Onlayn ictimai-siyasi qəzet
Müstəqillik illərindən Gürcüstan- Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edib.
Bunu APA-ya açıqlamasında SOYDAŞ İctimai Birliyinin sədri Kamran Ramazanlı bildirib.
Kamran Ramazanlı deyib ki, əsası Ümummilli lider Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulan dostluq münasibətləri bu gün strateji müttəfiqlik səviyyəsinə qədər yüksəlib: “Azərbaycan və Gürcüstan birgə bir sıra mühüm layihələr həyata keçirib. Bu sırada Bakı-Tbilisi-Ceyhan Neft Kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizini qeyd etmək olar. Gürcüstan-Azərbaycan münasibətləri siyasi, hərbi, təhsil, humanitar və digər sahələrdə uğurla inkişaf edib. Bu iki ölkə bir sıra beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Bu gün Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Gürcüstanın hazırkı hakimiyyəti ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər bölgəmizdə sülh və əmin-amanlığın yeganə təminatçısıdır. Həyata keçirilən layihələr və əməkdaşlıq münasibətləri hər iki ölkə üçün qarşılıqlı faydalıdır.
Bu gün Azərbaycan- Gürcüstan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Hazırkı Gürcüstan hökuməti və Azərbaycan rəhbərliyi arasında dostluq münasibətləri var və bu münasibətlər inkişaf edir”.
SOYDAŞ İctimai Birliyinin sədri qeyd edib ki, bu gün Gürcüstanda yarım milyona qədər soydaşımız yaşayır. Soydaşlarımız Azərbaycan-Gürcüstan münasibətlərində mühüm körpü rolunu oynayır, bu münasibətlərin inkişafına mühüm töhfə verirlər: “Eyni zamanda Azərbaycanla Gürcüstanın həyata keçirdiyi birgə layihələr, Azərbaycan şirkətlərinin Gürcüstandakı fəaliyyəti nəticəsində soydaşlarımızın həyat şəraitinin yaxşılaşması və onların işlə təmin olunması imkanları yaranıb. Xüsusən SOCAR-ın bu sahədə fəaliyyətini qeyd etmək istəyirəm. SOCAR-ın tələbələr üçün təqaüd proqrammı var, onların təhsil haqları ödənilir. Nəticədə bu gün yüzlərlə soydaşımız Gürcüstanın layiqli vətəndaşları kimi Gürcüstan cəmiyyətində mühüm rol oynayırlar. Soydaşlarımız həm ictimai, həm də mədəni mühitdə yerlərini tutmaqdadırlar. Məhz Azərbaycan dövlətinin qayğısı ilə mədəniyyətimizlə, ədəbiyyatımızla bağlı tədbirlər keçirilir. Təhsil və mədəniyyət mərkəzləri yaradılır, onların maliyyələşməsini Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirir”.
Kamran Ramazanlı oktyabrda Gürcüstanda parlament seçkilərinin keçiriləcəyi nəzərə çatdırıb: “Seçkinin nəticələri təkcə Gürcüstana üçün deyil, bütün bölgə üçün əhəmiyyətlidir. Hakim partiya Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında əsas faktor rolunu oynayır, Qərbin burada əl-qol açmasının qarşısını alır. Sabit Gürcüstan isə həm də Azərbaycan üçün vacibdir. Hakim “Gürcü Arsuzu” partiyası parlament seçkilərində qalıb gələcəyi təqdirdə, Qərbin dəfələrlə sınaqdan keçirdiyi “rəngli inqilab” ssenarisinə hazırlaşdığı ehtimal olunur. Yəni seçkinin nəticələrini tanımaqdan imtina edən müxalif qüvvələrin yenidən küçələrə çıxması, kütləvi iğtişaşlar törədilməsi, Qərb mediası vasitəsilə seçkilərin nəticələri şübhə altına alınması gözlənilir. Gürcüstan hakimiyyəti də bunu bildiyindən Qərbin, onun ölkədəki qüvvələrinin (QHT və s.) əməllərinə qarşı tədbirlər görür. Bu kontekstdə “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulunu qeyd etmək lazımdır. Göz önündədir ki, artıq ABŞ və Avropa İttifaqı tərəfindən Gürcüstana qarşı açıq şantaj və təhdidlərə başlanılıb, vizasız gediş-gəlişin dayandırılmasını, sanksiyaların tətbiq olunmasını müşahidə edirik. Bütün bunlar da bir daha göstərir ki, məqsəd parlament seçkiləri zamanı Gürcüstanda stabilliyin pozulmasına nail olmaqdır. Aydındır ki, Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açılmasını istəyir. Bu isə Gürcüstanın Ukraynanın aqibətini yaşaması, ümumən regionda sabitlik üçün böyük təhlükə yaranması deməkdir. Gürcüstan-Azərbaycan münasibətlərinin hazırda yüksək səviyyədə olmasını nəzərə alaraq, soydaşlarımızın hakim partiyaya dəstək verəcəyinə ümid edirik”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ