İnsanlara hürriyət, millətlərə istiqlal!

Yas və toy sahiblərinə vergi tətbiqi təklifinə reaksiyalar

Öncə mərasimlərimizi israf və dəbdəbədən xilas edək; iddia: “Aydın Xan Əbilov bu fikirləri hökumətin sifarişi ilə səsləndirib”

“Azərbaycanda vergi mədəniyyəti ilə bağlı ictimai düşüncədə olan kompleksləri yox etmək lazımdır və insanlar qəbul etməlidirlər ki, bir dövlətin yaşaması üçün rüşvəti aradan qaldırmaq, korrupsiyanı məhv etməklə yanaşı, mütləq vergi mədəniyyəti bütövlükdə cəmiyyətdə oturuşmalıdır”.

Bu sözləri Yenisabah.az-a yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Kulturoloq toy və yas məclislərindən əldə edilən gəlirin vergiyə cəlb olunmasını təklif edib: “Ona görə də hər bir insan işləyən zaman, mükafat alan zaman onun ailə büdcəsinə pul gələn zaman dövlətə mütləq vergi verməlidir və bu onun müqəddəs borcudur. Vergilər verilməsə, dövlət orqanları çalışa bilməz, pensiyalar verilə bilməz, məktəblər işləyə bilməz, dövlətlərin sosial problemləri həll oluna bilməz. Bu baxımdan, Azərbaycanda toylar və yaslarla bağlı vergi mədəniyyəti olmalıdır. Bir toydan 50-100 min yığıla bilər və bunun yarısı xərclərə gedir, o xərcləri kənara qoyuram, lakin real gəlir var və o gəlirin müəyyən faizi dövlətin büdcəsinə getməlidir. Yoxsa hər kəs uşaq pulu istəyir, pensiyaların artmasını tələb edir, məvaciblərinin artırılmasını istəyir, bəs dövlət bu pulu haradansa götürməlidir ki, artım da olsun”.

Sözünə davam edən kulturoloq bildirib: “Qəribədir, biz 10 manat lotereyadan pul udanda həmin puldan vergi tutulur, baklara pul qoyduqda faiz götürürüksə, həmin faizdən də vergi tutulur. Amma toyda, yasda, ad günü şənliklərində qazanılan həmin pullardan, nəmərlərdən, yığılan vəsaitlərdən heç bir vergi tutulmur. Yüz minlərlə qazanılan puldan insanlar vergi vermək istəmir. Bu nə dərəcədə düzgündür?”

Onun sözlərinə görə, toylardan tutulan vergi hesabına kasıb təbəqəyə kömək etmək də mümkündür və bu, ədalət prinsipi ilə tənzimlənməlidir: “Burada bir məsələ var, düşünürəm ki, yuxarı və orta təbəqə vergi verməlidir, amma aşağı təbəqə üçün əksinə, dövlət kompensasiya ödəməlidir. Çünki kasıb toy etdiyi zaman bəzən restoranlara verməyə pulu olmur, bu da həm yeni yaranan ailənin özü üçün problem olur, həm də toy edən valideynlər üçün. Biz ədalət prinsipini qorumaq şərti ilə bu məsələyə xüsusi önəm verməliyik”.

Kulturoloqun təklifi Azərbaycanda nə dərəcədə reallaşa bilər və nə verəcək? Bəlkə yas və toy yiyələrinə vergi tətbiqindən öncə yas və toy mərasimlərimizi israfdan, dəbdəbədən necə xilas etmək barədə düşünək?

Xəmsə” restoranının sahibi Mürvət Həsənli qaydaları pozdu, 5 min manat  cərimə olundu

Mürvət Həsənli 

Mövzu ilə bağlı “Xəmsə” restoranlar şəbəkəsinin sahibi, iş adamı Mürvət Həsənli “Yeni Müsavat”a danışıb. İş adamı kulturoloqun təklifinin məntiqsiz olduğunu bildirib: “Tutaq ki, kimsə toy edir və toyuna 150 nəfər gəlir, pul yazdırır. Qarşılığında həmin toy sahibi gələcəkdə pul yazdıranların toyuna gedib, həmin pulu yazdırır. Yəni burada toy sahibinin gəliri olmur. Yəni tutaq ki, kimsə onun toyuna 100 manat yazdırıbsa, gələcəkdə o da həmin adamın toyuna 100 manat yazdırır. Yaxşı, indi burada hansı gəlir əldə oluanur ki, camaat ona görə vergi ödəsin?

O ki qaldı mükafata, kimsə toy sahibinə mükafat verəndə, qarşılığında toy sahibi də gələcəkdə onun övladının toyuna mükafat alır".

İqtisadçı deputat Vahid Əhmədov da təklif olunan fikri məqbul hesab etmədiyini bildirdi: “Xatırlayırsınızsa, bir müddət əvvəl müğənnilərə müəyyən rüsumlar qoyuldu və qaydasına salındı. Yəni əgər normal fəaliyyət varsa və həmin fəaliyyəti  qiymətləndirmək mümkündürsə, bu başqa məsələ. Amma elə fəaliyyət növü var ki, onu qiymətləndirmək mümkün deyil”. 

Kartof-soğanı bahalaşdıran daha bir amil - idxal azaldılanda da problem  olur, çoxaldılanda da...

Akif Nəsirli

İqtisadçı Akif Nəsirli isə qeyd edib: “Aydın Xan Əbilov dostumuzdur. Amma ola bilsin ki, onun mədəniyyət sahəsində düşüncələri gərəkli, faydalı olsun, amma bu dedikləri mədəniyyətə aid deyil, tamam fərqli məsələdir.

Tutaq ki, toya nəmər salınır. Buna görə insanlardan vergi tutmaq lazım deyil. Həmin puldan yeni qurulan ailənin ehtiyaclarını ödəmək üçün istifadə etmək lazımdır. Çox təəssüf ki, biz bu gün belə istifadə etmirik, toy günü yığılan pulların hamısını digər məsələlərə, artıq məsrəflərə xərcləyirik. Məsələn, maşının  kirayələnməsinə, musiqiçilərin gəlməsinə və sairə. Yəni bir günün içində yığılan vəsait bir günün içində də xərclənir, yeni  ailə quran cütlüyə heç nə qalmır. Əslində bu problemi, israfcılıq məsələsini qabartmaq lazımdır.

Yasa gəldikdə isə insanlar hüzr yerinə gəlib, rəmzi olaraq ehsan yeyir və yas sahibinə kömək, dəstək məqsədilə 30-40 manat yazdırır. Bu ondan ötrüdür ki, yas sahibi dəfn və digər xərclərini qarşılaya bilsin. Başqa bir məsələ, məlum olduğu kimi, dövlətin büdcəsinin əsas hissəsi  neft pullarından formalaşır. Belə olan halda isə bir tərəfdən rüsum, bir tərəfdən cərimə artırılır, bir tərəfdən vergi tutmaq mənbələri axtarılır. Bunların hansı vətəndaşın xeyrinədir? Çox maraqlı tendensiya müşahidə olunur. Hesab edirəm ki, Aydın xan Əbilova da hökumətin sifarişi ilə bu cür fikirlər səsləndirib".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR