İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər dənizini ən çox hansı ölkələr çirkləndirir? - Millət vəkili adları açıqladı

“Xəzər dənizinin səviyyəsinin qorunub saxlanması və ekoloji problemlərinin aradan qaldırılması üçün Xəzəryanı dövlətlərin liderlərinin mütəmadi görüşləri keçirilir”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev deyib.

Deputat Xəzərdə suyun səviyyəsinin azalmasının qarşısının alınması və təmizlənməsi sahəsində müəyyən işlərin aparıldığını bildirib:

“Hökumət nümayəndələri və aidiyyəti qurumlar tərəfindən bu problemlərin həlli ilə bağlı xüsusi komissiyalar yaradılıb və birgə fəaliyyət nəzərdə tutulur. Xəzər dənizinə atılan tullantıların 60 faizi Volqa çayının hesabına düşür. Daha sonra Kür və Ural çayları da bu prosesdə müəyyən dərəcə rol oynayır. Xüsusilə, Ermənistan və Gürcüstan ərazisindən axıdılan kommunal və sənaye tullantıları Kür çayı vasitəsilə Xəzər dənizinə tökülür. Ermənistan və Gürcüstanda müasir korrektorlar, filterlər quraşdırılmayıb. Bu səbəbdən Kür çayına olan axıntıların çoxu Gürcüstan və Ermənistan tərəfindən olur.

Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən də Xəzər dənizinə tullantılar axıdılır. Bunların qarşısının alınması, korrektor və filterlər vasitəsilə çirkabların təmizlənməsi, eyni zamanda bu suların sənayedə istifadəsi zəruridir”.

Millət vəkili qeyd edib ki, bizim regionda çayların və şirin suların miqdarı azalmaqdadır:

“Xəzəryanı dövlətlərin liderlərinin Aşqabad görüşündə ekoloji problemlərin həlli ilə bağlı müəyyən məsələlər müzakirə olundu. Təkcə Xəzər dənizinin çirkləndirilməsi yox, onun səviyyəsinin aşağı düşməsi də çox böyük problemdir. Bizim regionda çayların və şirin suların miqdarı azalmaqdadır. Xəzər dənizinə tökülən həmin çayların səviyyəsi azaldığı üçün Xəzər dənizinin səviyyəsinə də təsir göstərir”.

N.Həmzəyev digər dövlətlərin də bu məsələnin həllində aktivlik göstərməli olduğunu deyib:

“Xəzər dənizinin faunasının qorunması, müəyyən qayda çərçivəsində ovlanması təmin olunmalır. Azərbaycan öz üzərinə düşən işi görür. Digər dövlətlər də bu prosesdə aktivlik göstərməlidir ki, Xəzər dənizində yaşayan balıqların tükənməsi prosesi sürətlənməsin. Əksinə, onların sayının artırılması üçün xüsusi dövlət proqramları həyata keçirilməlidir”. (Bakupost)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR