Onlayn ictimai-siyasi qəzet
“Sea Breeze” layihəsinin tikintisi zamanı subpodratçı şirkətlərdən birinin işçisi olan Babək dünyasını dəyişib. İş zamanı vəfat edən Babəkin ailəsi verilən kompensasiya ilə razılaşmayıb.
Musavat.com xəbər verir ki, hadisə “Sea Breeze” yaşayış massivində inşa edilən “Park Residence” yaşayış kompleksindəki mənzillərin təmiri zamanı baş verib. “Park Residence” ilə podratçı şirkət "Build Park” MMC arasında müqavilə bağlanıb. "Build Park” MMC isə subpodratçı olaraq Ramil adlı şəxslə müqavilə bağlayıb.
Mənzillərin təmiri zamanı gündəlik ödəniş olaraq 40 manata bir neçə fəhlə işə cəlb olunub. Onlardan biri də Babək olub. Babək Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində yanğınsöndürən kimi çalışırmış. Növbədə olmadığı günlərdə isə fəhləlik edirmiş.
Babək tikintisi davam edən binada yük daşıyarkən pilləkan boşluğundan yıxılaraq dünyasını dəyişib. Təhlükəsizlik qaydalarına əməl edilmədiyi, işçilərin təhlükəsizliyi təmin olunmadığı üçün subpodratçı şirkətin rəsmisi Ramil adlı şəxs məsuliyyətə cəlb edilib.
Hüquqi varis kimi mərhum Babəkin xanımı tanınıb. Şirkətdən 30 min manat kompensasiya tələb edən ailə qarşı tərəfin 25 min manatlıq təklifi ilə razılaşmayıb. Qarşı tərəf isə 25 min manatdan artıq ödəniş etmək istəməyib.
Mərhumun xanımı yayılan yalan məlumatlardan da narazılığını bildirib. Deyib ki, bəzi şəxslər onlara ev və 40 min dollar pul verilməsi ilə bağlı yalan fikirlər səsləndirirlər.
Ona qarşı Cinayət Məcəlləsinin 162.2-ci (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində insan ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə bir il müddətə tikinti sahəsində təmir-tikinti işləri məşğul olma hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cəzasını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Dəymiş zərərin qarşılığı olaraq isə məhkəmə belə qənaətə gəlib ki, ilkin razılıq 25 min manat olub. Lakin mərhumun ailəsi sonradan məbləğin 5 min manat artırılmasını istəyib. Təqsirləndirilən şəxsin isə 25 min manatdan artıq ödəniş etməyə imkanı çatmır.
İ.Muradov
Musavat.com
27 Dekabr 2024
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ