İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yaradılan yeni müxalifət – Bu rolu oynamaq istəyən Karapetyan

Ötən gün Rusiya vətəndaşı, erməni milyarder, hazırda həbsdə olan Samvel Karapetyanın müraciəti yayılıb. Onun müraciətini "Öz yolumuz" ("Mer dzevov") adlı təşəbbüs qrupunun ilk hesabat yığıncağında vəkili Aram Vardevanyan oxuyub.

S.Karapetyan müraciətində bildirib ki, ümumxalq hərəkatı səviyyəsində Ermənistanın siyasi həyatında ciddi dəyişikliklər edə bilər.

Sözügedən təşəbbüs qrupunun əsası bir ay əvvəl qoyulub. Artıq beş minə yaxın tərəfdarı olduğu bildirilir. Həbsdə olmasına baxmayaraq, Samvel Karapetyan hərəkata özü rəhbərlik edir.

Onun müraciətində qeyd olunub ki, bu hərəkat ictimai həyatın mərkəzində yerləşib: "O, ölkənin siyasi sahəsinə əhəmiyyətli dəyişikliklər gətirib və zamanla erməni xalqının nailiyyətinə çevrilməlidir".

Karapetyan layihəyə qoşulan hər kəsə təşəkkür edərək vurğulayıb ki, yarandığı gündən hərəkat xalqın gələcəyə inamını itirməsinə imkan verməmək kimi vacib məqsədi güdür: "Biz insanların daha yaxşı həyat axtarışında vətəni tərk etməməsi, onu düşmənin və əlaltılarının ixtiyarına buraxmaması üçün əlimizdən gələni etməliyik. Biz geri çəkilməyəcəyik və dayanmayacağıq. Biz Ermənistanı çiçəklənən və xoşbəxt bir ölkəyə çevirəcəyik. Biz bunu öz yolumuzla edəcəyik".

 
Bu arada, xatırladaq ki, Samvel Karapetyan "hakimiyyəti ələ keçirməyə açıq çağırış"da ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib. O, hakimiyyət nümayəndələrinin erməni ruhaniləri tənqid etməsinə etiraz etmiş, Ermənistan hakimiyyətini qüsurlu adlandırmışdı. Baş nazir Nikol Paşinyanı tənqid etsə də, o, erməni apostol kilsəsini müdafiə etmişdi.

Oktyabrın 13-də "Taşir" Şirkətlər Qrupunun sahibinə qarşı yeni ittiham irəli sürüb.

Vəkilləri bildirib ki, Karapetyana qarşı iqtisadi xarakterli yeni (üçüncü) ittiham irəli sürülüb. Bu, onun həbsdə saxlanıldığı ikiaylıq müddətin bitməsinə az qalmış baş verib (əvvəlki həbs müddəti 18 oktyabr tarixinədək uzadılmışdı).

İstintaq Komitəsindən bildirilib ki, Karapetyanın cinayət işinə xüsusilə böyük məbləğdə çirkli pulların yuyulması, hakimiyyət, yaxud vəzifə səlahiyyətlərindən və ya onlarla bağlı təsirdən istifadə etmək ittihamı da əlavə edilib.

Rusiyanın vətəndaşı olan Samvel Karapetyan Ermənistan hakimiyyətini tənqidi münasibəti ilə daxili işlərə müdaxilə, ölkədə iğtişaşların yaranmasına yardım etmiş sayılır.

 

ZAXAROVA.jpg (80 KB) 

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 19-da bəyan etmişdi ki, Samvel Karapetyan Rusiya vətəndaşı və sahibkarı olaraq RF tərəfindən bütün lazımi yardımı alacaq.

Hərəkat isə bu il avqustun 29-da təsis edilib. Hərəkat çərçivəsində eyniadlı partiyanın seçki proqramının əsasını təşkil edəcək bir neçə istiqamət üzrə layihələr hazırlandığı da bildirilib. Onun təqdimatı isə ilin sonuna planlaşdırılıb.

Göründüyü kimi, S.Karapetyan iddialı çağırış edib. O, az qala özünü Ermənistanda yeni siyasi qüvvənin başçısı kimi təqdim etməyə çalışıb.

Rusiya vətəndaşı olan milyarderin müraciətindəki "Ermənistanı düşmənin və onun əlaltılarının ixtiyarına buraxmamaq üçün əlimizdən gələni etməliyik" açıqlaması onun "Öz yolumuz" hərəkatının yönünün yeni olmadığını ifşa edir. Çünki Samvel kimi erməni liderlər, ardıcılı olduğu ideoloqlar Azərbaycan və Türkiyəni özlərinə düşmən biliblər. Karapetyan müraciətində ad çəkmədən Nikol Paşinyan komandasını "düşmənin əlaltısı" saymaqla da siyasi-ideoloji yönünü göstərib.

Başqa sözlə, müraciətdən də görünür ki, Samvel Karapetyan Qaregin Njde, Andranik Ozanyan, Zori Balayan və başqalarının ardıcıllarından, revanşistlərdəndir.

Karapetyan vaxtilə Azərbaycan torpaqlarının erməni işğalında qalması üçün hər cür yardımlar edib. O, Qarabağda 2016-cı ildə 4-cü uşağı doğulan erməni ailələrə maliyyə yardımı da ayırmışdı. Onda Ermənistan KİV-i yazmışdı ki, rusiyalı erməni milyarder 213 ailənin hər birinə 4 min dollar hədiyyə edib. Samvel Karapetyanın bu aksiya üçün 852 min dollar maliyyə vəsaiti ayırdığına dair də məlumat yayılmışdı.

Milyarder Rusiyadan Ermənistana, oradan Azərbaycanın işğal altında olmuş ərazilərinə hərbi texnika, silah göndərənlərdən də olub. 2021-ci il aprelin 28-də Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin uyğun maddələri ilə cinayət işi başlanılıb. Qeyd edilən əməllərə görə Karapetyan Samvel Sarkisoviç, David Qalustyan və Ara Abramyan təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama, ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə və başqa maddələri üzrə təqsirləndirilən şəxs qismində barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.

Samvel Karapetyan daim Cənubi Qafqazda pozucu rol oynayıb. O, indiki var-dövləti ilə 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Azərbaycan və Rusiyanın iqtisadiyyatında, xüsusən neft hasilatı və ticarət sahəsində mühüm rol oynayan erməni milyonçular - Qukasov qardaşları, İsaak Ter-Akopov və başqalarını yada salır. Həmin ermənilər Bakıda qırğınları və Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hərəkatları maliyyələşdiriblər.

 MALİY.jpg (87 KB)

Eks-prezidentlər - Ter-Petrosyan, Koçaryan, Sarqsyan artıq keçmiş havadarlara sərf etmir. Çünki onlar keçilmiş mərhələdir, Ermənistan cəmiyyətinə yenilik verə bilmirlər, keçmişdə ilişib qalıblar. Mövcud reallığı qəbul etmək istəmirlər. Belə şəraitdə isə revanşistlik etməyə səy göstərirlər. Bu halda da fiaskoya uğrayırlar.

İndi onların üzünü Karapetyan Samvel "ağartmağa" çalışır. Bu hay-küylü müraciətlə o, daha çox özünü qorumağa səy göstərir. Rusiya vətəndaşı sübut etmək istəyir ki, Ermənistanda sosial bazası var və bu kontingentlə orada dəyişiklik edə bilər. Belə ehtimal etmək olar ki, bir müddətdən sonra "Öz yolumuz" hərəkatı "Samvelə azadlıq!", "Paşinyana istefa!" şüarı ilə Ermənistan küçələrinə çıxacaq. Bu, həm də onların parlament seçkilərində iştirakı üçün ilk ismarışlardan olacaq.

Belə görünür, ölkə parlamentində müxalifət qüvvələrin dəyişilməsi prosesi gedəcək. Çünki Ermənistanın ali qanunverici orqanında müxalifət təmsil olunur. Onlar keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın tərəfdarları sayılır. Ancaq müxalifət 2026-cı ilin yayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə Levon Ter-Petrosyan da daxil olmaqla sabiq prezidentlərin liderlikləri ilə iştirak etsə, onların uğur qazanmaq ehtimalı az olacaq. Çünki Ermənistandakı mövcud ictimai-siyasi hadisələr bu ekslərin başçılıq etdiyi müxalifətin sonuncu siyasi kampaniya ola biləcəyi qənaətinə gəlməyə də əsas verir.

Bu baxımdan, Ermənistanın koçaryanlar dövrünü yaşatmaq üçün Samveli, yaxud onun adamlarını "Öz yolumuz" hərəkatı adı ilə dövriyyəyə buraxırlar.

Bu yaxınlarda daşnaklar "Yox" adlı hərəkat yaratmaqla hakimiyyətə qarşı mübarizə aparmaq və revanşizm göstərmək istədirklərini bildirmişdilər.

 BİLDİR.jpg (74 KB)

İki ildən artıqdır keşiş Baqrat Qalstyanın başçılıq etdiyi "Tavuş-vətən uğurunda" hərəkatı da heç bir nəticə əldə edə bilmir. Onlar fasiləsiz mitinq və etiraz yürüşləri keçirsələr də, nəticədə hədəfə çatmadılar. Onların aksiyaları Eçmiadzin kilsəsinin başçısı II Qareginin əxlaq və etiqadının dinə uyğun olmadığını ifşa etdi.

"Yox", "Vətən uğrunda", "Öz yolumuz" hərəkatları eyni yolun yolçularıdır. Onların liderləri fərd olaraq fərqlidir. Bu hərəkatların siyasi-ideoloji, sosial hədəf və çıxışları da bir-birinin davamı, eynisidir.

Bu günlərdə Robert Koçaryan Rusiyaya gedib. O iddia edib ki, şənbə və bazar günləri Moskvada şəxsi işləri ilə məşğul olub. Ancaq onun Rusiya rəsmiləri ilə görüşdüyünə dair məlumatlar da yayılmışdı.

Ötən həftə Ermənistan Antikorrupsiya məhkəməsi Serj Sarqsyana ölkədən çıxmağa icazə versə də, 78 min dollar məbləğində girovu qüvvədə saxlayıb.

Onu da qeyd edək ki, Ermənistanın üçüncü prezidenti bir neçə cinayət işinin iştirakçısıdır. İttihamlardan birinə görə, 2006-2015-ci illərdə Serj Sarqsyan müdafiə naziri, baş nazir və prezident kimi yüksək dövlət vəzifələrində olarkən Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın, "LL Bimbo" şirkətinin direktoru Aleksan Vorsakanyanın və ona yaxın olan sahibkar Mixail Baqdasarovun köməyi ilə sonuncunun məxsus olduğu şirkətlərin, o cümlədən "Mika Limited" və "Abit" şirkətlərinin idarə olunmasında iştirak edib. İstintaq onu proteksionizmdə ittiham edir, bu da adıçəkilən şirkətlərin yüksək risk səviyyəsində təxminən 14 milyon dollar məbləğində iri iqtisadi layihələr və kreditlər alması ilə ifadə olunub.

Serj Sarqsyana ölkədən çıxmaq icazəsinin verilməsi isə ona ölkədən qaçmaq üçün "siçan yolu" verməkdir.

Beləliklə, Ermənistanda rusiyayönlü prezidentlərin istifadə müddəti bitmək üzrədir. Onların qarşıdan gələn siyasi kampaniyada iştirak etməsinə mane olacaq çoxsaylı faktlar var. Ermənistandakı milyarder Qaqiq Tsarukyan da seçkidə iştirak edəcəyini açıqlayıb. Belə görünür qarşıdan gələn siyasi kampaniyada yerli və rusiyalı milyarderlərin tandemi yaranacaq. Siyasiləri rusiyayönlü milyarderlər əvəzləyir. Samvel Karapetyan Ermənistan vətəndaşı deyil. Rusiyalı milyarder hərəkatını "Öz yolumuz" adlandırsa da, belə ehtimal etmək olar ki, o, özünü "Gürcü arzusu - Demokratik Gürcüstan"ın lideri, milyarder Bidzina İvanişviliyə oxşatmağa çalışacaq...

Sədrəddin İsmayılov
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR