İnsanlara hürriyət, millətlərə istiqlal!

Xristianların Bakıdakı Pasxa sevinci: Rəngarəng ayinlər və inam dolu anlar - Video, fotolar  

Bu gün xristianlar müqəddəs Pasxa Günü - İsa Məsihin dirilməsi bayramını qeyd edir.

Xatırladaq ki, bu gün, yəni 20 aprel  həm pravoslav, həm də katoliklərin Pasxa Günüdür. Bu, olduqca nadir təsadüfdür, çünki iki təriqət fərqli təqvimlərə əsaslanır. Belə ki, katoliklər və protestantlar Qriqorian təqviminə, pravoslavlar isə əsasən Yuli təqviminə əsaslanırlar. Bu fərq səbəbindən Pasxa tarixləri çox vaxt üst-üstə düşmür. Lakin bəzi illərdə bayram eyni tarixə təsadüf edir. Sonuncu dəfə katoliklər və pravoslavlar Pasxa bayramını 2017-ci ildə (16 aprel) birlikdə qeyd ediblər. 

 Bu tarix 2028-ci ildə yenidən üst-üstə düşəcək. Bu əlamətdar kilsə bayramını qeyd ediləcəyi yaxın tarixlər belədir:

2026 - Roma katolikləri 5 aprel, pravoslavlar 12 aprel;

2027 - Roma katolikləri 28 mart, pravoslavlar 5 may;

2028 - Roma Katolikləri və Pravoslavları 16 aprel;

2029 - Roma katolikləri 1 aprel, pravoslavlar 8 aprel;

2030 - Roma katolikləri 21 aprel, pravoslavlar 28 aprel.

Beləliklə, bu hadisə təxminən hər 5-10 ildən bir baş verir. 21-ci əsr boyunca cəmi 13 dəfə belə uyğunluq müşahidə olunacaq.

Məlum olduğu kimi Bakıda yaşayan pravoslavlar adətən metronun “28 may” stansiyasının yaxınlığında yerləşən “Müqəddəs Məryəm - mövlud” rus-pravoslav kilsəsinə üz tutur, gecədən səhərə qədər dualar oxuyurlar.

Pravoslavların Pasxasını yaxından izləmək üçün adı çəkilən kilsədə olduq. 

Kilsədə artıq bayram əhval-ruhiyyəsi hökm sürürdü. Pravoslav xristianlar üçün ilin ən müqəddəs və əziz günlərindən biri olan Pasxa səhəri erkən saatlardan etibarən kilsə həyətinə canlanma gətirmişdi.

Gecə boyu davam edən Pasxa ayinindən sonra bir çoxları evlərinə dönsə də, bayramın səhərini kilsədə qarşılayanlar da az deyildi. Ailələr, gənclər və yaşlılar hamı əllərində Pasxa çörəyi (kuliç), boyanmış yumurtalar və şamlarla birlikdə müqəddəs məkanın sakitliyinə sığınmışdı.

Kilsənin zəngləri çalındıqca insanlar növbə ilə əllərində bədmüşk budaqları, şirniyyat səbətləri ilə birlikdə kilsəyə daxil olur,  dualar edən keşişə yaxınlaşırlar. Keşiş isə dua oxuya-oxuya yaxınlaşan insanlara və onların əllərindəki şirniyyatlara, bədmüşk ağacının budaqlarına su çiləyir, “İsa Məsih dirildi” deyib, bayramlarını təbrik edirdi.

İnanca görə bədmüşk (və ya qarağac kimi tanınan bu yumşaq budaqlar) negativ enerjini, xəstəlikləri, pis fikirləri və evdəki gərgin ab-havanı özünə çəkir. Bu səbəbdən Pasxa günü bu budaqlar xüsusi əhəmiyyət daşıyır. Səhər tezdən insanlar kilsəyə gələrkən əllərində yalnız şam və çörək deyil, həm də bir neçə ədəd bədmüşk budağı olur.

Kilsədə keşiş bu budaqların üzərinə müqəddəs su çiləyir, onları dua ilə bərəkətləndirir. Budaqlar sanki bu anlarda adi bir təbiət elementi olmaqdan çıxıb mənəvi bir qalxana çevrilir. Sonra isə bu müqəddəs hesab edilən budaqlar evə gətirilir və sakit bir guşədə, çox vaxt ikonaların yanında saxlanılır. Bəzi ailələr onları qapı üstündən asır, bəziləri isə evin içində görünməyən bir yerdə qoruyur.

Bu adət yalnız həmin günlə məhdudlaşmır. Bədmüşk budaqları bir il boyunca evdə qalır. Onları növbəti Pasxaya qədər saxlayırlar – ta ki, yeni Pasxa yaxınlaşanda o budaqlar yandırılır. Beləcə, ötən ilin ağırlıqları, xəstəlikləri, pis xatirələri də alovla birlikdə havaya sovrulur. Yeni Pasxa bayramında isə təkrar kilsədən təzə bədmüşk budaqları alınır və həyatın yeni dövrünə “təmizlənmiş” şəkildə qədəm qoyulur.

Bədmüşk budaqları, sünbülləri 1-2 manatdan başlayaraq, kilsənin həyətində, eləcə də çıxışında almaq mümkündür.

Bəs Pasxa bayramı necə yaranıb?

Qeyd edək ki, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Dini qaydaya görə, pravoslavlar 40 gün xüsusi pəhrizlə oruc tutur. Daha sonra Böyük cümə axşamı - mənəvi təmizlənmə günü keçirilir. Həmin gün inanclara görə İsa peyğəmbərin dəfni günüdür. Ardınca gələn Böyük şənbə günü kədər, İsa peyğəmbərin dirilməsini gözləmək günüdür. Axşamdan pravoslavlar kilsəyə toplaşır və İsanın dirilməsini, Pasxanı qeyd edirlər. Gecədən başlayan dini ayinlər səhər saatlarında da davam edir.

Məlumata görə, ilk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl, israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər. Əhdi-Ətiqdə Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. Elə “Pasxa” sözü də qədim yəhudi dilində “xilas olma”, “qurtulma” deməkdir.

Pasxa ölüm üzərində qələbə bayramı hesab edilir. Mart ayında, gecə və gündüz bərabərləşəndən 30 gün sonra ay bədirlənirsə, ilk bazar günündə bayram edilir.

Bayram səbətləri, rəngli yumurtalar və müqəddəs kuliç: Pasxa süfrəsinin sirri

Kilsəsinin həyətində qurulan uzun süfrələr ilk baxışda bazar səhnəsini xatırladır. Şirniyyatlar, boyanmış yumurtalar, rəngbərəng lentlərlə bəzədilmiş səbətlər süfrələrə düzülüb. Lakin bir az yaxınlaşıb söhbətə qulaq verəndə anlayırsan: burada heç nə satılmır. Əksinə, bu, imanla, sevgi ilə və qədim adətlərə sədaqətlə düzülmüş bir süfrədir.

İbadətlərini başa vuran insanlar süfrənin ətrafında toplaşır, əllərindəki səbətləri ehtiramla düzürlər. Bəziləri evinə aparmaq üçün, bəziləri qohumlarına hədiyyə etməyə hazırlaşır. Amma elələri də var ki, səbətindən bir neçə boyanmış yumurta və kuliç götürüb, kimsəsizlər üçün ayrılmış guşəyə, sədəqə masasına səssizcə qoyur, dua edib kilsədən ayrılır. Bu səssiz paylaşım xeyirxahlığın və sadəliyin gözəl bir simvoluna çevrilir.

Bu səbətlərin içində iki simvol xüsusilə seçilir: kuliç və boyanmış yumurta.

Kuliç – yüksək, silindr formasında, üstü şəkərlə bəzədilmiş xüsusi Pasxa çörəyidir. Onu hazırlamaq sadəcə bişirmə prosesi deyil, bu bir ayindir, səbir və imanla görülən işdir. İnanclara görə, kuliç yeyən insan şər qüvvələrdən, pis ruhlardan qorunur. Kuliç bişirildikdən sonra kilsəyə gətirilir, keşiş onun üzərinə dua oxuyur və müqəddəs su çiləyir. Bu mərasimdən sonra çörək müqəddəsləşmiş hesab olunur və bayram süfrəsinin mərkəzinə qoyulur.

Boyanmış yumurta isə Pasxanın bəlkə də ən tanınan və simvolik rəmzidir. Rəvayətə görə, Mariya Maqdalena İsa Məsihin dirildiyini öyrəndikdə Roma imperatoru Tiberinin sarayına gedərək ona bir ağ yumurta təqdim edib və demişdi: “İsa dirildi!”. İmperator isə inamsızlıqla cavab vermişdi: “Ağ yumurtanın qırmızıya çevrilməsi nə qədər mümkünsüzdürsə, bu xəbərə inanmaq da o qədər çətindir”. Elə həmin anda ağ yumurta qırmızıya çevrilmişdi. Bu möcüzə, qırmızı yumurtanı dirilmənin və Pasxa möcüzəsinin əbədi rəmzinə çevirdi.

Yumurta – həyatın, doğuluşun simvolu olaraq dirilməni, yeni başlanğıcı, günahdan təmizlənmiş bəşəriyyəti təcəssüm etdirir. Qırmızı rəng isə yalnız sevincin deyil, həm də İsa Məsihin çarmıxda axıtdığı müqəddəs qanının, yəni qurtuluşun rəmzidir. Hər boyanmış yumurta, sanki bir duala bükülmüş həyat rəmzidir, sükut içində danışan, lakin mənəviyyatla dolu bir mesaj daşıyan...

Xalidə Gəray
Video və fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR