İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalça Muzeyində yapon kimonosu dəfiləsi keçirilib - Fotolar

Noyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Eleqant kimono: Yapon kimono şousu” adlı moda nümayişi keçirilib.

Musavat.com bildirir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, SOAC Art Consultancy & Curation, Odasho Co. Ltd, Yaponiya Beynəlxalq Tekstil Şəbəkəsinin təşkilatçılığı, “ISR Holding”in dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək bildirib:

"Bu il Yaponiya ilə mədəni əlaqələrin yüksək səviyyədə inkişaf edir və bu əlamətdar tədbirlərlə müşayiət olunur.

Yaponiya mədəniyyəti üçün kimono əsas simvollardan biridir. Əsrlər boyu bu ənənəvi geyim bir çox dizayner və rəssamların ilham mənbəyi olub. Onların yaratdıqları əsərlər şübhəsiz geyim sənayesinə də təsir etmişdir.


Bugünki moda nümayişində yaponların bayram, toy kimi xüsusi günlərdə və digər mərasimlərdə geyindikləri, həm uşaqlar, həm də böyüklərin həyatında öz yeri və rolu olan müxtəlif növ kimonolar nümayiş olunur. Dəfilədə ənənəvi yapon kimonoları ilə yanaşı, Azərbaycan xalça ornamentlərilə işlənmiş kimonolar da təqdim olunur. Kimonoların üzərində Qarabağın şabalıd-buta adlı ornamentlərilə bəzədilmiş elementlərini, həmçinin ənənəvi türk “kutnu” parçalarından hazırlanmış kimonolarını də görmək olar".

Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada bugünkü şounun Yaponiyanın ənənəvi kimonosu ilə bağlı olduğunu bildirib:

“Kimono yapon mədəniyyətinin ayrılmaz hissəsi olan ənənəvi geyimdir. Kimononun müxtəlif növləri var".

Səfir qeyd edib ki, dəfilədə model qismində səfirliklərin əməkdaşları, Azərbaycanda yaşayan yaponlar və yapon mədəniyyətini sevən azərbaycanlılar iştirak edir.

Səfir tədbirin həyata keçirilməsinə görə Xalça Muzeyinə və dəstəkçi şirkətlərə təşəkkür edib.

Daha sonra moda nümayişi keçirilib.

Qeyd edək ki, dəfilə gecəsində ümumilikdə təkcə milli yapon geyimi kimi deyil, həm də universal geyim olaraq coğrafi sərhədləri aşmış moda nümunələri olan 24 kimono nümayiş olunub.

Tədbirin sonunda modellərlə birlikdə kollektiv şəkil çəkilib.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR