İnsanlara hürriyət, millətlərə istiqlal!

Heyvanları incidənlər cəzalandırılacaq

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq.

Milli Məclisin Aqrar siyasət komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin mövcud 274-cü maddəsi "Heyvanlarla rəhmsiz rəftar edilməsi" adlanır. Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırılıb. Bu dəyişiklik 2013-cü ilin may ayının 31-dən qüvvədədir. Bu dəyişikliyə görə heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimənin məbləği 25 manatdan 500 manata qaldırılıb.

Digər ölkələrə gəldikdə, bir sıra Avropa ölkəsində heyvan ölümünə görə cinayət işi açılır. Almaniya Konstitusiyasına görə, əgər çəkilişlər heyvana əziyyət verirsə, onları filmlərə çəkmək qadağandır. Avstraliyada cücələri sıx qəfəslərdə saxlamaq, yırtıcıları sirklərdə saxlamaq, itlərin qulaqlarının, quyruqlarının kəsilməsi, zəncirlənməsi, mal-qaranın sıx iplə bağlanması qadağandır. İtaliyada şəxs öz itini və ya pişiyini küçəyə atarsa, yüklü məbləğdə cərimə olunur.

Psixoloqlar hesab edir ki, heyvanlara zülm edən şəxslərin əksəriyyətinin uşaqlıq travmaları olur, onlar şüuraltında bu əməli törətməkdən həzz alırlar, hansı ki, həddən çox coşğulu, qəddarlığı təcəssüm edən, hirslidir, həyatda heç nəyə nail ola bilməyiblər. Bu səbəbdən də özlərini heyvanlar üzərindəki vəhşiliklə təsdiqləmək istəyirlər. Bu cür insanlar özləri də zamanında şiddətə məruz qalıblar. Bu baxımdan da eyni aqressiyanı göstərirlər, yalnız insanlara deyil, heyvanlara qəddarlıq nümayiş etdirirlər.

Mövzu ilə bağlı tanınmış həkim-diyetoloq, eyni zamanda heyvansevər Ləman Süleymanova “Yeni Müsavat”a danışıb.

LEMAN.jpg (128 KB)

O, hazırda heyvanlara zülm ilə balı cərimənin çox az olduğunu, bu məbləğin dəfələrlə artırılmasının tərəfdarı olduğunu deyib:

“Heyvan hüquqlarının müdafiəçisi olaraq qeyd etmək istərdim ki, Milli Məclisdə belə bir qərarın müzakirəyə çıxarılması çox yaxı addımdır. Lakin çox təəssüf ki, bu cür qərarlar dəfələrlə müzakirələrə çıxarılır, amma sonra qanun qüvvəyə minməyib. Biz heyvansevərlər istəyirik ki, heyvanlara zülm, işgəncə edənlər ciddi şəkildə cəzalandırılsınlar.

Biz tez-tez eşidirik ki, heyvanla insanlar bir deyil, heyvanlara edilən zülmlə insanlara edilən zülm eyni deyil və sairə. Amma yekun bir cavab var ki, heyvanlar da canlıdır və onları da tanrı yaradıb.

Məlum olduğu kimi ölkəmizdə heyvanlara zülm edənlər cəmi 500 manat cərimə olunur. Yəni, bu cəriməni dəfələrlə artırmaq olar. Bəzən biz şahidi oluruq ki, kimlərsə bu 500 manatı ödəyir və yenə də heyvanlarla öz istədiyi şəkildə davranır, onlara zülm edir.

Qeyd edim ki, Avropa ölkələrində heyvanlara zülm edən insanların cəriməsi ən azı 5 min avrodan başlayır. Bu baxımdan bir heyvansevər kimi istəyərdim ki, bizim ölkəmizdə də heyvanlara zülm edənlərin cəriməsi 5 min-50 min manat arası olsun. Belə olduğu halda heyvanlara zülm edənlərin sayı tamamilə azalacaq və yaxud heç olmayacaq. Çünki heç kəs bu cür cəriməni ödəmək iqtidarında deyil. Hesab edirəm ki, elmli, həyatda uğur qazanan, məşğuliyyəti olan insanlara demək olar ki, heç vaxt heyvanlara zülm etmir. Lakin həyatı, uşaqlığı pis keçən, psixoloji vəziyyəti normal olmayan insanlar isə hirsini heyvanlardan çıxır, onlara zülm verməkdən həzz alırlar. Hətta heç nədən çəkinmədən əməllərini sosial şəbəkələrdə ictimailəşdirirlər. Təbii ki, əgər cərimə 5 min manatdan başlasa, onların sayı azalacaq.

Heyvanlara zülm edən digər insanlar isə falçılıqla, cadu ilə məşğul olanlar, satanistlərdir. Bu cür insanlar əsasən pişiklərə zülm edirlər. Onlar müəyyən ritualları həyata keçirmək və yaxud guya magiya ilə məşğul olmaq üçün pişiklərin əl ayaqlarını və yaxud quyruqlarını kəsirlər. Cadu ilə məşğul olanlar hətta meşədə canavar, tülkü ovlayıb, onlardan istifadə edirlər.

Heyvanlara zülm edənlər arasında uşaq və yeniyetmələr də var, hansı ki, onlar ailədə valideynləri tərəfindən zülm görüblər, yetərincə tərbiyə almayıblar və sairə.

Həmçinin bəzi məmurlar da var ki, onlar heyvanlara zülm edirlər. Belə ki, dövlət bəzi heyvanların qısırlaşdırılması, peyvənd olunması üçün vəsait ayırır, amma həmin məmurlar o büdcəni “yemək” üçün heyvanları öldürürlər. Bura icra hakimiyyəti və bələdiyyə işçiləri daxildir.

Biz heyvansevərlər imkanımız daxilində küçə heyvanlarını qısırlaşdırır, peyvənd etdirir, qidalarla təmin edirik. Amma çox təəssüf ki, bu yetmir. Çox arzu edərdim ki, dövlət bu məsələyə ciddi nəzarət etsin”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR