İnsanlara hürriyət, millətlərə istiqlal!

İfrat sağçılar “Qoca qitə”ni ələ keçirirlər

Onların seçkilərdə ardıcıl qələbələri Brüsseli Ukrayna ilə bağlı çətinə salmaqdadır; Natiq Cəfərli: “Əgər Tramp da qalib gəlsə, sağ və sağ-mərkəz daha da güclənəcək”

Avstriyada keçirilən parlament seçkilərində birinci yeri, ilkin məlumatlara görə, 29,2 faiz səslə (2019-cu illə müqayisədə 13 faiz çox) toplayan sağçı Avstriya Azadlıq Partiyası tutub. Avstriya Xalq Partiyasından hakim mühafizəkarlar 26,5 faiz (ötən seçkilərdən 11 faiz az) nəticə ilə ikinci yerlə kifayətlənmək məcburiyyətindədirlər. Sosial Demokratlar 5 il əvvəlki nəticəni mahiyyətcə təkrarlayaraq 21 faizlə üçüncü yeri tutublar. Yaşıllar səslərin demək olar ki, yarısını itirərək liberallardan sonraya keçib. Avstriya Azadlıq Partiyası beş dəfə hökumətdə təmsil olunub. 

“Yeni Müsavat” xatırladır ki, buna qədər Fransada ifrat sağçılar seçkilərin qalibi olub. İyunun 30-da Fransada parlament seçkilərinin birinci turunun qalibi Marin Lö Penin “Milli Birlik” partiyası olub. Bir qədər əvvəl isə Avropa Parlamentinə seçkilərdə sağçı partiyalar üstünlük qazanıblar. Ümumiyyətlə, Avropa Parlamenti (AP) seçkilərinin sona çatmasından sonra Avropa İttifaqına (Aİ) üzv olan bir çox ölkədə ifrat sağçıların yüksəlişi seçkinin ən diqqət çəkən elementi olub.

Müşahidəçilərin qənaətinə görə, radikal sağçı partiyalar Avropa Parlamentində rekord sayda yer qazanmaqla Brüsseldəki başlıca siyasi meyl acı məzəmmətlə üzləşəcək, Avropanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik artacaq. Amma bu nəticələrin daha çox Ukrayna müharibəsindən qaynaqlandığı görünməkdədir. Bu savaşın “Qoca qitə”yə siyasi-iqtisadi təsirləri, miqrant və ukraynalı qaçqın axını göz qabağındadır. O baxımdan Avstriyada da sağçıların qələbəsi təəccübləndirmədi.

Avropada ifrat sağçı partiyalar niyə güclənirlər?!

Çünki Ukraynaya hərbi yardımlar regiondakı vəziyyəti daha da pisləşdirir və problemi çıxılmaz döngəyə doğru aparır. Bunun əvəzinə, Rusiya ilə dialoqa başlamağı və münaqişəni sülh yolu ilə həll etməyi təklif edirlər. Avropa Parlamenti seçkilərinin nəticələri qarşıdakı beş il üçün qitənin siyasi yönünü formalaşdıracaq. Gələn il Almaniyada keçiriləcək federal seçkilərdə Olaf Şolts üçün, 2027-ci ildə keçiriləcək prezident seçkilərində isə Emmanuel Makron üçün ciddi problem yaradacaq. Onu da qeyd etmək lazımdır ki, sağçı partiyalar əldə etdikləri uğurlu nəticələrə baxmayaraq, hələ də vahid birləşdirilmiş gündəliyi hazırlaya bilməyiblər və mərkəzçilər indiyədək Avropa Parlamentində çoxluqlarını qoruyublar. Nəticədə Ursula von der Lyayen kampaniyanın nəticələrinə görə, Avropa Komissiyasına daha beş il rəhbərlik etməyə davam edəcək. Onu da vurğulayaq ki, ifrat sağçıların son illərdə əldə etdiyi yüksəliş Avropada miqrasiya böhranı ilə birbaşa əlaqəlidir. Qitə xaricindən Avropaya üz tutan immiqrantların sayında son illərdə kəskin artım müşahidə olunur. Dövlətlərin miqrasiya problemini həll etməkdə çətinlik çəkdiyi bir dövrdə ifrat sağçılar bəzi ciddi radikal təkliflər irəli sürürlər.

Natiq Cəfərli PA-ya çağırıldı - GlobalInfo.az

Natiq Cəfərli

REAL Partiyasının sədri Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, illər əvvəl bu mövzularda çoxsaylı təhlillər olub, müzakirələr açılıb: “Xüsusən "ərəb baharı"ndan sonra miqrasiya böhranının Avropada problem yaradacağı gözlənilən idi. Ukrayna münaqişəsi iki il yarımın nəticəsidir və belə bir qısa müddətdə sağçılar güclənə bilməzdilər. Ona görə də “ərəb baharı”ndan başlanmış prosesdir və 10-12 ildir davam edirdi. Bunun yeganə örnəyi Macarıstanın baş naziri Viktor Orbandır. O, 12 ildir ki, hakimiyyətdədir. Amma vəziyyətin bu yerə gəlib çıxması, yəni sağçıların mövqeyinin güclənməsi Avropada miqrasiyaya həddən artıq qucaq açılması oldu".

N.Cəfərli hesab edir ki, bu hadisələrdən sonra avropalılar narahat olmağa başladılar: “Çünki qaçqın axını nəticəsində iş yerlərini itirdilər, gəlirlərinə təsir etdi, gələnlər həm öz ənənələrini Avropanın yaşadıqları yerlərində dominant etməyə başladılar, o cümlədən Avropa məkanında terror aktları artdı... Odur ki, Avropada bir antimiqrasiya hərəkatı gücləndi. Bunun ardınca Ukrayna müharibəsi də prosesə təkan verdi və sağçıların əlini gücləndirdi. Ona görə ki, müharibə Avropada ciddi iqtisadi itkilər yaratdı. Məsələn, hər il İtaliya rus turistlərdən 7-8 milyard qazanırdı, iki ölkənin şirkətləri arasında əməkdaşlıq, ticarət dövriyyəsi var idi. Habelə Almaniya rus qaz alırdı. Ardınca müharibəyə görə gəlirlərin azalması, inflyasiyanın artması bu "Qoca qitə"də sağçıların mövqelərini möhkəmləndirdi. Fikrimcə, bu trend başa çatmayıb və hələ başlanğıcdır, getdikcə daha da güclənəcək. Əgər ABŞ seçkilərində Tramp qalib gəlsə, Avropada sağ və sağ-mərkəzin bir qədər də güclənməsini müşahidə edəcəyik".

Fuad Əliyev səs verib səsvermə hüququndan istifadə edib

Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyevin zənnincə, müharibələr həmişə sağçıların reytinqini artırır. Onun bildirdiyinə görə, sağ partiyalar belə situasiyalardan istifadə etməyi bacarırlar: “Avstriyadan sonra başqa Qərb ölkələrində də radikal millətçilərin seçkiləri udması mümkündür. Sanki Avropa öz qabığını dəyişməkdədir. Burada Fələstin, Suriya, İraq və digər ölkələrdən gələnlərin də çox böyük təsiri oldu, Ukraynadakı müharibənin yaratdığı iqtisadi çətinliklərin də... Əvvəla, avropalılar Şərqdən gələnlərin mentalitetini qəbul edə bilmədilər. Onların davranışları Avropa üçün xoş qarşılanmırdı. Məlum oldu ki, Avropa öz sivilliyini itirmək təhlükəsindədir. Üstəlik, Fransada və başqa ölkələrdə terror aktları törədilib. İkincisi, komfort həyata öyrəşən bir alman, yaxud bir çex sual edir ki, mənim cibimdəki pul niyə Luqanskda gedən müharibədə silaha xərclənməlidir”.

Təhlilçi, bununla yanaşı, Avropa İttifaqının Kiyevə yardımları davam etdirəcəyi qənaətindədir. Onun fikrincə, Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin partiyası Avropa Parlamentində qələbə qazanıb və xanım lider Kiyevə dəstək verilməsində prinsipial siyasətçidir: “Ancaq biz tezliklə miqrasiya siyasətinin sərtləşməsini görəcəyik. İndidən Suriyada müharibənin başa çatdığı və onların geri qaytarılması tələb olunur. Bu çağırışlar bir müddət sonra ukraynalılar üçün də səslənəcək. Avropanın yükü artıb və onlar bu mənzərədən yorulublar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR