Onlayn ictimai-siyasi qəzet
İranın ali dini lideri Ayətullah Əli Xamneyi ABŞ-ın Tehrana müzakirə təklifi ilə bağlı sərt açıqlama verib. O, Vaşinqtonun İranla dialoq qurmaq niyyətinin yalnız öz şərtlərini qəbul etdirmək və üstünlük qazanmaq məqsədi daşıdığını bildirib.
“Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını diktə etmək üçün müzakirə aparır. İran İslam Respublikası onların bu gözləntilərinə boyun əyməyəcək”, – deyə Xamneyi vurğulayıb.
O, ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı yeni danışıqlar aparılması təklifinə cavab olaraq Vaşinqtonun ikili standart siyasətini sərt tənqid edib və bunun “mədəniyyətin rüsvayçılığı” olduğunu bildirib.
Xamneyi, İran hökumətinin Vaşinqtonun sanksiya və təzyiqlərinə baxmayaraq, bir il dözdüyünü, lakin sonradan ölkə parlamentinin məcburi addımlar atdığını bildirib.
“Utanmazlığın da bir sərhədi var. Hökumət bir il gözlədi, sonra Məclis bir qanun qəbul etdi. Başqa yol qalmamışdı. İndi də eyni zorakılığa qarşı başqa bir çıxış yolu yoxdur”, – deyə o əlavə edib.
Xamneyinin bu açıqlamaları İranın ABŞ-la münasibətlərdə heç bir güzəştə getməyəcəyini və nüvə proqramını davam etdirəcəyini göstərir. Rəsmi Tehran, Vaşinqtonun iqtisadi və diplomatik təzyiqlərinə qarşı müqavimətini qoruyaraq, regionda öz təsirini gücləndirməyə çalışır.
Son aylarda ABŞ və İran arasındakı gərginlik artmaqdadır. Vaşinqton Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq üçün yeni sanksiyalar tətbiq edərkən, İran Qərbin bu siyasətinə qarşı sərt mövqe nümayiş etdirir. Xamneyinin çıxışı, iki ölkə arasındakı münasibətlərin yaxın zamanda normallaşmayacağını və bölgədəki siyasi böhranın daha da dərinləşə biləcəyini göstərir.
Musavat.com
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ