçün kəndin adının çar zabitinin sözündən əmələ gəlməsi variantı daha maraqlıdır.
Yaxşı, SSRİ dövrünü anladıq, kommunistlər əsasən axar-baxarlı rayonların, qəsəbələrin adlarını dəyişdirirdilər, dağın dərəsindəki kəndin adını dəyişmək yadlarına düşməyib, bəs müstəqillik dövründə yüzlərlə kəndin, şəhərin adı dəyişdirildiyi halda Astafın adı niyə qalıb?
Ola bilər, bu əfsanə (çar zabitinin sözüylə bağlı) kənd camaatına şirin gəlir, necə olmasa da, kənd çapında igidlik salnaməsidir. Bəs necə? Çara müqavimət göstəriblər, ordusuna əsgər verməyiblər. Bəlkə də kimsə kəndə gəlib Astafın adını dəyişdirmək təşəbbüsü ilə çıxış edəndə xalq yenə də müqavimət göstərib, kim bilir?
Bir Astaf olsa, nə vardı ki? Rayonlarda çoxlu mənasız, hətta biədəb səslənən kənd adları var, gərək indiyədək dəyişdiriləydi.
Məsələn, ən mat qalmalı işlərdən biri Yevlaxın adının hələ də dəyişdirilməməsidir. Yevlax nə deməkdir axı? Bəlkə qədim oğuz türklərinə aid tayfalardan birinin adı olub? Tarix məxəz yoxdur. Deyilənə görə, çar ordusunun Yevlaxov adlı bir polkovniki olub, bu tərəflərdə qulluq edib, rayonun adı da ondan qalıb.
Necə ki qədim Qarabulaq elatının adı 1959-cu ilə qədər çar ordusunun polkovniki Karyaginin adını daşıyırdı. Gəncəni Kirov, Tərtəri Mirbəşir, Goranboyu Qasım İsmayılov, Biləsuvarı Puşkin, Beyləqanı Jdanov, Göygölü Xanlar edən sovet hökuməti çar ordusunun polkovnikinin xatirəsini əziz tutmuşdu və onu dəyişdirməmişdi. Nəhayət, böyük şairimiz Füzulinin 400 illiyi ilə əlaqədar rayon Füzuli adlandırılıb. Düzdür, Füzuli əslən Qarabulaqdan olmayıb, amma camaat bu adı yaxşı qarşılayıb.
Yevlax isə daha matah addır, ona görə də qalıb. Dəyən olmasa, min il qalacaq. Hətta dəyən olsa, xeylax qalacaq. Sabah Astafın adı da dəyişdirilərək Baharlı, Yaşılçuxur, Çənlidərə-filan qoyulsa da, o kəndin camaatı düz 50 il “haralısan” sualına “astaflıyıq” cavabı verəcək. Biz belə şeylərdə çox mühafizəkarıq, daha dəqiqi, ərincək camaatıq. Budur, 30 ildir, nə Semaşko var, nə Çapayev, nə Papanin, nə Sovetski-filan. Amma hələ də camaat avtobusa minəndə sürücüdən soruşur: “Bu marşrut Semaşkonun yanından keçir?” Başqa biri küçədə adamdan “Papaninə necə gedə bilərəm?” deyə soruşur. Bir ayrısı “Əvvəllər Sovetskidə olurduq” deyir və sair və ilaxır.
Hərçənd köhnə adlar yavaş-yavaş unudulur. Daha Göytəpəyə “Prişib”, Beyləqana “Jdanov” deyən yoxdur. O biri yaşayan köhnə adlar (Basin, Çapayev, Vorovski və s.) da unudulacaq, amma “Torqovı”ya təxminən 30 il sonra da Fəvvarələr meydanı deyən olmayacaq. Çünki “Torqovı” qulağa şirin gəlir.
İndi bir cığal oxucu zəng eləyib, müəllifdən “yaxşı, özün harada yaşayırsan” deyə soruşsa, desəm ki, Dvadsatıda, deyəcək, bax, gördüüün. Adam haqlı çıxacaq. Heç “Dvadsatı” deməyək, “20-ci sahə” deyək. Bu nə addır? Əlaqədar qurumlar hara baxır?
Məndən olsa, “Dvadsatı”nın adını Qayaaltı qoyaram. Qoy həm də Qalaaltını andırsın.
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ