Onlayn ictimai-siyasi qəzet
"ABŞ prezidenti Donald Tramp "Fox News" televiziya kanalına müsahibəsində Çin lideri Si Cinpinlə görüşə biləcəyini istisna etməyib. Tramp bu görüşdə Cinpinlə ticarət sazişi imzalamağı planlaşdırır".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, buna misal kimi Tramp Böyük Britaniya ilə əldə edilən razılaşmanı göstərib:
"Sadəcə əsas fərq odur ki, London Vaşinqtonun tərəfdaşı, Pekin isə rəqibidir. ABŞ Çinlə sazişlər imzalasa da, bu iki dövlət arasında siyasi, iqtisadi və hərbi müstəvilərdə rəqabət davam edəcək.
Vaşinqtonla Pekin arasında Cenevrədə əldə edilən son razılaşmaya görə, ABŞ Çin məhsullarına tətbiq etdiyi rüsumları 30 faizə qədər, Çin isə 10 faizə qədər nedirəcək. Halbuki, daha əvvəl Tramp Çin məhsullarına rüsumları 145 faizə qədər artırmışdı. Buna cavab olaraq Çin də ABŞ məhsullarına tətbiq etdiyi rüsumları 125 faizə qədər artırmışdı.
Tramp Cinpinlə görüş üçün 3 variant təklif edib. Liderlərin görüşü ya ABŞ-da, ya Çində, ya da üçüncü ölkələrin birində keçirilə bilər. Mövcud razılaşma iki ölkə arasında iqtisadi münasibətlərin normallaşmasına imkan verəcəkmi?
Donald Trampın əsas məqsədi Çinlə ticarətdə balansa nail olmaqdır. Çünki iki ölkə arasında ticarətdə üstünlük Çindədir, bu ölkə aldığından çox satır. Tramp bu durumu dəyişməyə çalışacaq.
Si Cinpinin ticarət sazişini Vaşinqtonda imzalaması ehtimalı azdır. Bu halda Cinpin zəif fiqur kimi görünəcək. Trampın isə Pekinə səfər ehtimalı az deyil. Ancaq bunun üçün Tramp Pekindən istədiklərinin hamısının əldə etməlidir. Misal üçün, Donald Tramp ilk xarici səfərini ona görə Səudiyyə Ərəbistanına reallaşdırdı ki, Ər-Riyad Vaşinqtonla yüz milyardlıq dollarlıq müxtəlif sazişlər imzalayıb.
Ayrıca, Səudiyyə Ərəbistanı ABŞ-dan böyük miqdarda silah və hərbi texnika alacaq. Tramp Cinpinlə görüşdən də oxşar nəticələr əldə etməyə çalışacaq. Donald Trampın diqqətdə saxladığı mövzular çoxdur və Ağ Ev sahibi hər məsələdə uğur qazanmağa çalışır. O, həm Rusiya-Ukrayna müharibəsini dayandırmaq, həm Qəzzada sülhə nail olmaq, həm də İranı nüvə proqramından imtinaya sövq etmək istəyir.
Bu arada, Hindistanla Pakistan arasında atəşkəsə nail olunmasında da Trampın payı var".
Xalidə Gəray
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ