Onlayn ictimai-siyasi qəzet
Rusiya cəmiyyətində miqrasiya sahəsindəki yeniliklərlə bağlı ziddiyyətli bəyanatlar səslənir, polemika davam edir.
Siyasətçilər miqrantlara qarşı sərt tədbirlər təklif edirlər, lakin biznes sektorunda düşüncə fərqlidir. Bu ölkədə xarici işçi qüvvəsinin 95%-i özəl sektorda çalışır.
2016-cı ildə bu məsələyə birbaşa cavabdeh olan ixtisaslaşmış struktur -Federal Miqrasiya Xidməti (FMX) ləğv edilib. Nəticədə miqrasiya sektorunda aparılan siyasət uğursuzluqla nəticələnib. Bu gün bu sahəyə birbaşa cavabdeh olan heç bir qurum yoxdur. Üç idarə bir-biri ilə ziddiyyət təşkil edir. Miqrantlarla əsasən Daxili İşlər Nazirliyi məşğul olur.
Rusiya mediasında bu mövzuda yazılan materiallarda göstərilir ki, uzun illər ərzində sahibkarlıq subyektləri miqrantlardan məsuliyyətsizcəsinə, bəzən qeyri-qanuni şəkildə istifadə edərək, böyük gəlirlər əldə ediblər. Onlar kobud qanun pozuntularına göz yumublar, işçilərin hüquqlarını təmin etməyiblər, onlarla muzdlu qullar kimi davranıblar. İndi miqrasiya sahəsində yeniliklərin tətbiq olunduğu bir vaxtda iş adamları ağlayırlar ki, əcnəbilərsiz yaşamaq çətin olacaq.
Gözlənilir ki, yeni dövrdə miqrantların əməyindən istifadə edən biznesmenlər çox ödəməli olacaqlar - işçilərin istirahətinin qayğısına qalmalıdırlar, onları öyrətməlidirlər, miqrantları mənzillə təmin etməli, həmçinin onlar üçün vergi ödəməlidirlər. Belə bir qorxu var ki, bütün sahibkarlar dövlətin onların üzərinə qoymaq istədiyi öhdəlikləri yerinə yetirməyə hazır deyil.
Rusiyada nəzarət edilən şəxslərin, yəni ölkədə qeyri-qanuni yaşayan xarici vətəndaşların reyestri yaradılır. Bu, qastarbayter ixrac edən ölkələrinin xoşuna gəlməyəcək. Vətəndaşlar reyestrə daxil edildikdən sonra nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən yararlana, əmlakın qeydiyyatını apara, nikah bağlaya və ya poza, uşaqları bağça və məktəblərə qoya bilməyəcəklər. Bu, onu göstərir ki, Rusiyaya tamhüquqlu yeni vətəndaşlar lazım deyil, legioner qullar lazımdır.
Bu yeniliklər bütün idarə, qurum, diaspor, biznes strukturları, eləcə də mənşə ölkələrinin köməyini tələb edir. Rusiyada rəsmi məlumatlara görə, ölkəni tərk etmək istəməyən 764 min insan var. Onların bir çoxu Rusiyada 5-7 və ya daha çox ildir yaşayırlar, indi qanundan kənar qalmaq riski altındadırlar.
Maraqlıdır ki, vətəndaşları bu vəziyyətdə olan ölkələrin nə səfirlikləri, nə də aidiyyəti qurumları miqrasiya haqqında qanunun dəyişdirilməsi ilə bağlı məlumatlandırma işi aparmağa hazırlaşmırlar. RF DİN-də miqrasiya siyasətinə nəzarət edən general-polkovnik Aleksandr Qorovoy bildirib ki, idarə Rusiyada qeyri-qanuni yaşayan əcnəbilərin siyahılarını mənşə ölkələrinin hökumətlərinə göndərir ki, onlar KİV və qohumluq əlaqələri vasitəsilə izahat tədbirləri həyata keçirsinlər və həmin vətəndaşlar qanun pozuntularının tənzimlənməsindən narahat olsunlar. Ancaq mənşə ölkələrində bunu etməyə tələsmirlər, sadəcə, vətəndaşlarına zərurət olmadıqca Rusiyaya səfərdən çəkinmək barədə xəbərdarlıq edirlər.
Rusiya regionları da miqrant əməyinə qadağalar tətbiq etməyə davam edir. Moskva vilayətində 2025-ci ilin yanvarından əcnəbilərin alkoqol, tütün satışı və ictimai iaşə sektorunda işləməsinə qadağa qoyulacaq.
DİN-in məlumatına görə, hazırda Rusiyada 6,1 milyondan çox əcnəbi vətəndaş miqrasiya orqanlarında qeydiyyatdadır. Bu, Rusiya əhalisinin təxminən 4,2%-ni təşkil edir. 2023-cü ildə bu rəqəm 8,5 milyon olub. Aydındır ki, onların bəziləri 22 mart 2023-cü ildə “Crocus City Hall”da baş verən terror aktından sonra Rusiyanı tərk ediblər. Bəziləri vətəndaşlıq alıb. Ehtimal olunur ki, müəyyən sayda miqrant “kölgəyə çəkilib” və yaşayış yerində qeydiyyatsız və iş icazəsi olmadan yaşayır. Müxtəlif hesablamalara görə, Rusiyada təxminən 8 milyon əmək miqrantı ola bilər.
Əmək bazarını, iqtisadi inkişaf templərini izləyən iqtisadçılar isə hesab edirlər ki, yeni miqrasiya siyasətində nəzərdə tutulan islahatlar tam olaraq təbiq edildikdən az sonra müxtəlif sektorlarda, xüsusilə ağır zəhmət tələb edilən sahələrdə ciddi işçi çatışmazlığı hiss olunacaq. Çünki yerli adamlar o cür “qara işlər” görməkdən imtina edir, rahat, ofis işi axtarırı, regionlardan iri şəhərlərə daşınırlar. Bu isə bir çox sahələrdə tənəzzülə səbəb olacaq və rusiyalı siyasətçilər istər-istəməz miqrasiya siyasətini yumşaldacaqlar.
Araz Altaylı, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ