Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyi hərbçiləri avtobuslarla Azərbaycanla şərti sərhədə göndərir. Bununla bağlı "Bez Tormozov" Teleqram kanalı görüntülər paylaşıb. Kanal iddia edib ki, Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika da yeridir.
Musavat.com bildirir ki, siyasi təhlilçi Aqşin Kərimov mövzuya bu cür şərh verib:
"Ermənistanın Azərbaycanla sərhəddə cəmləşdirdiyi şəxsi heyəti və hərbi texnika sayını artırması İrəvanın sülh müqaviləsindən yayınması və Azərbaycana qarşı dönüş nöqtəsi yaratmaq planının bir hissəsidir. Azərbaycan hələlik Ermənistanın müharibədə böyük itkilərini xatırlatmaq və gələcəkdə mümkün hərbi eskalasiya fonunda İrəvanın nələri itirə biləcəyi barədə mövqeləri səsləndirir. Bu mövqe İrəvana sülh proqramına əsaslı və mənalı şəkildə qayıtmaq üçün möhlət verir.
Lakin İrəvanın sülhlə ziddiyyət təşkil edən açıqlama və hərəkətləri müşahidə edilir. Bu məsələ Azərbaycan-Ermənistan sərhədinin qaynamağa hazırlaşmasının işığında daha çox diqqət çəkir. Ermənistanın təxribatları fonunda Azərbaycanın müdafiə naziri Zakir Həsənovun xidməti müşavirə keçirməsi, İrəvanın ehtimal edilən hərbi provokasiyalarına qarşı komandanlara tapşırıqlar verməsi də vəziyyətin mürəkkəbliyini təsvir edir".
Siyasi təhlilçi qeyd edib ki, bununla da Bakı-İrəvan xəttində sülh üçün danışıqlarla yanaşı, hərbi toqquşma trayektoriyasının canlana biləcəyi ehtimalları var:
"Əgər genişmiqyaslı toqquşma baş verərsə, Ermənistanın özünü nəticə olaraq harada tapacağı sual altındadır.
Ona görə ki, Ermənistanın Azərbaycana qarşı güc balansını dəyişə bilmək gücü və potensialı yoxdur və İrəvanın silahlanması belə Bakının geosiyasi mövqelərini laxlatmır. Üstəlik, Azərbaycanın balansında ən müasir silahlar, xüsusi təyinatlı dəstələr, peşəkar ordu modeli mövcuddur ki, Ermənistanın buna qarşı dirənə biləcəyi ehtimalı yoxdur.
Bir sözlə, İrəvanın təxribatları və hərbi toqquşmalara hazırlaşması elə Ermənistanın təhlükəsizlik hissini dərindən sarsıdır".
Xalidə Gəray
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ