Onlayn ictimai-siyasi qəzet
Rusiyanın müxtəlif bölgələrində bir gün ərzində bir neçə yüksək rütbəli məmurun saxlanıldığı bildirilir.
Musavat.com xəbər verir ki, Ulyanovsk vilayətində Daxili İşlər İdarəsinin kriminal axtarış şöbəsinin rəisi Sergey Dıkamov saxlanılıb.
Yerli mediaya görə, o, rüşvət almaqda şübhəli bilinir. Saxlanılma əməliyyatını FSB və Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik xidməti həyata keçirib.
Belqorod vilayətində regionun prokuror müavini Dmitri Smirnov işdən azad edilib və saxlanılıb. O da rüşvət almaqda ittiham olunur. Cinayət təqibi Baş Prokurorluğun yoxlamasından sonra başlanıb.
KİV yazır ki, söhbət Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı bəndinə (xüsusilə böyük məbləğdə rüşvət alma) əsaslanan işdən gedir.
Dağıstanda isə keçmiş iri enerji paylayıcı şirkət olan “Kaspenqerosbıt”ın baş direktoru Zamir Abdurahimova qarşı yeni cinayət işi açılıb. İstintaqın versiyasına görə, şirkət tədarükçülər reyestrindən çıxarıldıqdan sonra da elektrik enerjisinə görə ödənişlər toplamağa davam edib və bu yolla təxminən 5,4 milyon rubl gəlir əldə edib. O, bundan əvvəl də bir neçə iqtisadi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçib.
Rostov vilayətində Fövqəladə Hallar Nazirliyinin regional idarə rəisinin müavini Dmitri Qolovçanov saxlanılıb. İstintaqın məlumatına görə, o, Taqanroq şəhərində kiçik gəmilərə dövlət nəzarəti obyekti (GİMS) tikintisi zamanı faktiki olaraq yerinə yetirilməyən işlərə dair qəbul aktlarını imzalayıb. Dövlətə vurulan ziyanın 10 milyon rubldan çox olduğu bildirilir.
Nijni Novqorodda isə “Xalq Cəbhəsi” hərəkatının regional bölmə rəhbəri Andrey Jiltsov xüsusilə böyük miqyasda dələduzluqda (Cinayət Məcəlləsinin 159-cu maddəsi) ittiham olunur. Onun evində, “Nijni Novqorod Könüllülər Xidməti”nin ofisində və təşkilatın regional şöbəsində axtarışlar aparılıb.
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ