Onlayn ictimai-siyasi qəzet
"Yeşilçam"ın "Tacsız kraliçası" adı ilə tanınan və ötən gün təcili olaraq xəstəxanaya yerləşdirilən məşhur türkiyəli aktrisa Ahu Tuğbanın hansı xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
"Yosma", "Dokunmayın Şabanıma", "Banker Bilo" kimi çox sayda filmlərdə rol alan Ahu Tuğba 1991-ci ildə alban əsilli ABŞ-li həkim Timmi Alejtanij ilə ailə qurub və 1992-ci ildə bu evlilikdən Anjelik Kalvin adlı qızı dünyaya gəlib.
Uzun illərdir qızı ilə ABŞ-də yaşayan 68 yaşlı aktrisa bir müddət əvvəl orada yol qəzası keçirib, 8 saatlıq əməliyyatdan sonra 3 həftə reanimasiyada müalicə alıb və may ayında evə buraxılıb.
Ötən gün yenidən xəstəxanaya yerləşdirilən və oradan fotosu yayılan aktrisanın xəstəliyi barədə isə açıqlama verilməmişdi.
Nəhayət, bu barədə sənətçinin dostu, yazar Onur Akay sosial media hesabında paylaşım edib. Məlum olub ki, Ahu Tuğba ağciyər xəstəliyindən əziyyət çəkir.
"Əziz dostum Ahu Tuğba çox uzun müddətdir ki, xroniki obstruktiv ağciyər xəstəliyi ilə mübarizə aparır. Qızı Anjelik illər əvvəl bu barədə mənə danışsa da, aramızda qalmasını xahiş etdiyi üçün yazmamışdım. Tənəffüs yollarının daralması nəticəsində rahat və sağlam nəfəs almasına mane olan ağciyər xəstəliyi ilə mübarizə aparan bacım Ahu ABŞ-dəki xəstəxanada maskalarla yatır. Nə olar, dualarınızı da əskik etməyin", - deyə o bildirib.//Oxu.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ