İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin Türkiyəyə hədəsi

Qonşuları hədələməklə Tehran heç nə qazanmayacaq

İranın dini liderinin İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Türkiyə və Bəhreynə rəsmi xəbərdarlıqlar göndərdiyi iddia olunur. Xəbərdarlıqda ABŞ-ın mümkün hücumuna hər hansı dəstək, o cümlədən sözügedən ölkənin qoşunlarının yerləşdirilməsi və hava məkanından istifadə üçün ərazinin verilməsi düşmənçilik aktı kimi qiymətləndiriləcək, belə bir hərəkətin onlar üçün ağır nəticələri olacağı qeyd olunub.

Son aylar Türkiyə və İran arasında diplomatik münasibətlərdə gərginlik müşahidə olunur. Xüsusilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın Yaxın Şərqdəki milis qruplarına verdiyi dəstəyi tənqid etməsi, qarşılıqlı diplomatik notaların verilməsinə səbəb olub. Bu gərginlik fonunda, iki ölkənin regional siyasətə yanaşmaları, Suriyadakı qüvvələr balansı və ümumilikdə Yaxın Şərqdəki strateji maraqları yenidən müzakirə mövzusuna çevrilib.

Türkiyə və İran arasındakı gərginlik regional siyasətə necə təsir edəcək və bu, gələcəkdə iki ölkə arasında daha ciddi qarşıdurmaya səbəb ola bilərmi?

AĞAMALI Günay Fəzail qızı

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a söylədi ki, son dövrlər qardaş Türkiyə və İran arasında münasibətlərin gərginləşdiyinin şahidi oluruq: “Regional maraqlardan irəli gələn fərqli yanaşmalar tərəflər arasında müxtəlif mövzularda qarşılıqlı ittihamlarla müşahidə olunur. Rəsmi Tehranın Türkiyənin də aralarında olduğu bölgə dövlətlərini təhdid etməsi bunun bariz nümunəsidir. İndiki situasiyada rəsmi Tehran və Ankara arasındakı gərginliyin inkişaf tendensiyası böyük ölçüdə ABŞ-ın İranla bağlı atacağı addımlardan asılı olacaq. Lakin yaxın perspektivdə iki dövlət arasında eskalasiyanın baş verəcəyini düşünmürəm”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə düşünür ki, Türkiyə ilə İran region uğrunda tarixən rəqabətdə olub və bu mübarizə bu gün də davam edir: “Türkiyə ilə İran arasında münsibətlərin gərginləşməsi məhz Ankaranın Suriyada möhkəmlənməsidən sonra baş verdi. Türkiyənin Suriyada iki hərbi baza yaratmaq istəyi təkcə İranı əndişəyə salmayıb, bundan İsrail də ciddi narahatdır. Yaxın Şərqdə Türkiyənin mövqeyi həmişə güclü olub və bu da İrandan fərqli radikal din ixraci hesabına olmayıb. Məsələnin təhlükəli tərəfi ondadır ki, İran istəsə də, istəməsə də gec-tez İsrail və ABŞ onu münaqişəyə cəlb edəcək. İsrailin strateji hədəflərində İran rejimi sıradan çıxarılmalı, yaxud da tam təsirsiz hala salınmalıdır. Nüvə proqramı sadəcə bəhanədir. İsrail regionun şəriksiz güc mərkəzi olmalıdır. Təəssüflər olsun ki, Tehran hələ də anlamaq istəmir ki, Türkiyə ilə rəqabət və qarşıdurmaya getməkdənsə əməkdaşlıq hər iki ölkə üçün faydalı və ümumi təhlükəyə qarşı dayanmaq rahat olardı. Qonşuları hədələmək, şantaj etmək Tehran heç nə qazanmayacaq, bu özünə qarşı işləyən haldır. Əksinə, hesab edirəm ki, həmin ölkələr də mümkün hərbi müdaxilənin onlar üçün da doğuracağı fəsadları anlayaraq bunun baş verməsini istəmirlər. İrana hava zərbələri İsraildən də, ABŞ-ın müxtəlif regionlarda yerləşdirdiyi hərbi bazalarından da endirilə bilər. Bunun qarşısını almağa, yaxud da ciddi adekvat zərbələr endirməyə İranın hərbi potensialını görmürəm. İranın Hərbi Hava Qüvvələrini şişirtmələrinə baxmayaraq hava məkanını elə də etibarlı qoruyacağını düşünmürəm. İkincisi isə İsraillə ABŞ İrana qarşı quru əməliyyatları aparmayacaq. Starteji və müdafiə qabiliyyəti üçün əhəmiyyət kəsb edən obyektlər hədəf götürüləcək. İran bu riskləri önləmək üçün region dövlətləri və regional güc mərkəzləri ilə, xüsusən də Türkiyəyə qarşı ritorikasını və üslubunu dəyişməlidir. Bəlkə belə olan halda düşdüyü ağır və mürəkkəb durumdan xilas ola bildi.  Onsuz da İran  hazırda Türkiyə ilə rəqbət aparacaq gücdə olmadığından Ankaraya sığınmalıdır”.

sehla son.jpg (273 KB)

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə cənub qonşumuzun diplomatik alətlərdən istifadə etdiyini qeyd etdi: “ABŞ-ın İranla razılaşma əldə olunmazsa onun nüvə obyektlərini vurmaqla bağlı hədələri fonunda Yaxın Şərqdə yeni müharibənin alovlanma ehtimalı gedərək artır. Bunun qarşısını almaq üçün İran diplomatik alətlərdən maksimum istifadə edir. Bu çərçivədə şənbə günü Omanda, Maskat şəhərində İran XİN rəhbəri Abbas Araqçı ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff görüşərək danışıqlar aparacaqlar. Bu danışıqların nəticəsinə bağlı olaraq Yaxın Şərqdə qarşıdakı dövr üçün regional vəziyyət müəyyənləşəcək. İran diplomatik danışıqlar aparmaqla yanaşı, müharibəyə də hazırlaşır. Keçirilən hərbi təlimlərlə ordunun müharibə hazırlığı vəziyyətinə gətirilməsindən əlavə, regionda ABŞ-la isti münasibətləri olan və amerikan hərbi bazalarına ev sahibliyi edən ölkələrə xəbərdarlıq göndərilib. Belə ki, İraq, Küveyt, BƏƏ, Qətər, Türkiyə və Bəhreyndə ABŞ-ın hərbi bazaları mövcuddur. ABŞ-ın hücum zamanı bu bazalardan istifadə etmək istəyəcəyi aydındır. İran isə Yaxın Şərqdəki qonşularını öncədən xəbərdar edir. Məsələn, Türkiyə ABŞ-ın 2003-cü ildə İraqa hərbi müdaxiləsi zamanı öz ərazisindəki hərbi bazasından istifadə etməyə izn verməmişdi. Bu qərar Türkiyə siyasi administrasiyasında xeyli müzakirələr doğurmuşdu. Həmin dövrdə ABŞ-la müttəfiqliyə görə İraqa müdaxiləni dəstəkləyən qüvvələr də vardı. Lakin Türkiyə Böyük Millət Məclisi "2003 Muhtırası" ilə Türkiyəni bu müdaxilədə iştirakdan xilas etmişdi. Bilirik ki, ABŞ-ın İraq müdaxiləsi fiasko ilə nəticələnmişdi. Türkiyə ABŞ-ın İrana ehtimal olunan müdaxiləsi zamanı da hər hansı bir hərbi dəstək verməyəcək. Türkiyə XİN rəhbəri Hakan Fidan regionda yeni gərginliyi, o cümlədən ABŞ-ın İrana hücumunun baş verməsini istəmədiklərini deməklə, həm də bu gərginliyin yaradılmasında tərəf olmayacaqlarını dolayısıyla dünyaya bəyan edir. Ümumiyyətlə, Türkiyə və İran Yaxın Şərqdəki münaqişələrin fərqli tərəflərini dəstəkləsələr də, fərqli kamplarda olsalar da, onların ortaq əməkdaşlıq sahələri də mövcuddur. Xüsusilə İsrailin çəkindirilməsinə dair ortaq maraqları qeyd oluna bilər. Küveyt də artıq İrana bildirib ki, öz ərazisindən ABŞ-ın hücum məqsədilə istifadəsinə imkan verməyəcək. ABŞ-ın hərbi müdaxiləsində iştirak edib-etməmək qərarı müvafiq ölkələrin İranla münasibətlərinin gələcəyinin müəyyən edilməsində əsas amil olacaq. Ümumiyyətlə isə İranla birbaşa müharibəyə girməsi heç ABŞ üçün də arzuolunan deyil. Elə buna görə də Tramp bəyan edib ki, İranla birbaşa görüşümüz var. Bəlkə də möhtəşəm bir anlaşma əldə olunacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR