İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin alimlərindən SENSASİON YENİLİK- Bundan sonra əməliyyatlarda...

Çin biokimyaçıları cərrahi əməliyyatdan sonra yaraların sağalmasını sürətləndirən parçalanan tikiş sapları hazırlayıblar.

“Report” xəbər verir ki, tədqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilib.

Material insan və ya heyvan orqanizminə daxil edildikdə zəif elektrik sahəsi yaradır. Bu sahə yaranın sağalmasını təxminən 59 % sürətləndirir və əməliyyatdan sonrakı infeksiyaların inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır. Onun hazırlanması zamanı alimlər insan və heyvan bədəninin bütün toxumalarının həyat fəaliyyəti prosesində nisbətən zəif, lakin yaxşı qeydə alınan elektrik sahəsi yaratdığını və bunun insan bədəninin böyüməsi və yaraların sağalması prosesində mühüm rol oynadığını nəzərə alıblar.

Son illər həkimlər və bioloqlar artıq elektrik sahələrinin köməyi ilə yaraların sağalmasını və zədələnmiş toxuma və orqanların regenerasiyasını sürətləndiriblər, lakin bütün bu təcrübələrdə xarici elektrik mənbələrindən istifadə olunub. Onlardan xəstəxana və ya laboratoriyadan kənarda istifadə etmək, demək olar ki, mümkün deyil və ya çox çətindir ki, bu da Çin biokimyaçılarını xəstənin bədəninə implantasiya edildikdə elektrik sahəsi yaradan material hazırlamağa sövq edib.

Mütəxəssislər iki polimer materialdan – polikaprolakton, habelə süd və qlikol turşularının birgə polimerindən ibarət təbəqələrin elə ölçülərini seçə biliblər ki, sıxılma və dartılma şəraitində onların qarşılıqlı təsiri təxminən 2,8 volt gərginliyi olan elektrik sahəsi yaradır. Alimlərin siçovullar üzərində apardığı təcrübələr göstərib ki, bu sahə tikişlər qoyulduqdan sonra on həftədən çox müddətdə qorunub saxlanılır.

Tədqiqatçıların sözlərinə görə, yaranın bu cür stimullaşdırılması gəmiricilərin əzələ və dərisinin zədələnmiş bölgələrinə kök hüceyrələrin miqrasiyasını təxminən 2-3 dəfə sürətləndirib və nəticədə onların arxa ayaqlarından birindəki dərin kəsik nəzarət qrupundakı siçovullara nisbətən 59 % daha tez sağalıb. Bundan əlavə, alimlər yeni cərrahi saplarla tikilmiş yaraları olan heyvanlarda əməliyyatdan sonrakı infeksiyaların inkişafını aşkar etməyiblər ki, bu da həmin kompozit materialın istifadəsinin əlavə üstünlüyüdür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR