İnsanlara hürriyət, millətlərə istiqlal!

Vurğun evlənmək adı ilə tanış olduğu xanımı aldatdı - Özünü “Akınsoy” kimi təqdim edib

Yardımlı sakini özünü Türkiyə vətəndaşı kimi təqdim edərək evlənmək məqsədi ilə tanış olduğu xanıma qarşı dələduzluq edib.

Musavat.com xəbər verir ki, 35 yaşlı Vurğun sosial şəbəkədə tanış olduğu Şahnaz adlı xanıma özünü Türkiyə vətəndaşı Azər Akınsoy kimi təqdim edib.

Həmçinin Türkiyə Silahlı Qüvvələrində xidmət etdiyini deyib. Vurğun söhbət zamanı Şahnaza azərbaycanlı bir xanımla ailə həyatı qurmaq istədiyini deyib. Şahnaz da onu rəfiqəsi Nailə ilə tanış edib.

Nailə ilə Vurğun bir müddət danışıblar. Danışqlar zamanı Vurğun Türkiyə türkcəsi ilə danışıb. Həmçinin atasının Türkiyədə universitetdə çalışdığını deyib. Nailə danışıq zamanı Türkiyədə təhsil almaq istədiyini deyib. Vurğun tanışları vasitəsi ilə bu işi həll edə biləcəyini deyərək ondan ümumilikdə 5450 manat pul alıb.

Aldadıldığını başa düşən Nailə pulunu geri istəməyə başlayıb. Şikayət etdikdən sonra öyrənib ki, özünü Azər Akınsoy kimi təqdim edən şəxs əslində Yardımlı sakini Vurğun imiş.

Nailə ifadəsində deyib ki, bu günə qədər ona dəymiş zərərin 800 manatını geri ala bilib. Onun sözlərinə görə Vurğunun atası onu təhdid edib.

Dəymiş zərərin ödənilməsini istəyən zərərçəkmiş Vurğuna ağır cəza verilməsini tələb edib.

Məhkəmədə məlum olub ki, dələduzluq hadisəsi 2021-ci ildə baş verib. Zərərçəkmiş tərəfin şikayətlərindən sonra bir neçə dəfə cinayət işi açılsa da icraata xitam verilib. Bir neçə il sonra Vurğun yenidən məsuliyyətə cəlb edilib.

Məhkəmənin hökmü ilə Vurğun barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR