İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən yeni İraq və Əfqanıstana çevrilir? – Böyük müharibənin ayaq səsləri!

"ABŞ bir müddət Yəməndəki husilər adlandırılan "Ənsar Allah" qruplaşmasına qarşı əməliyyata keçirmişdi. Bir neçə gün ərzində ABŞ husilərin hakim olduğu Yəmənin şimalına zərbələr endirib. Donald Tramp digər bölgələrdə olduğu kimi, Yaxın Şərq siyasətində də sərtliyi ilə seçilir".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edir ki, öz siyasətində İsrailin təhlükəsizliyini əsas götürən Tramp administrasiyasının İrana bağlı proksi qüvvələrə qarşı əməliyyatı gözlənilən idi:

"ABŞ-ın hazırda Həmas və Hizbullahı vurmasına ehtiyac yoxdur. Həmas liderləri İsmayıl Haniyənin və Yəhya Sinvarın öldürülməsindən sonra xeyli güc itirib. Artıq Qəzza bölgəsində öz hakimiyyətini qoruyub saxlamaqda çətinlik çəkdiyi üçün buranın idarəçiliyini Mahmud Abbasın rəhbərlik etdiyi Ramallahdakı hökumətə təhvil verməyi qərara aldı. Hizbullah da eyni aqibətlə üzləşdi. Təşkilatın birləşdirici lideri olan Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsindən sonra bu qrup müxtəlif xırda qruplaşmalara parçalandı.

Eyni zamanda Suriyada Bəşər Əsəd rejiminin çökməsi ilə rəsmi Tehranın ona yardım imkanları xeyli azalıb. Ancaq İranın digər proksi gücü olan husilər bu müddət ərzində daha da güclənməyi bacardı. Həm İranın artan dəstəyi, həm də dəniz quldurluğunun gücləndirilməsi onlar üçün mühüm imkanlar yaradırdı". 

zeyna-1720441038.jpg (104 KB)

Zeynal Əmrəliyev

Politoloqun fikrincə, İranla intensiv formada nüvə danışıqlarını həyata keçirən ABŞ-ın ilk öncə husiləri hədəf seçməsinin əsasən üç səbəbi var:

"Birincisi, husilər İranın proksi qüvvəsidir. ABŞ və İsrail yaxşı bilir ki, əgər nüvə danışıqları baş tutmasa və İrana qarşı əməliyyat həyata keçirilsə, husilər də onlara qarşı hücuma keçəcək. Bu qrup həm İsrailə, həm də ABŞ bazalarının yerləşdiyi körfəz ölkələrinə zərbələr endirə bilər. Vaşinqton öz müttəfiqlərini təhlükəyə atmaq istəmir.

Husilərə edilmiş hücumun ikinci səbəbi isə dənizlərdə olan fəaliyyətlərinə görədir. Bu müddətdə onlar Qırmızı dənizdə ABŞ və onun müttəfiqlərinin bayraqları altında üzən gəmilərə hücumlar təşkil edərək xeyli miqdarda maddi ziyan vurublar. Dəniz ticarəti ABŞ üçün önəmlidir. Qırmızı dənizdə husilər sıradan çıxarılmasa, bu, ABŞ-a baha başa gələcək.

Üçüncü vacib səbəb isə onların Səudiyyə Ərəbistanı ilə olan problemidir. İlk növbədə, ideoloji cəhətdən səudlar və husilər bir-biri ilə düşmənçilik mövqeyindədir. Səudiyyə rəsmi olaraq əhli-sünnə məzhəbinin vəhhabi cərəyanına mənsub olduğu halda, husilər şiəliyin zeydi qoluna aiddir. 2004-cü ildə öldürülən hərəkatın qurucu lideri Hüseyn əl-Husi Ərəbistan yarımadasında Səudiyyə sülaləsinin hakimiyyətdən devrilməsini təşkilatın əsas məqsədlərindən biri elan etmişdi.

Donald Tramp Ər-Riyada yaxın zamanda səfər edəcək və krallıq hökumətindən ölkəyə qoyduğu investisiyanın həcmini 1 trilyon dollara çatdırmasını istəyəcək. Ehtimal ki, Ağ Ev rəhbəri kralın qarşısına əliboş getmək istəmir".

Politoloq qeyd edir ki, husiləri digər qruplardan fərqləndirən əsas məqamlardan biri onların böyük hərbi gücə malik olmasıdır:

"Bu təşkilat 200 km məsafədəki hədəfi vuracaq “Tufan”, “Burkan” və “Qüds” kimi İran istehsalı olan raketlərə, həmçinin çox sayda zərbə PUA-larına və ballistik raketlərə sahibdir. Ən əsası isə təşkilat öz daxilində zeydi şiəliyi ideologiyası ilə birləşmiş xeyli sayda qohum qəbilədən ibarət olan 100 min nəfərlik böyük orduya malikdir. Bu isə ABŞ-ın hava hücumunun uğurlu olmaq ehtimalını azaldır.

ABŞ husilərə ancaq Yəməndə quru əməliyyatı edərək son qoya bilər, bu isə çox böyük risk deməkdir. Vaşinqtonun İraq və Əfqanıstan müharibələrindən sonra Yəməndə yeni müharibəni gözə alıb-almayacağını isə zaman göstərəcək".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR