İnsanlara hürriyət, millətlərə istiqlal!

"YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək üçün 22 milyon xərclənib

"Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən 22 449 998.04 AZN xərclənib".

Musavat.com xəbər verir ki, bunu ""YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib. O müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 8 870, itkin ailə üzvlərinin 5 və yaralıların 6 819 olmaqla ümumilikdə 15 694 müraciətin təmin edildiyini qeyd etdi: "Ümumilikdə 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir".

E.Hüseynov eyni zamanda Azərbayaca dəvət olunan həkimlərlə bağlı məlumat verdi: "Fondun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib. 28 fevral - 7 mart 2021-ci il tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.

Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəmizə gətirilib. Avadanlıqdan 7 yaralının müalicəsində istifadə olunub.

Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.

2021-ci ilin 12 avqust tarixində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib. 2022-ci ilin avqust ayında yenidən Məsud Aşina və Harvard Tibb Məktəbinin Nevrologiya və anesteziologiya kafedrasnın dosenti, Bostondakı “Beth İsrael Deaconess” Tibb Mərkəzinin Baş ağrısı şöbəsinin rəhbəri Səid Aşina tərəfindən Vətən müharibəsi zamanı başından ağır xəsarətlər alan 14 yaralı Bakı Sağlamlıq Mərkəzində təkrar müayinə prosesinə cəlb edilib və onlara uyğun müalicə təyin olunub.

2021-ci ilin 12 avqust tarixində İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

Türkiyə Respublikasında (İstanbul, Bursa və İzmit) Fondun dəstəyi ilə müalicə alan 28 ağır yaralının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə komissiya (2022-ci il 13 yanvar-16 yanvar) təşkil olunub".

Qeyd edildi ki, komissiya üzvlərinin tərkibinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iki əməkdaşı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin iki əməkdaşı daxildir.

2022-ci il 24 fevral tarixində Türkiyənin ən böyük xəstəxanalarından olan “VM Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası (beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu) ölkəmizə gəlib. Həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamalayaraq ölkəyə qayıdan 20 yaralı və bir şəhid övladını müayinə ediblər".

Həmçinin, bildirildi ki, “YAŞAT” Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Türkiyə Respublikasında müalicəsi davam edən bəzi şəxslərin ölkəyə geri qayıdan zaman reabilitasiya prosesinin harda davam etdirmələri barədə müzakirələr aparılıb.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR