Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla bağlı 33 illik qadağa nə üçün götürüldü?
Böyük Britaniya Azərbaycana və Ermənistana qarşı 1992-ci ildən qüvvədə olan silah embarqosunu götürüb. Bu barədə yayılan rəsmi məlumatda iki ölkə arasında davam edən sülh prosesi, o sırada avqustun 8-də Vaşinqtonda imzalanan sənəd əsas kimi göstərilir
Məlumatda həmçinin ümid ifadə edilir ki, qərar təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığın inkişafına imkan verəcək və hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü, o cümlədən ənənəvi və hibrid təhdidlərə qarşı mübarizəni dəstəkləyəcək.
Silah embarqosunun götürülməsində Britaniyanın başqa hansı niyyətləri rol oynadı? Bakı bu NATO ölkəsindən hansı silahlar və ya sistemlər sifariş verə bilər?
Yada salaq ki, bu ilin martında Böyük Britaniyanın Bakıdakı səfirliyinə ilk dəfə hərbi attaşe təyin edilib.
Böyük Britaniyanın Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tamamilə ləğv etdiyini açıqlayan Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti isə bu ilin avqust ayında Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşüb.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, Ermənistanla da yaxşı münasibətləri var, ona görə də bu ölkəyə qarşı da silah embarqosunu ləğv etməyə qərar verib: “Qərb ölkələrinin uzun illər Azərbaycan və Ermənistana silah satışı qadağası olub. Qərb ölkələri, o cümlədən Britaniya ümid edirdi ki, danışıqlar nəticəsində Azərbaycanla Ermənistan arasında sülh əldə ediləcək. Ancaq Azərbaycan münaqişənin həlli ilə məşğul olan Minsk Qrupunun fəaliyyətindən narazı idi. Azərbaycanın sülh üçün əsas şərti olan ərazi bütövlüyü təmin edilmirdi. Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq istəmirdi. Bu səbəbdən Azərbaycan öz ordusunu gücləndirdi və tərəfdaş dövlətlərdən aldığı silah və hərbi texnika, həmçinin özünün istehsal etdiyi silahlar vasitəsilə 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi. Bundan sonra Azərbaycana qarşı silah embarqosunun tətbiqinin mənası qalmadı. Ermənistan Fransa, Rusiya və Hindistandan, Azərbaycan isə Türkiyə və İsraildən silah və hərbi texnika alırdı. Azərbaycan və Ermənistan müharibədən sonra da hərbi texnika alışına milyardlarla dollar pul xərcləyirlər. Bu səbəbdən Avropa ölkələrinin hərbi texnika istehsal edən müəssisələrinə qazanc əldə etmək məqsədilə Azərbaycana və Ermənistana silah satmaq icazəsi verildi. Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir”.
Ekspert qeyd edir ki, Böyük Britaniyanın Azərbaycana və Ermənistan hərbi texnika satışının başqa səbəbi də var: "Böyük Britaniya Azərbaycanın və Ermənistanın Rusiyadan hərbi texnika almasını istəmir. Çünki bu halda Azərbaycanın və Ermənistanın Rusiyadan asılılığı arta bilər. Digət tərəfdən, Qərb ölkələrinin, o cümlədən Böyük Britaniyanın hərbi texnikası Azərbaycana və Ermənistana Rusiyanın mümkün təhdidindən qorunmağa imkan verəcək. Ukraynanın Rusiyanın ona qarşı işğalçı müharibəyə başlamadan əvvəl müxtəlif çeşidli Qərb istehsalı olan hərbi texnikası və raket sistemləri olsaydı, Kreml qonşu ölkəyə qarşı müharibəyə başlamağa risk etməzdi".
Politoloq dedi ki, Azərbaycanın gələcəkdə Böyük Britaniyanın müasir silahlarını alacağı gözləniləndir: “Yəqin ki, Azərbaycan Ordusunun silah arsenalında NATO üzvü olan Böyük Britaniyanın silahları da gələcəkdə yer alacaq. Hansı silahların alınacağını isə bu gün dəqiq söyləmək çətindir. Azərbaycan ən keyfiyyətli silahlarla və hərbi texnikaya üstünlük verməlidir. Bu elə silahlar olmalıdır ki, döyüşdə özünü keyfiyyətli göstərsin və həmin hərbi texnikanın hissələri daima Azərbaycana gətirilsin. Ermənistanın indiki vəziyyətdə bahalı Britaniya silahlarını almağa gücünün çatacağı ehtimalı yüksək deyil”.
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmməd isə Medianews.az-a deyib ki, Birinci Qarabağ müharibəsinə görə bir çox ölkə Azərbaycana və Ermənistana silah embarqoları tətbiq etmişdi, amma bəzi ölkələr bu embarqolara əhəmiyyət vermirdi: “Avropa ölkələri, məsələn, Çexiya şirkətləri Azərbaycana silah satırdı. Böyük Britaniyadan silah alınması məsələsinə gəlincə, silahlar ordunun ehtiyacına görə alınır. Hər halda, Azərbaycan tərəfi araşdırma apararaq, orduda ilk növbədə nələrə ehtiyac olduğunu hesablayacaq... Hazırda Azərbaycan hava hücumundan müdafiə sistemlərini daha da təkmilləşdirmək xəttini tutub. Ona görə birinci ağla gələn hava hücumundan müdafiə sistemləridir. Daha sonra müxtəlif artilleriya qurğuları, haubitsalar, radioelektron mübarizə vasitələri, radarlar, mərmilər - bunların hamısı mümkün variantlardır. Bundan əlavə, Azərbaycanın hərbi donanmanı da yeniləmək niyyətində olduğu görünür. Azərbaycanın bir neçə ölkənin, o cümlədən Pakistanın hərbi donanma komandanları ilə keçirdiyi görüşlər onu düşünməyə əsas verir ki, ölkəmiz hərbi donanmanı yeniləmək əzmindədir. Mümkün variantdır ki, Böyük Britaniyanın rəsmi qurumları və ya ayrı-ayrı şirkətləri ilə bu istiqamətdə razılıqlar əldə edilsin”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ