İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP yanvar seçkisinə 8071 namizəd tapdı

Digər partiyaların namizədlərinin sayı bəllidirmi?

Bəlli olduğu kimi, gələn il yanvarın 29-da ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Hazırda bələdiyyələrə namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi davam edir. 

Mərkəzi Seçki Komissiyasının siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. 

YAP seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə ümumilikdə 8071 namizədin siyahısının təsdiqləyib. 

Bu arada, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Mərkəzi Seçki Komissiyasını ittiham edib. “Seçkilərin təbliğatı ilə rəsmi şəkildə Mərkəzi Seçki Komissiyası məşğul olmalıdır. Dövlət bunun üçün milyonlarla pul ayırır. MSK isə öz üzərinə düşən işi yerinə yetirmir. Çox güman ki, seçkiyə 2-3 gün qalmış 1-2 dənə plakat yapışdıracaqlar və bununla da öz vəzifələrini yerinə yetirmiş hesab edəcəklər”.

MSK-dan isə “Yeni Müsavat”a bildirildi ki, seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi hələ başlamayıb. MSK seçki təqviminə uyğun olaraq seçki prosesini həyata keçirir. Hazırda namizədlərin irəli sürülməsi mərhələsidir. Namizədlərin qeydiyyatı mərhələsi başa çatdıqdan sonra təbliğat-təşviqat kampaniyası start götürəcək. Müvafiq yazılı və videomateriallardan ibarət təşviqat materialları da bu mərhələdə qanunda nəzərdə tutulmuş şəkildə lazımi səviyyədə yayılacaq.  

Bəs digər partiyalar bələdiyyə seçkilərində namizədlərinin sayını müəyyən edibmi? Seçki kampaniyasının indiki mərhələsi necə gedir?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, bələdiyyə seçkilərində iştirakla bağlı partiyanın qərarı var: “Namizədlərimizi müəyyənləşdiririk, proses demək olar ki, yekunlaşıb. Bütün bələdiyyələri əhatə etmirik. Bu da təbiidir. İnsanlarımızda təəssüf ki, bələdiyyələrdə təmsil olunmaq həvəsi lazımi səviyyədə deyil. Bu da bələdiyyələrin statusu və fəaliyyəti ilə bağlıdır”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə qeyd etdi ki,  rəhbərlik etdiyi partiya bələdiyyə seçkilərində iştirak qərarını verib. Hazırlıq işləri gedir: “Namizədlərimizin sənədləri təqdim etmə prosesidir. Namizədlərimizin dəqiq sayını bu prosesin sonunda açıqlaya bilərik. Seçkilərlə bağlı işlər qaydasındadır”.  

Akif Nağı yenidən QAT sədri seçilib

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, YAP hakimiyyətdə olan partiyadır, resursları böyükdür, təcrübələri çoxdur. Ona görə də YAP-ın bütün bələdiyyələrdən bütün bələdiyyə üzvü yerlərinə namizədlər irəli sürməsi təbiidir. Azad Vətən Partiyası isə yenə yaranmış siyasi partiyadır və bu səbəbdən hakim partiyadan fərqli olaraq daha az namizədlə seçkiyə qatılıb: “Biz hər seçkidə çalışırıq ki, qarşımıza müəyyən vəzifələr qoyaq və onları yerinə yetirək. Bələdiyyə seçkilərində iştirakla bağlı qərarımız var, iştirak edəcəyik. Təxminən 100-dən artıq namizədimizi verməyi planlaşdırırıq. Partiya siyahısı ilə seçkidə iştirak edəcəyik. Əsasən rayonları əhatə eləməyə çalışırıq ki, ən azından 25-30 rayon əhatə olunsun. Seçki prosesinin indiki mərhələsi normal gedir. Bundan sonra təbliğat-təşviqat mərhələsi gəlir. İşlərimizi bu mərhələdə də davam etdirəcəyik”. 

Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu - GlobalInfo.az

Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, partiya olaraq seçkilərdə iştirak etməklə yanaşı, hər bir bələdiyyəyə namizəd irəli sürmək fikrində deyillər: “Çünki bu bizə əlavə izafi iş bahasına başa gəlir. Yerli təşkilatlarımıza bələdiyyə üzvlüyünə namizədlər vermələrini tapşırmışıq. Amma kütləvi sayda namizədimiz olmayacaq. Çünki əvvəldən bu qərara gəlmişik. İnsanların bələdiyyə seçkilərinə yüksək marağının olmadığını da nəzərə almışıq. Seçkiyə həm də sırf partiya üzvlərimizin seçki təcrübələrinin artırılması üçün gedirik. Namizədlərimizin sayı minlərlə deyil. Namizədlərimizi dəstəkləyəcəyik”. 

Niyaməddin Orduxanlı: Bəzi dairələri susdurduq

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə qeyd etdi ki, təmsil etdiyi partiya bələdiyyə seçkiləri ilə bağlı MSK-da rəsmi qeydiyyata alınıb: “Həm səlahiyyətli nümayəndələrimiz, həm də maliyyə məsələləri üzrə nümayəndələrimiz təsdiqlənib. Təxminən 1 ay öncə partiyanın Ali Məclisində qərar vermişdik ki, bələdiyyə seçkilərində iştirak edəcəyik. 60-a yaxın rayon şöbəsinə tövsiyəmiz olmuşdu ki, dairələr üzrə namizədlərimiz irəli sürülsün. Artıq konkret bilirik ki, hansı seçki dairələri üzrə namizədlərimiz irəli sürüləcək. Sənədləşmə işləri aparılır. Yaxın müddətdə həmin namizədlər partiyanın namizədləri kimi rəsmi irəli sürüləcək. O zaman partiyanın konkret neçə dairədən neçə namizədinin olacağı ilə bağlı mediaya açıqlamamız veriləcək”.

Bu arada, MSK 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacağını açıqlayıb: 

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- “Azərbaycan” qəzeti;

- “Xalq qəzeti”;

- “Respublika” qəzeti;

- “Bakinski raboçi” qəzeti.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR