İnsanlara hürriyət, millətlərə istiqlal!

Ya ABŞ-ı, ya da Rusiyanı seçin- Ceyms O'Brayendən hədə kimi MESAJ

Azərbaycan əleyhinə qərarın arxasında ABŞ, yoxsa Rusiya var?-Bəlkə də hər ikisi...   

 

Azərbaycan nümayəndə heyətinin AŞ PA-ya qayıdıb-qayıtmaması müzakirələrində indilikdə ağırlıq ikincidədir, hər halda, ümumi əhval-ruhiyyə bu yöndədir. Bizim nümayəndə heyəti bəyanat verib Strasburq tərk edəndən sonra AŞ PA-dan verilən reaksiyalar da belə düşünməyə əsas verir ki, orada da mövqe yumşalması yoxdur. Yəni qarşılıqlı ittihamlar hələ davam edəcək. 

Yada salaq ki,  qərar dörd əsas səbəbə əsaslanaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması şəklində qəbul edilib. Bu səbəblər arasında 2023-cü ildə Azərbaycanın AŞ PA məruzəçilərinin Laçın dəhlizinə daxil olmasına icazə verməməsi, insan hüquqlarının pozulmasının davam etməsi, siyasi məhbusların sayının artması və AŞ PA-nı 7 fevral prezident seçkilərini qiymətləndirməyə dəvət etməkdən imtina var.

FotoJet - 2024-01-24T181829.817.jpg (787 KB)

AŞ PA-da Azərbaycanla bağlı verilmiş qərar dünya mediasında  xüsusi rezonans doğurmadı. Yəni bu “AŞ PA-nın  daxili  məsələsi” kimi qiymətləndirilir ki, biz də, bu mövzuda necə deyərlər, bir az yavaşlamalı, olası müzakirələrdə isə emosiyaları kənara qoymalı, orta xətti tapmaq barədə çağırışlara daha çox yer verməliyik. Fövqəladə heç nə baş verməyib,  amma bir ölkəni olan-olmayan hər şeyə görə suçlu çıxarmağa çalışarsansa, olacağı da budur...  

AŞ PA-nın gərgin olan qış sessiyası başa çatdı və Azərbaycan mövzusu ətrafında müzakirələr də, spekulyasiyalar da təbii olaraq səngiyəcək. Ermənistan hələ ki, Azərbaycanla bağlı qərarın “suyunu” çıxaradək istismar edəcək, burada da təəccüblü heç nə yoxdur, biz də olsaq, bu cür edərdik... 

Rəsmi Bakının bundan sonrakı addımları haqda faydalı olanları da, zərərli də təkliflərə rast gəlinir. Anti-Azərbaycan qərarının qəbulu ilə bağlı yeni iddia da var. Azərbaycan nümayəndə heyətinin mandatının dayandırılması ilə bağlı qərarda Rusiyanın  əli olduğu iddia edilir. Bunu ilk dəfədir, Azərbaycan nümayəndə heyətinin “ReAL”çı üzvü Musavat.TV-də səsləndirib. Maraqlı yorumdur. Rusiya mediasını izlədiyimi üçün bu mövzuda xüsusi fəallıqları olmadığı, ancaq xəbər janrına üstünlük verdiklərini demək olar. Bəllidir ki, AŞ PA-nın bu qərarın Bakı-Moskva münasibətləri ilə izah edənlər də var. Bildirilir ki, Avropa Bakının Rusiya hakimiyyəti ilə yaxınlığını qısqanclıq altına alıb. Rusiyadan anti-Azərbaycan qərarına xüsusi reaksiyalar yoxdur, hələ ki, səslənən son açıqlamaya da. 

original-1.jpg (345 KB)

Rusiya 23 ay əvvəl(2022-ci ilin fevralı) dünyanın dəngəsini dəyişən savaşı başlatdı, o səbəbdən AŞ PA-dakı qərarın “bir ucunu” Moskvaya bağlamaq da olar. Amma Rusiyanı dünyada hər bəlalarda, hətta uçan quşun lələyinin qopmasında da ittiham etmək kimi bir trend də var ki, şəxsən mən bunu mənasız hesab edirəm. Amma yenə qeyd edirəm ki, Rusiyanın əli həqiqətən də uzundur, səsvermədə bizim əleyhimizə də, bitərəfə qalanlara da təsir rıçaqları hələ də qalır. O səbəbdən deputatın dediklərini “qəribsəməmək” lazımdır...

 755619161980608.jpeg (2.53 MB)

Amerikanın isə AŞ PA-dakı qərarın “harasında” olduğu haqda ötən yazılarda qeyd etmişdik.  Vaşinqton Fransanın və Britaniyanın dəstəyi ilə Rusiya ilə normal münasibətləri olan xüsusi keçmiş postsovet ölkələrini sıxmaqdadır və bu proses davam edir. ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen srağagün Almaniya Marşal Fondunda maraq doğuran açıqlama ilə çıxış edib. Ceyms O'Brayen bildirib ki, son onilliklərdə Avropaya can atan, lakin dəqiq strategiyası olmayan, özünü “Rusiya və ABŞ arasında” görənlər  ölkələr  olub. “Bu mənzərə Xəzər sahillərindən,  hətta Mərkəzi Asiyadan Adriatikə qədər müşahidə olunur. Bu, bizim təhlükəsizliyimiz, həm də həmin dövlətlərin sakinləri üçün ciddi problemdir. Bu boz məkan qaydalardan kənarda olmağı sevən siyasətçilərin çiçəklənməsinə imkan verir. Onlar hər hansı qayda olmadan hamı ilə oynaya bilər” deyə, O' Brayen fikrini yekunlaşdırıb.  Zənnimcə,  ABŞ-ın Qərbi Balkanlar, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı siyasətinə cavabdeh olan  O'Brayenin mesajı kifayət qədər aydın verib. ABŞ demək istəyir ki, balanslaşmış siyasət daha faydasızdır, hətta həmin ölkələrin liderlərinə xeyirdir. Ona görə ya ABŞ-ı, ya Rusiyanı seçmək lazımdır. Bu bəyanatla bağlı  mövzuya başqa yazıda qayıdarıq, amma AŞ PA da qəbul olunan qərar haqda düşünəndə bu bəyanatı da mütləq dəyərləndirmək lazımdır...

Nazim SABİROĞLU,
Musavat.com    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR