İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən Bakıya iki “hücum” - revanşistlər qan istəyir...

Təlxək yığınının başçısı Araikin hər yerdən əli üzülüb, kukla qurumun yeni seçilən daşnak “spikeri” isə “ordunu buraxmayacağıq” bəyanatı verir, kilsədən də dəstək gəlir - ordumuz tətikdə! 

Qarabağ quldurlarının lideri Araik Arutyunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib. “Bizi xilas edin” səpkili açıqlama yayımlayan Arutyunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar. Buna da reaksiya ermənipərəst bəzi konqresmenlərdən gəlib, vəssalam! 

Ardınca Daşnaksütyun Partiyasının üzvü, bu həftə Qarabağdakı “parlamentin rəhbəri” olan David İşxanyan da “proqram nitqlə” çıxış edib. O, işarə edib ki, Qarabağ ermənilərinin müstəqillik hüququnun reallaşması uğrunda mübarizə aparacaq.

1968-ci il dekabrın 28-də Xocavənd rayonunun Heşan kəndində doğulan David İşxanyan 1992-ci ildə Xankəndi Pedaqoji İnstitutunun tarix-hüquq fakültəsini bitirib. Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni batalyonlarının birinə komandirlik edib. Heşan kənd məktəbinin direktoru, kənd icmasının başçısı olub. 1989-cu ildən Daşnaksütyun Partiyasının üzvüdür. 2007-2021-ci illərdə qurumun Mərkəzi Komitəsinin Yuxarı Qarabağda təmsilçisi postunu tutub. 2022-ci ildən Büro üzvüdür. 1991, 2015 və 2020-ci illərdə “parlamentin üzvü” seçilib. 2023-cü il avqustun 7-də “sədr” vəzifəsinə mandat alıb.

İşxanyanın bəyanatından belə nəticəyə gəlmək olar ki, separatçıların liderləri əhalini yeni müharibəyə hazırlayırlar və rəsmi İrəvanın etdiyi kimi, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq niyyətində deyillər. Ermənistan katolikosu I Aram İşxanyanın “sədr” seçilməsini “hərarətlə alqışlayıb”. “Artsaxın qarşısında indiki həlledici məqamda parlamentin spikeri kimi məsuliyyətiniz sizin qarşınızda ciddi vəzifələr qoyur, qarşınızda yeni, çətin məsuliyyət üfüqləri açılır. Sizi yaxından tanıyaraq, əminik ki, siz Artsaxın müstəqilliyinə yönəlmiş bütün təhdidlərə güclü qətiyyət və tədbirlilik ruhu ilə cavab verəcəksiniz ”, - deyə məktubda bildirilir.   Göründüyü kimi, Araik əli hər yerdən üzülmüş olaraq erməni lobbisinə üz tutarkən, Qarabağ “parlamenti”nin yeni rəhbəri “qan-qan” deyib. O, qanunsuz “ordunu buraxmayacağıq, müstəqilliyimizdən imtina etməyəcəyik” deyərək revanşist əhval-ruhiyyəni qızışdırır. Katolikos Aramın məktubu da onu deməyə əsas verir ki, erməni kilsəsi də Qarabağda təməlli sülhün yaradılmasına qarşıdır. Bəs bundan sonra nə olacaq? Azərbaycan bu qondarma qurumların ləğvini gözləyərkən yeni “spiker”in bəyanatları nəyə işarədir? Erməni “qan-qan” deyirsə, biz nə etməliyik?

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də

Şair Ramaldanov

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki. bu çağırışlarda təəccüblü heç nə yoxdur. “Bu proseslər, reinteqrasiyaya mane olunması Azərbaycanın tələblərini sərt şəkildə qoymasından irəli gəlir. Ona görə təzyiq əks-təzyiqə malikdir. Ümumiyyətlə, qarşı tərəfdən hələ çox çağırışlar eşidəcəyik, erməni diasporuna müraciət edəcəklər, kilsə də işə qarışacaq. Onların bu mütəşəkkil şəkildə səfərbər olunması Azərbaycanın konkret addımları ilə bağlıdır. Bakının mövqeyi qətidir, praktik addımlar atmağımızdır”.

Polkovnik söylədi ki, Laçın postu bizə vacib deyil, sadəcə, ermənilərin bir-biri ilə əlaqəsinin olması üçün kontrol baxımdan işləyir: “Cəmiyyətdə bir zarafat var ki, bütün quru sərhədlərimiz bağlıdır, yalnız Ermənistanla açıqdır. Bu da humanist bir addımdır. Amma əsgərimizə atəş açıldı, təxribat törədildi deyə Laçın postu bağlanmışdı. Onlara elə gəlirdi ki, bu hücumla geri çəkiləcəyik, nəzarət məntəqəsi yığışdırılacaq. İndi Qırmızı Xaç Komitəsi, ermənilərin addımları, 19 TIR göndərilməsi bir zəncirin halqalarıdır. Bir dövlətdən başqa dövlətə yük daxil olanda sənədləşmə, prosedur qaydaları var. Bunu etmədən qəfildən yük karvanını gətir posta yaxın dayan, de ki, bizi burax. Amma Azərbaycanın mövqeyi dəyişməyib. Qarabağın daxil ərazisində olan bütün proseslər Azərbaycanın daxili işidir və bu da aydın şəkildə bəyan edilib”.

Ramaldanov qeyd etdi ki, təklif edilən Bərdə-Ağdam yolu əlverişlidir, qısadır və oradan humanitar yük gedə bilər: “Ancaq razılaşmırlar və deməli, bu da siyasi oyunbazlıqlardan biridir. Bundan sonrakı addımlar yaranmış situasiyaya uyğun olacaq. Hər hansı tərəfdən təxribat olacaqsa, adekvat addımlar atılacaq. Bu, siyasi-diplomatik, xəbərdarlıq şəklində mesajlar ola bilər və güc variantı da, ehtiyac olarsa, tətbiq edilə bilər. Azərbaycan dövləti nə etdiyini bilir və addımlarını doğru - dürüst atmaqdadır. Separatçılar kimdirlər ki? Cinayətkar şəxslərdir və Xaçaturyan kimi onları da həbs gözləyir. Ona görə vəziyyəti gərginləşdirmək üçün müəyyən addımlar atmağa cəhd edəcəklər. Bunlar bizi qorxutmur, Azərbaycan birinci addım atmır və yol verilən təxribatlara adekvat cavab verir”.

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Araik günlərdir anonsunu etdiyi müsahibəsini verib və sözlərindən çıxan nəticə belədir ki, geri çəkilmək, Bakının tələbləri ilə razılaşmaq fikirləri yoxdur, amma nə edəcəklərini, yaxud edə biləcəklərini də deməyib: “Ümidlərini hələ itirməyiblər, beynəlxalq ictimaiyyətdən dəstək gözləyirlər. Lakin Rusiyadan da, Qərbdən də, Ermənistandan da artıq əllərini üzüblər. Araik bildirir ki, Bakının Laçın yoluna post qura biləcəyini düşünmürmüşlər. Əliyev ”Zəngəzur dəhlizi və Laçın dəhlizi eyni rejimdə işləməlidir" deyəndə elə bilirmişlər ki, blef edir. İndi nə edəcəklərini özləri də bilmir. Əvvəl Brüssel görüşünə ümid etdilər, nəticə olmadı. Daha sonra Moskvada nəticə əldə olunacağını gözləyirdilər, o da olmadı. İndi BMT Təhlükəsizlik Şurasının onları xilas edə biləcəyini ümid edirlər".

Elxan Şahinoğlu: "İrəvan indi də Fransaya yalvarır"

Elxan Şahinoğlu

Ekspert Elxan Şahinoğlunun fikrincə, Qarabağ separatçılarının lideri Araik Arutunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib: “Bizi xilas edin” səpgili açıqlama yayımlayan Arutunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar. Erməni lobbisi bu müraciət olmadan da Azərbaycana qarşı fəaliyyətinə ara verməyib. Erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff facebook səhifəsində “Ağ Evin Artsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. Adam Şiff birinci dəfə deyil ki, sərsəm bəyanatar verir. Ancaq ermənipərəst konqresmenlər bəyanatlarla kifayətlənməyərək Ermənistana təmsilçilərini də göndəriblər. ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri Sara Arkin və Damian Merfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. Bu təxribatın başında da senator Robert Menendes dayanır. Bizim üçün önəmli olan ABŞ-nin dövlət strukturlarının mövqeyidir. Bu strukturlar Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləyirlər. Buna baxmayaraq, ermənipərəst konqresmenlər suyu bulandırmağa çalışacaqlar. Görəsən, nə zamansa heç olmazsa bir konqresmenin və ya senatorun Azərbaycanın ərazi bütövlüyünün təminatının vacibliyi ilə bağlı açıqlamasını eşidəcəyik?"

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR