İnsanlara hürriyət, millətlərə istiqlal!

XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib - Fotolar

Noyabrın 11-də XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib.

Musavat.com bildirir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Nizami Kino Mərkəzində baş tutub.

XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev tədbirdə çıxış edərək festivalın proqramı haqqında ətraflı məlumat verib:

"Bu il festivala 79 ölkədən 814 film qatılıb. Bunlardan 91 film yerli müsabiqəyə təqdim edilib. Seçim Komissiyasının qərarına əsasən 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı “Qızıl Nar” uğrunda yarışacaqlar. Bu ilki festivalın önəmli proqramlarından biri də “Asiya istedadları” müsabiqə proqramıdır. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə 10 film yer alır. Qalibləri Azərbaycan kino tənqidinin yeni dalğasının formalaşmasında birbaşa əməyi olan müəlliflərdən biri Aliyə Dadaşova və Əməkdar rəssam Rəşad Ələkbərzadə seçəcək. Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 4 film yarışacaq. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək. Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Belə ki, “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı – “Bafta” namizədlərinin xüsusi təqdimatı olacaq".

Həmçinin “Dili bizim” müsabiqə proqramının Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nümayiş xarakterli proqramı olmasından danışan F.Şamıyev burada dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlərin nümayiş olunduğunu vurğulayıb.

Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov festivalın təntənəli açılışı münasibətilə kino sənətinə aid olan bütün yaradıcı insanları və kinosevərləri təbrik edib, bu cür festivalların keçirilməsinin önəmli olduğunu vurğulayıb:

“Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Eyni zamanda festival çərçivəsində noyabrın 13-də türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi keçiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də eyni məkanda təşkil olunacaq. Kann, Venesiya, Berlin Film festivallarında, həmçinin “Oskar” mükafatlandırma mərasimində mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır”.

XIII Beynəlxalq Qısa Filmlər Festivalının xarici və yerli müsabiqəsinin münsiflər heyətinin üzvləri olan "Qarğıdalı adası" filmi ilə Karlovı Varı, "Kinoşok" kinofestivallarının baş mükafatını qazanan, tanınmış gürcü rejissoru və prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri, müxtəlif illərdə kino tənqidçi Adilya Xaybulina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, türkiyəli prodüser Emrah Kılıç, əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılan, Əməkdar rəssam Rəşad Ələkbərzadə, "FOCAL" fondunun "AVANTI" proqramının qalibi, rejissor Mirsadiq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, "Didor", "Kiş" və s. festivalların mükafatçısı, Əli İsa Cabbarov, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi, şair Qismət Rüstəmov çıxış edərək kino yaradıcılarını və kinosevərləri bu təntənəli açılış mərasimi münasibətilə təbrik ediblər.

Daha sonra festivala təqdim olunan yerli və xarici filmlərin kollajından ibarət videoçarxlar, eyni zamanda ötən festivalların qalib filmlərindən biri "Bir ata haqqında" sənədli filmi, "Ən yaxşı rejissor" nominasiyasının qalibi "Çarpayı", “Şaxta" və "Təbii seçim" filmləri nümayiş olunub.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR