Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keşişlərin həbsi ilə bağlı yaranan gərginlik ölkənin dərin siyasi və ideoloji böhranını bir daha üzə çıxarıb.
Musavat.com xəbər verir ki, ölkənin sabiq ombudsmanı Larisa Alaverdyan bu hadisəni “Ermənistan hakimiyyətinin öz əli ilə Türkiyə-Azərbaycan soyqırım siyasətinə xidmət etməsi” kimi təqdim edib. O, Kilsəni dövlətçiliyin dayağı adlandıraraq, baş verənləri milli institutun məhvi kimi qiymətləndirib. Fəlsəfə fakültəsinin müəllimi, tarixçi Vardan Xaçatryan isə məsələni “repressiya” adlandırıb və hətta bu proseslərdə Ankara və Bakının “dolayı iştirakının” mümkünlüyünü iddia edib.
Bu açıqlamalar bir daha sübut edir ki, Ermənistan hələ də öz problemlərinə xarici düşmən axtarmaq vərdişindən əl çəkməyib. Paşinyanın atdığı addımların səbəbləri nə Azərbaycan, nə də Türkiyə ilə əlaqəlidir. Bu, sadəcə, uzun illər dövlətin daxilində hökm sürən kilsə təsirinə qarşı başlanmış daxili təmizlənmə prosesidir. Ermənistan hakimiyyəti indi öz institutları arasındakı toqquşmanın nəticələrini yaşayır. Kilsə və dövlət münasibətləri illərlə siyasi manipulyasiyaların mərkəzində olub və bu gün Paşinyan həmin dairələrin təzyiqini neytrallaşdırmağa çalışır.
Erməni ekspertlərin “Ankara və Bakı bu işin arxasındadır” kimi ittihamları cəmiyyətin diqqətini əsas reallıqlardan yayındırmaq məqsədi daşıyır.
Çünki əsl səbəb Paşinyanın daxildə güc balansını dəyişmək, köhnə elitanın təsirini sındırmaq və kilsənin siyasi rolu ilə bağlı sərhədləri müəyyənləşdirmək cəhdidir. Bu, daxili siyasi qərardır və bununla Türkiyə və ya Azərbaycanın heç bir əlaqəsi yoxdur.
Azərbaycan və Türkiyə bölgədə sabitlik və real sülh prosesinin tərəfdarlarıdır. Ermənistan isə öz uğursuz idarəçiliyini və daxili ziddiyyətlərini ört-basdır etmək üçün hələ də köhnə düşmən obrazına sığınıb. “Böyük Turan” və “Türkiyə-Azərbaycan planı” kimi açıqlamalar, əslində, cəmiyyəti qorxu içində saxlamaq və siyasi məsuliyyəti başqalarının üzərinə atmaq məqsədi daşıyır.
Əgər bu gün Ermənistanda ordu, kilsə və hökumət bir-biri ilə toqquşursa, bu, Azərbaycan və ya Türkiyənin deyil, elə Ermənistanın öz sistem böhranının nəticəsidir. Paşinyanın addımları daxili sabitliyi qorumaq cəhdi kimi dəyərləndirilə bilər, lakin bu proses ölkənin siyasi mədəniyyətində dərin çatların mövcudluğunu da göstərir.
Ermənistan bu gün öz problemlərini başqalarının üstünə atmaqla heç nəyə nail ola bilməyəcək. Cəmiyyətin modernləşməsi və sülhün bərqərar olması üçün ilk növbədə, ölkə daxilindəki korrupsiya, dini manipulyasiya və köhnə təfəkkürlə hesablaşmaq lazımdır. Azərbaycan isə bütün bunların fonunda haqlı olaraq bölgədə sülh, əməkdaşlıq və real inkişaf gündəliyini müdafiə edir. Ermənistan nə qədər ki, öz reallıqlarına baxmaqdan qaçır, bir o qədər də təcrid və xaos içində qalacaq.
Musavat.com
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ