İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xarıbülbül yetişdirir, şəhidlər üçün kitab çıxarırlar"- Peşələri öyrədən məktəbdən qeydlər

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 120 nömrəli tam orta məktəbə mediatur təşkil edilib. Mediaturun məqsədi məktəbdə tətbiq edilən "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi çərçivəsində həyata keçirilən işlərlə tanış olmaqdır.

Musavat.com-un məlumatına görə, sözügedən məktəbin peşə təmayüllü siniflərində 3 profil üzrə ( kənd təsərrüfatı, xidmət, təmir-tikinti) 10 peşə ixtisası tədris edilir.

Peşə təmayüllü siniflərin 120 saylı orta məktəb üzrə layihə rəhbəri Xeyransa Quliyeva bildirib ki, layihədə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma ustası, aqronom, dərzi, İT, bərbər peşə ixtisaslarının tədrisi mövcuddur. “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi 2019-2020-ci tədris ilində Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlayıb:" Hazırda layihə “Peşə Təhsili üzrə Dövlət Agentliyi”-nin nəzdində fəaliyyət göstərir.  X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir" .

2.jpg (90 KB)

Mediatur çərçivəsində ilk olaraq İT emalatxanasında olduq və şagirdlərin hazırlıq prosesində iştirak etdik. İT mütəxəssisi Rəvanə Əliyeva bizimlə söhbətdə qeyd etdi ki, dərslərdə şagirdlərə həm nəzəri, həm də praktiki biliklər aşılanır:"Burada əsasən texniki dəstək göstərilir. Praktik dərslərdə hər bir şagird sistem quruluşunun sökülüb yığılmasında iştirak edir”.

Peşə təmayülü sinfində təhsil alan Rafael Əzimov bildirdi ki, gələcəkdə İT sahəsində mütəxəssis olmaq istəyir: "Burada kompüter sistem blokunun necə sökülüb yığılmasını öyrənirik. İndi əlimdəki naqili, UTP kat 5 kabelinin başlığını hazırlayırıq. Bu naqil bütün kompyüterləri bir-birinə əlaqələndirmək üçündür".

Dərzilik peşəsini öyrənən Nigar Ağazadə isə uşaq donlarını hazırlamağı xoşladığını dilə gətirdi. Amma deyir ki, gələcəkdə həm də interyer dizaynerlik ixtisası üzrə təhsil alacaq.

3.jpg (92 KB)

Peşə təmayüllü sinfin kənd təsərrüfatı ixtisası üzrə mütəxəssisi Hicran Kərimovanın şagirdlərlə bərabər yetişdirdiyi Xarıbülbül isə daha çox diqqətimizi çəkdi. H.Kərimova qeyd etdi ki, onlar Xarıbülbülün becərilməsini bir layihə kimi iki ildir ki, həyata keçirirlər. Onun sözlərinə görə, şagirdlər bunu  Vətən müharibəsində canlarından keçən şəhidlərimizə həsr ediblər: "Kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında yayılan Xarıbülbül bitkisi böyük zəhmət hesabına başa gəlib. Çünki Xarıbülbül kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lazım olan simbiotik göbələklərdən asılıdır. Məhz  bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək çətin olur. İT  üzrə təhsil alan şagirdlərimiz isə Zirə qəsəbəsindən Vətən Müharibəsində həlak olmuş 3 şəhidimizə həsr olunan kitab da  hazırlayıblar. Bu kitabda şəhidlərimizdən yazıları da özləri hazırlayıb, eləcə də kitabın tərtib olunmasını da özləri təşkil ediblər. Hazırda şagirdlərimiz günəbaxan toxumlarını əkirlər. Bundan əvvəl  kartof, çiyələk, reyhan, soğan, sarımsaq, güllər əkiblər. Açıq havada təcrübə sahəmiz də var. Şagirdlər əvvəlcə becərməyi, sonra onu mühafizə etməyi öyrənir, daha sonra isə marketinqi, yəni, öz becərdikləri məhsulları necə satmağın yollarını da öyrənirlər".

5.jpg (140 KB)

Ötən il qənnadçı peşə ixtisası üzrə burada təhsil alanlar isə hazırladıqları müxtəlif çeşidli şirniyyatlardan tədbir iştirakçılarına təqdim etdilər.
Qeyd edək ki, ölkə üzrə 20 məktəbdə 20 peşə təmayüllü sinif açılıb: “2020-2021-ci tədris ilində isə paytaxt və bölgələrdə 35 məktəb, 55 sinif, 165 müəllim heyəti ilə fəaliyyət göstərib. Hazırda 2021-2022-ci tədris ilində "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi növbəti 45 yeni sinif açmaqla siniflərin sayını paytaxt və bölgələri əhatə etməklə 80 məktəbdə 124 sinfə çatdırıb.

6.jpg (64 KB)

Yeni siniflərin açılması ilə hazırda 414 nəfər müəllim, 2387 şagirdi əhatə edir".
Bu ildən bütün məktəblərdə “STEAM” modulu və karyera məsləhəti xidməti, 32 məktəbdə isə “Sürücülük” modulu tətbiq edilir. Hər tədris ilində layihə əməkdaşlarının əmək qabiliyyətinin yüksəldilməsi məqsədilə müxtəlif təlimlər təşkil edilir. PTS-də fəaliyyət göstərən qrup rəhbərləri və assistentlər üçün “incə bacarıqlar”, “əsas səriştələr”, “STEAM” mövzularında təlimlər, ixtisas müəllimləri üçün isə metodiki-didaktik təlimlər keçirilir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR