Onlayn ictimai-siyasi qəzet
Rusiyanın vasitəçiliyini kimin iqnor etdiyi bəlli olsa da, Putinin köməkçisi “tərəflərdən biri dəstəkləmədi” dedi; Ermənistanın sülh danışıqlarında Qərb vasitəçilərinə üstünlük verməsinin səbəbi bəllidir
Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Tədbirdən öncə Azərbaycan və Rusiya prezidentləri, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş gözlənilsə də, bu baş tutmayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşün baş tutmaması barədə qısaca bunları deyib: “Biz üçtərəfli görüşlə bağlı razılığa gəlmədik. Belə bir fikir var idi, lakin tərəflərdən biri dəstəkləmədi”. Uşakov “dəstəkləməyən tərəfin” Rusiya olmadığını deməklə kifayətlənib.
Əksər ekspertlərin qənaətlərinə görə, erməni baş nazir baş tuta biləcək bu mümkün görüşdən “qaçıb”.
Qeyd edək ki, bir gün əvvəl Moskvada MDB ölkələrinin XİN başçılarının görüşü də olub. Bu tədbirdə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ayrıca görüş olmayıb.
Məlumdur ki, Ermənistan hakimiyyəti sülh danışıqlarının Qərb platformaları çərçivəsində aparılmasına tərəfdardır, Moskvanın vasitəçiliyini hər cür bəhanə ilə iqnor edir. Ermənistanın sülh danışıqlarında Qərb vasitəçilərinin iştirak etməsinə üstünlük verməsinin səbəbi ona dəstək verəcək xarici havadarlara ehtiyac olması ilə bağlıdır. Həmçinin Ermənistan bu yolla Azərbaycan üzərində təzyiqlərin artırılmasını istəyir. Qərb isə həm iqtisadi, həm də siyasi təsir rıçaqları qaldığı halda, İrəvanı Rusiyaya istənilən mövzuda qarşı çıxmağa ürəkləndirir. Azərbaycan Fransa istisna olmaqla, istənilən ölkənin sülh vasitəçiliyinə (məsələn, Astana, Tiflis) normal baxır.
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Rusiya Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsində vasitəçilik missiyasından çəkilmək fikrində deyil: “Belə düşünürəm ki, Azərbaycan tərəf birdəfəlik sülh danışıqları barədə öz mövqeyini bəyan etməli və bu mövzuda bütün müzakirələri dayandırmalıdır. Danışıqlara isə yalnız Ermənistanın Konstitusiyasında və digər hüquqi aktlarda Azərbaycan torpaqlarına qarşı təhdidlər aradan qaldırıldıqdan sonra başlana biləcəyini bəyan etməlidir. Bununla da həm Qərbdə, həm də şimalda sülh danışıqları ətrafında canfəşanlığa son verilməlidir. Ermənistan Rusiyadan uzaqlaşmaq yolunu seçib və mümkün qədər tez bir zamanda Rusiyanın bağlarını kəsib atmağa tələsir. Lakin bunun mümkün olmayacağını yaxşı düşünə bilmir. Bu gün dünyanın 60-a qədər ölkəsinin öhdəsindən gələ bilmədiyi Rusiyanın öhdəsində Ermənistanmı gələcək? Bunlar həmişə öz odlarında yanıblar, bu gün də eyni yolla gedirlər. Paşinyan başa düşmür ki, Rusiyanın üzü dönərsə, onun və ölkəsinin aqibəti pis olacaq. Hələlik Rusiya hakimiyyəti Ermənistan hakimiyyətinin bu şıltaqlığına dözür, lakin hər bir məsələdə dözümün də son həddi gəlib çatır...”
Aqşin Kərimov
Siyasi təhlilçi Aqşin Kərimov bu görüşlər barədə bir sıra diqqətçəkən tezislərlə çıxış edib. Onun fikrincə, Rusiya Paşinyana şirnikləndirici vədlər verərək Ermənistanı Qərb oriyentasiyasından çıxarmaq üçün çalışır: “Putin Azərbaycan-Ermənistan liderlərinin danışıqlarında vasitəçi qismində iştirak etməyə yenə cəhd edəcək. Bu, əsasən Rusiyanın moderatorluğu ilə Paşinyanı Zəngəzur dəhlizinə Azərbaycanın istədiyi və tələb etdiyi kontekstdə razı salmaq formullarını əhatə edir. Putinlə Paşinyanın görüşündə müsbət atmosfer yaradılmağa çalışılması İrəvanın Moskvanın tələbləri və şərtləri qarşısından tam qaça bilmədiyini göstərir. Çünki Paşinyanın Rusiyaya qarşı "qeyri-ənənəvi" siyasətinə baxmayaraq, Ermənistanın Moskva önündə açıq-aşkar zəif tərəfləri var. Putinin Prezident Əliyevlə görüşü Rusiya-Azərbaycan əlaqələrinin inkişafının regiona və Ermənistana təsirlərini ölçmək baxımından önəmlidir. Yəni Paşinyanın Putinlə görüşü Rusiya-Ermənistan əlaqələrinin normallaşdırılmasına cəhddirsə, Əliyevlə Putinin müzakirələri çox geniş regional konteksti özündə birləşdirir".
Putin-Əliyev görüşü: liderlər məmnundur
Moskvada hər iki ölkə prezidentinin yüksək səviyyəli görüşündə görüşdə baş nazirin müavini Aleksey Overçuk, Xarici İşlər və Energetika nazirliklərinin rəhbərləri də iştirak edib.
“Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir” deyən Putin bəzi rəqəmləri yada salıb: “Biz hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox - 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var”.
Putin Əliyevi Kazanda keçiriləcək BRİCS sammitinə dəvət edib. “Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik”, - deyə bildirib.
Prezident İlham Əliyev isə çıxışında deyib ki, Azərbaycanla Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir: “Gündəliyimiz (ikitərəfli münasibətlərin - red.) kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir”.
İ.Əliyev vurğulayıb ki, Vladimir Putinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir.
Dövlət başçısı onu da vurğulayıb ki, ikitərəfli münasibətlərin dinamikası Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır: “Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.
Kreml sahibi ilə Paşinyan arasında da ikitərəfli görüş keçirilib. Görüşün protokol hissəsində Putin və Paşinyan çıxış ediblər. Rusiya prezidenti çıxışında bildirib ki, Ermənistan baş naziri ilə ikitərəfli görüşdən əvvəl təkbətək görüş keçirib və iki ölkə arasındakı hazırkı məsələləri müzakirə edib. O, iki ölkə arasında ticarət, iqtisadi əməkdaşlığın olduqca uğurlu inkişaf etdiyini, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin ötən il 7.4 mlrd dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 mlrd dolları ötdüyünü söyləyib: "Əgər bu templə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 mlrd. dollar olacaq. Bu, rekord göstəricidir".
Putin Paşinyanı da Kazanda keçiriləcək BRİCS sammitinə dəvət edib.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ