İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni dünya düzəni - Azərbaycan siyasi orbitdə yerini dəyişəcəkmi?

Ekspertlər hesab edir ki, bundan sonra gərginləşən dünya düzənində artıq loyal və ya balanslı siyasət yürütmək çətin olacaq

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yaranmış geopolitik vəziyyət yeni dünya düzəninin konturlarının cızıldığı haqda iddiaları artıb. Yeni dünya düzəninin konturları haqqında tam dolğun fikirlər söyləmək tarixi baxımdan hələ tezdir.

Bəzi politoloqlar yaranmış vəziyyəti SSRİ-nin süqutundan sonra ABŞ-ın təkqütblü dünya düzəni yaratmaq iddiasını bu dəfə gerçəkləşdirmək ərəfəsində olduğu  kimi şərh edir. Rusiyanın zəiflədilməsi və iqtisadiyyatının çökdürülməsinə hesablanmış sanksiyaların nəticəsi haqda da indilikdə birmənalı danışmaq mümkün deyil. Amma görünən odur ki, ABŞ prezidenti Co Baydenin gerçəkləşdirmək istədiyi çoxkombinasiyalı gedişləri, o cümlədən Avropa Birliyini də özündən asılı vəziyyətə salmağa hesablanıb. Ancaq yekun olaraq prosesin hansı dövlətin xeyrinə və ya ziyanına olduğu haqda mülahizələr irəli sürmək də hələlik çətindir. ABŞ bu dəfə özünün mütləq lider olduğu təkqütblü dünya sistemini yarada biləcəyinə inanır. Çinin Rusiyaya qarşı sanksiyalara qoşulmaması isə Pekinin ABŞ-ın bu planına qarşı çıxdığını göstərir. Ehtimal edilir ki, qarşıdakı illərdə dünyada “dost və düşmən” ölkələr sırasında müəyyənləşmə gedəcək. Ölkələr tərəf seçməyə məcbur ediləcəklər. Bu sırada əlbəttə ki, Azərbaycan da var. Rusiya ilə strateji tərəfdaş olan, hətta fevral ayında müttəfiqlik sazişi imzalayan Bakının Qərblə məsafəli siyasəti var, Qoşulmamaq  Hərəkatında təmsil olunur. Amma siyasi ekspertlər hesab edir ki, bundan sonra gərginləşən dünya düzənində artıq loyal və ya balanslı siyasət yürütmək çətin olacaq. Bu baxımdan Azərbaycanın yaxın perspektivdə siyasi oriyentasiyasında hansı dəyişikliklər ola bilər? Bakı hansı xətti götürməlidir? Yeni dünya düzəni Azərbaycanın siyasi orbitdə yerini  dəyişəcəkmi?

Partiya sədrindən antimilli açıqlama – "Ermənilərin bizə etdiklərini  unutmalıyıq" — VİDEO - Günün Səsi

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ dünya hegemonluğuna nail olmaq, iki əsas rəqibindən biri olan Rusiyanı hərbi cəhətdən zəiflətmək, iqtisadi cəhətdən çökdürmək üçün Ukraynanı poliqona çevirə bildi. Nəticədə, həm Rusiya, həm də Ukrayna ciddi itkilərlə üzləşdi, sağalması uzun illər tələb edən yaralar aldı: “Bir aydan artıqdır davam edən müharibə Ukraynanın şəhərlərinin dağılması, milyonlarla ukraynalının öz yurdlarından qaçqın düşməsi, hər iki tərəfdən minlərlə insanın ölümü ilə nəticələndi. Bu faciələr hələ bitməyib və ABŞ hərbi qarşıdurmanın mümkün qədər uzanmasında maraqlıdır. Çünki müharibənin davam etdiyi hər gün Rusiyanın daha da zəifləməsinə, ciddi itkilərə uğramasına səbəb olur. Etiraf etməliyik ki, nə qədər qəribə səslənsə də, bu proses Azərbaycanın strateji maraqlarına uyğundur. Məlumdur ki, Rusiya hakimiyyətinin qollarında təmsil olunan bir sıra şəxslərin ortaya qoyduğu iddialar, hətta artıq bəzi rus siyasilər tərəfindən ”Bakı bombalanmalıdır" kimi bəyanatların dilə gətirilməsi Azərbaycanın müstəqilliyinə, demokratik inkişafına ciddi təhlükə törədir və biz bu barədə düşünmək məcburiyyətindəyik.

Rusiya-Ukrayna müharibəsinin təkqütblü dünyanın, ABŞ-ın hegemonluğunun formalaşmasına gətirib çıxaracağına gəlincə, buna inam azdır və çox güman ki, bu baş verməyəcək. Kifayət qədər zəifləsə də, nüvə dövləti olmaqda qalacaq Rusiyanın yaxın illərdə dünyanın birinci iqtisadi gücünə çevriləcəyi güman edilən Çinlə yaratdığı ittifaq ABŞ-ın tam hegemonluğuna imkan verməyəcək. Bu ittifaqa sürətlə inkişaf edən Hindistanın və digər aparıcı dövlətlərin qoşulması təkqütblü dünya planlarının birdəfəlik pozulmasına gətirib çıxaracaq".

Partiya sədri xatırlatdı ki, Azərbaycan müstəqilliyinin ilk illərində Qərbə yaxınlaşmaq, Avroatlantik məkanla inteqrasiya olunmaq xəttini tutdu və bunun nəticəsi olaraq xeyli problemlərlə üzləşdi. Ancaq buna baxmayaraq, növbəti mərhələdə bu xətt davam etdirilməlidir və biz demokratik Qərbə yaxınlaşmaq, onun yanında yer almaq planlarından qətiyyən imtina etməməliyik: “Lakin bu istiqamətdə atılan addımlar maksimum ehtiyatlı olmalı, ”gözü çıxan qardaş"larımızın-Gürcüstan və Ukraynanın başına gələnlər yaddan çıxmamalıdır. Bu yolda Türkiyə ilə birgə addımlamağımız, atacağımız hər addımı birlikdə götür-qoy etməmiz son dərəcə mühüm əhəmiyyətə malikdir. Yaxın illərdə sanksiyalar nəticəsində kifayət qədər zəifləmiş Rusiyanın demokratikləşmə xətti tutmağa məcbur olma ehtimalının olmasını da nəzərə alsaq, Azərbaycanı sakit və rifah dolu günlərin gözlədiyinə ümid edə bilərik".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR