İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndini nəzarətimizə “yumşaq güc”lə keçirək, yoxsa...

Azərbaycan Xankəndini separatçı terrorçuları neytrallaşdırmağın, bu şəhəri nəzarətinə, idarəçiliyinə keçirməsinin mümkün yollarını arayır. Ermənilərin sülh dilində anlamadıqları artıq dəfələrlə sübuta yetirilib. Ona görə də yeganə yolun güc tətbiq etmək olduğu iddiaları daha çox səslənir. Bəs doğrudanmı başqa yol yoxdur? Bizim üçün optimal variant nədir? Xankəndinin azad edilməsi yalnız sülh müqaviləsindən sonra mümkün olacaq, yoxsa ona kimi Xankəndini işğaldan və separatizmin mərkəzi olmaqdan xilas etməliyik? Beynəlxalq hüquq bu haqda nə deyir?

Beynəlxalq təşkilatlar bu şəhəri Azərbaycan ərazisi kimi tanıyır. Hərbi əməliyyatla, antiterror əməliyyatı ilə ora girsək, dünya birliyindən nə kimi təpki alarıq? Fakt budur ki, Xankəndi 1988-ci ildən erməni separatizminin əsas mərkəzi olub, bu, indi də belədir. Ukraynada separatizmə qarşı yaxa çıxan Qərb Güney Qafqazın qara yarasına çevrilən erməni separatizminin kökünün kəsilməsini niyə istəmir?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, beynəlxalq birlik, o cümlədən BMT Qarabağı, həmçinin Xankəndini bütövlükdə Azərbaycan ərazisi kimi tanıyır. Ermənistan da artıq reallıqla hesablaşan kimi görünür, amma Xankəndi və ətrafına hansısa statusun verilməsini istəyir. Qərb dövlətlərinin də bəzliləri ermənilərin bu mövqeyini dəstəkləyir. Rusiyanın mövqeyi tam  aydın deyil, amma Azərbaycanla hesablaşacağı ehtimalı müşahidə olunur: “Azərbaycan status məsələsini yaxına buraxmır. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Amma artıq dünyada beynəlxalq hüquq işləmir, hər şey güc faktoru və reallıqlar mövqeyindən həll olunur. Hadisələrin gedişi göstərir ki, Azərbaycan inam və ardıcıllıqla məqsədinə doğru gedir. Fərrux əməliyyatı da bunu göstərdi. Azərbaycan ”yumşaq güc" tətbiq etməklə əsas hədəfə doğru ciddi addım atdı. Fərrux yüksəkliyinin götürülməsi Xankəndinə gedən yolu açdı. İndi əldə olunmuş mövqe möhkəmləndirilməli, yeni addıma zəmin hazırlanmalıdır.

Akif Nağı — Vikipediya

Akif Nağı: “Azərbaycan dünya birliyini, o cümlədən Rusiyanı qıcıqlandırmadan hazırlıq işlərini davam etdirməlidir”

Dünya da Azərbaycanın bu istiqamətdə hərəkətlərinə ciddi əks reaksiya vermədi. Rusiya Azərbaycana qarşı olduğunu göstərdi, amma mövqeyində ciddi dayanmadı, Azərbaycanın təkzibinə dözümlə yanaşdı. ABŞ, Fransa, BMT narahatlıqlarını bildirməklə kifayətləndilər. Belə görünür ki, maraqlı tərəflər bölgədə situasiyanın Azərbaycanın istəklərinə və qanuni haqlarına uyğun olaraq nizamlanması prosesinə dəstək verirlər. Məlum deyimə görə, siyasət mümkün olan haqqında elmdir. Dünya da görür ki, mümkün olan Azərbaycanın gücü və istəyi, həmçinin qanuni hüquqları ilə hesablaşmaqdan ibarətdir. Əks halda, bölgədə hərbi əməliyyatlar yenidən alovlana bilər".

A.Nağının fikrincə, bütün bu amilləri nəzərə almaqla belə qənaətə gəlmək olar ki, Azərbaycan dünya birliyini, o cümlədən Rusiyanı qıcıqlandırmadan hazırlıq işlərini görməli, bir müddət sonra “yumşaq güc” tətbiq etməklə Xankəndini nəzarətə götürməlidir: “Regionda qüvvələr nisbətini dəyişəcək ciddi hadisə baş verməsə, bu, elə də olacaqdır. Amma sərt güc amili də nəzərdə saxlanılmalıdır. Ermənilər Azərbaycana qarşı separatçı və terror mövqeyindədir. Dünya bunu bizdən də yaxşı görür, amma bizə qarşı, həmçinin regionda maraqlarını reallaşdırmaq üçün onlardan istifadə etməyə üstünlük verirlər. Ukraynada da müəyyən istifadə etmək meylləri var. Ona görə də orada baş verənlərə birmənalı yanaşmaq düzgün deyil. Hər halda, bütün prosesləri ciddi analiz etməli, düzgün nəticələr çıxarmalıyıq. 30 illik təcrübəmiz göstərdi ki, güclü olmasan, reallıqlara adekvat qiymət verə bilməsən, nəticəyə nail ola bilməzsən. İkinci Qarabağ müharibəsinin təcrübəsindən yararlanıb, hədəfə doğru getməliyik”.

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə: “Silahlı müqavimət və ya etnik separatçılığı davam etdirəcəklərsə, Azərbaycanda onların yaşaması sual altında olacaq”

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Xankəndi və Qaradağda yaşayan ermənilər Azərbaycan Respublikasının bölünməz unitar dövlətinin qanunları çərçivəsində yaşayacaqlar.  Yəni Azərbaycan vətəndaşları olaraq qanunlarımıza tabe olacaqlar. Bunun əksi mümkün deyil: “Bu birmənalıdır. İstər beynəlxalq hüquq, istərsə Azərbaycan Konstitusiyası olsun, Azərbaycan ərazisində ”Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi mövcud deyil. Məsələ burasındadır ki, ermənilər və onların himayəçiləri bu prosesi uzatmağa çalışırlar. Ancaq bu mümkün olmayacaq. Azərbaycan dövləti öz suveren ərazilərində qanunvericiliyin tələblərinə uyğun olaraq  beynəlxalq hüquqa söykənərək təhlükəsizlik tədbirlərini  həyata keçirir. Xankəndində, Əsgəranda, Xocavənddə yaşayan ermənilər Azərbaycan ərazisində digər azsaylı xalqlar kimi Azərbaycan qanunlarına tabe olub Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda onlar da  bütün hüquq və imtiyazlardan istifadə edəcəklər. Əks halda, silahlı müqavimət və ya etnik separatçılığı davam etdirəcəklərsə, o zaman Azərbaycanda onların yaşaması sual altında olacaq. Azərbaycan Silahlı Qüvvələri cəmi  bir neçə saat ərzində istənilən təhlükəni dəf edib sabitliyi təmin etmək gücündədir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR