İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı soyqırımından 31 il ötür - Bayrağımız bu şəhərimizdə bu tarixdə dalğalanacaq

Genosid qurbanlarının qisası həm də Xocalı azad edilməklə alınacaq...

Bu gün erməni vəhşilərinin xalqımıza qarşı törətdiyi ən böyük qətliamlardan biri - Xocalı soyqırımından (25-26 fevral 1992) 31 il ötür. Təəssüf ki, bəşəriyyət əleyhinə törədilən bu qandonduran cinayətin əsas günahkarları - Serj Sərksiyan, Robert Köçəryan, Seyran Ohanyan və digər hərbi canilər indiyədək cəzalanmayıb. Əsas səbəb də “ikili standart” siyasəti yürüdən Qərb-xristian dünyasının “əzabkeş” ermənilərə davam edən təəssübkeşliyi, bitməyən himayəsidir.

Cəzalanan varsa da, o da 44 günlük müharibə zamanı ordumuzun təsadüfən ələ keçirdiyi bəzi canilər oldu. Həmçinin, haqq-ədalətdən dəm vuran, 108 il öncəki uydurma qətliamı siyasiləşdirərək saxta sənədlər əsasında erməni soyqırımı kimi tanıyan Qərb burdan-bura bütün faktlar, daşdan keçən dəlil-sübutlar, canlı şahidlər, video-faktlar ola-ola Xocalı soyqırımını tanımır.

Bəs qisas nə vaxta qaldı? Sözsüz ki, soyqırımı qurbanlarının ruhunu rahat etməyin daha bir yolu Xocalı şəhərini öz nəzarətimizə qaytarmaq, orada öz bayrağımızı ucaltmaqdır (Erməni şərəfsizlər bu qədim türk-müsəlman yurduna da iyrənc ad qoyublar -"İvanyan"). Buna nə zaman nail olacağıq?

Qeyd edək ki,  indiyədək 17 dövlətin (Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala və Latviya, həmçinin ABŞ-ın 24 ştatının, (qardaş Türkiyə aralarında niyə yox?) milli qanunvericilik orqanı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.

Necə etməli ki, onların sayı heç olmasa, saxta erməni soyqırımını tanıyan ölkələrin sayından çox olsun? Azərbaycanın sədri olduğu və 120-dən çox ölkəni birləşdirən Qoşulmama Hərəkatında və ya 54 dövləti ehtiva edın İslam Əməkdaşlıq Təşkilatında, lap elə Türk Dövlətləri Təşkilatında məsələ niyə də qoyulmasın? 

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bu məsələnin tam şəkildə gündəmə gətirilməsinin vaxtı çatıb: “Azərbaycan ilk növbədə müttəfiq və işbirliyində olduğu ölkələrin diqqətini bu məsələyə cəlb etməlidir. İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatına xüsusi diqqət yetirilməlidir. Türkiyə uzun müddət qondarma ”erməni soyqırımı" iddiaları ilə bağlı ehtiyatlı davranır, dünya boyunca əks-reaksiyadan çəkinirdi. Azərbaycan da Türkiyənin bu ikili vəziyyətini anlayışla qarşılayırdı. ABŞ-ın qondarma “soyqırımı”nı tanımasından sonra Türkiyənin daha ehtiyat edəcəyi yer qalmayıb. Ona görə də  Türkiyə 2-ci Qarabağ müharibəsindəki aydın və konkret mövqeyinə, Azərbaycanla birlikdə imzaladıqları “Şuşa Bəyannaməsi”nin ruhuna uyğun olaraq, ləngimədən  məsələni  parlament müzakirələrinə çıxarmalı uyğun qərar, qətnamə qəbul etməlidir. Bu, digərləri üçün də örnək olacaq.

Xocalı soyıqımı qurbanlarının ruhu onda rahatlıq tapacaq ki, Azərbaycan Xocalını azad edəcək və Xocalı sakinləri öz yurdlarına qayıdacaq. Azərbaycan dövləti soyıqırmı məsələsini dünya gündəminə daşımaqla yanaşı, Xocalının nəyin bahasına olur-olsun azad edilməsinə nail olmalıdır.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Otuz ildən çoxdur xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bizim qisasımız Xocalını azad etməyimiz olmalıdır".

Qeyd edək ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar.

Malıbəyli və Quşçular qətliamından 31 il ötür

1990-cı illərin əvvəllərində Xocalıya qədər ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. Hələ faciədən dörd ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan Xocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhər faktiki olaraq mühasirəyə alınmışdı. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi və bu yaşayış məntəqəsinin Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi, yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən atılan raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və azərbaycanlılar yaşayan digər strateji əhəmiyyətə malik kəndlər ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.

1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülüb, onlarla insan yaralanıb və əsir götürülüb.

1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri və Xankəndidəki 366-cı motoatıcı alay Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə, Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalıya aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın miqyasına görə ikinci Xocalı da deyirlər. Bundan başqa ermənilər 24 mart 24 mart 1990-cı ildə Bağanis Ayrım kəndində, 1991-ci ildə Kərkicahanda, 22 dekabr 1991-ci ildə Meşəli kəndində, 1991-ci il ilin iyunu və 1992-ci iin martında Başgüneytəpə kəndində, 1992-ci ili aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində, 1992-ci il avqustun 28-də Ballıqayada, 1993-cü il aprelin 18-də Kəlbəcərin Başlıbel kəndində dinc azərbaycanlılara qarşı dəhşətli qətliamlar, kütləvi qırğlnlar həyata keçiriblər.

Xocalı soyqırımından 30 il keçir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi.

Xocalı soyqırımı xarici mətbuatda 1905.az

Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu. Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Azərbaycanlı əhalinin amansız soyqırımına dair çoxsaylı faktlar sübut edir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR