Onlayn ictimai-siyasi qəzet
Dünyada “gizli silahlar” erası artıq başlayıb. Belə ki, yeni qlobal hərbi güc rəqabəti dünya nəhənglərini sahib olduqları “gizli silahları” əsas təhdid vasitəsinə çevirməyə məcbur edir. Şimali Koreya lideri Kim Çen In bu günlərdə bəyan edib ki, onun ölkəsi “müdafiə qabiliyyətinin gücləndirilməsi” çərçivəsində yeni “məxfi silah”ın yaradılmasına nail olub. Onun sözlərinə görə, “müdafiə elmi və tədqiqatlarında mühüm nailiyyətlər” əldə olunub və bu, Şimali Koreyanın “döyüş potensialı”nı kəskin artıracaq.
Onu da qeyd etmək lazımdır ki, Pxenyandan verilən bu bəyanat yalnız Şimali Koreyanın hərbi laboratoriyalarında əldə olunmuş “uğur” deyil. Bu, həm də qlobal güc münasibətlərinin dəyişdiyi, yeni “silahlanma erası”nın başlandığını göstərən simvolik mesajdır. Çünki son aylarda eyni məzmunlu bənzər bəyanatlar həm Rusiya, həm də Çin tərəfindən səsləndirilib. Belə ki, Rusiya prezidenti Vladimir Putin “sınaqdan keçmiş yeni strateji silahdan”, Çin isə “yüksək səviyyəli müdafiə texnologiyalarının tam məxfi mərhələyə keçdiyindən” bəhs edib. Və bu üç dövlət - Şimali Koreya, Rusiya və Çin artıq təkcə geopolitik deyil, həm də texnoloji səviyyədə də kollektiv Qərb üçün əsas “hərbi təhlükə qütbü”nə çevrilib.
Məsələ ondadır ki, hazırda bütün baş verənlər yeni “soyuq müharibə”nin sürətlə silahlanma modelini təkrarlayır. “Gizli silahlar” anlayışı isə əslində, üç önəmli səviyyəni özündə əks etdirir. Birinci səviyyə uzaqmənzilli ballistik raketlər, nüvə başlıqları, hipersonik planlayıcıların və s. daxil olduğu strateji silahlar kateqoriyasıdır. Bu kateqoriya üzrə xüsusilə də Rusiya və Çin daha ön sıralarda yer alır. İkinci səviyyəyə daxil olan dron sürüləri, avtonom nişanlama, real vaxtda hədəf izləmə texnologiyaları və s. kəşfiyyat və süni intellektlə idarə olunan sistemlərə aid olunur. Bu texnologiyalar konvensional müharibə anlayışını artıq dəyişir. Üçüncü kateqoriyada isə kiber və kosmik müstəvidə “görünməz” silahlar - yəni, peyk əleyhinə sistemlər, elektrik maqnit impuls generatorları və kiber hücum imkanları və s. yer alır. Və bunlar sadəcə, adi orduların deyil, ümumiyyətlə, bütöv iqtisadi sistemlərin “müdafiə xətti”ni darmadağın edə bilər.
Maraqlıdır ki, hazırda “gizli silahlar” üzərindən qarşılıqlı təhdid ritorikası həm də onu göstərir ki, qlobal məkanda “silah səsi” siyasət və diplomatiyanın yerini “işğal” etməyə başlayıb. Müasir dövrdə bu cür silahların mövcudluğu barədə bəyanatlar, əslində, siyasi-diplomatik alətə çevrilib. Şimali Koreya lideri Kim Çen In, Rusiya prezidenti Vladimir Putin və Çinin rəhbəri Si Tsinpin üçün hər yeni “məxfi silah” anonsu həm ölkədaxili legitimliyi artırır, həm də xarici siyasətdə təzyiq vasitəsi rolunu oynayır.
Təbii ki, ABŞ və NATO-nun son illərdə Asiya və Avropada öz mövqelərini genişləndirməsi, “strateji əhatə dairəsini” dərinləşdirməsi Rusiya, Çin və Şimali Koreyada siyasi-psixoloji balansın pozulma effekti yaradıb. Ona görə də, cavab reaksiyası məhz hərbi texnologiya üzərindən verilir. ABŞ və NATO-nun dəyişməz rəqibi olan bu dövlətlərin hər biri öz “unikal silahı” ilə qarşı tərəfə “biz də sizdən zəif deyilik” məzmunlu xəbərdarlıq mesajı göndərir. Və beləliklə, siyasi-diplomatik masa arxasında deyil, məhz yeni raketlərin sınaqları, ən müasir dağıdıcı silahların “paradları” üzərindən mesajlar verilir.
Ona görə də, yeni hərbi balans prosesinin ilk təhlükəli nəticəsi böyük ehtimalla dünya nəhəngləri arasında silahlanma yarışının dərinləşməsi olacaq. Kollektiv Qərb hipersonik raketlərə qarşı müdafiə sistemləri qurmağa, kosmosda hərbi izləmə texnologiyalarını genişləndirməyə məcbur qalacaq. İkinci nəticə “gizli silahlar”ın istifadəsi, sınağı və ya sızan görüntüləri yanlış təfsir edilərsə, təsadüfi hərbi gərginliklər də yarana bilər. “Soyuq müharibə” dövründə belə hadisələr bir neçə dəfə baş vermişdi. Ancaq fərq ondadır ki, bu dəfə reaksiyalar daha sürətlidir və manevr üçün zaman məhduddur. Üçüncü nəticə isə regional gərginliklərin sırası daha genişlənə bilər. Çünki Şimali Koreya yarımadası, Tayvan boğazı, Ukrayna savaşı və Yaxın Şərqdə hərbi balans getdikcə, daha “həssas mexanizmə” çevrilir.
Bütün bunları nəzərə aldıqda, ABŞ və NATO-nun cavab strategiyası böyük əhəmiyyət daşıyır. Son məlumatlara görə, ABŞ və NATO artıq “gizli silahlar” dövrünə uyğunlaşdırılmış üçistiqamətli strategiya formalaşdırmağa çalışır. İlk olaraq, daha çox hərbi mövcudluq və texnoloji üstünlüyün nümayişinə cəhd göstərilir. Digər tərəfdən, kiber və kosmik müdafiənin genişləndirilməsinə, peyk və infrastruktur sistemlərinin qorunmasına üstünlük verilir. Nəhayət, qarşı tərəfə münasibətdə sanksiyalar və ixrac nəzarəti tətbiq olunur, xüsusilə də süni intellekt və mikrosxem texnologiyalarının ötürülməsi məhdudlaşdırılır. Ancaq bu strategiya öz növbəsində rəqib qütbü daha çox yeni silahların yaradılmasına yönəldir.
Tarixi təcrübə göstərir ki, silahlanma yarışları çox vaxt danışıqlar masasında yekunlaşır. Ancaq bunun üçün qarşıduran tərəflərin özlərini bərabər güclü hiss etməsi qaçılmaz xarakter daşıyır. Hazırda dünya tədricən həmin nöqtəyə yaxınlaşır, çünki qarşıduran tərəflərin “tam güclü” görünmək məqsədi daşıyan “silah anonsları” çoxaldır və bununla da qarşılıqlı “qorxu balansı” formalaşır. Və ən təhlükəli ssenari odur ki, bu balans “gizli silahların sirliliyi” üzərində qurulmuş olsun, yəni nə sınağın, nə gücün, nə də məqsədin dəqiq bilinmədiyi bir vəziyyət yaransın.
Göründüyü kimi, son vaxtlar yeni hərbi texnologiya tədricən qlobal diplomatiya masasını boşaltmağa başlayıb. Çünki hazırda “gizli silah” bəyanatları yalnız sadəcə, hərbi mesaj deyil, həm də qlobal siyasi-diplomatik etimadın zəifləməsinin göstəricisidir. Yəni, dünya nəhəngləri yeni texnoloji üstünlüyü silahlanma ilə ölçməyə başlayıb, diplomatiya isə arxa plana keçirilib. Əgər, bu tendensiya davam edərsə, yaxın illərdə beynəlxalq münasibətlərin əsas meyarı “kimin daha güclü gizli silahı var” prinsipi olacaq. Halbuki, tarix təcrübə də onu göstərir ki, “gizlilik” üzərindən qurulan təhlükəsizlik sistemi davamlı olmur. Və əksinə, növbəti qlobal böhranın təməlini atır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
14 Oktyabr 2025
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ