İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş cəmiyyətinin gücü quldur Rubeni bitirdi

QHT sektoru Laçın yolunda tarix yazır; ekofəallar bir halda aksiyanı dayandıra bilər ki...

Ekofəalların aksiyası Qarabağda qızıl mədənlərini talan etməkdə iştirakı olan erməni oliqarx Ruben Vardanyanın axırına çıxdı. Aktivistlərin üç aya yaxındır ki, davam edən etirazları əvvəlcə bölgədə həmin mədənlərdə  fəaliyyətin dayandırılmasına, daha sonra Rubenin əl-qolunun bağlanmasına, nəticə etibarı ilə postunu itirməsinə gətirib çıxardı.

“Yeni Müsavat” yazır ki, bu da vətəndaş cəmiyyətinin Qarabağın dağlıq ərazilərində baş verən özbaşınalığa reaksiyasının nəticəsi kimi qiymətləndirilə bilər. Bununla belə, fəalların aksiyası davam edir. Çünki mədənlərdə monitorinqə şərait yaradılmır. Ancaq yol humanitar məqsədlər üçün açıq saxlanıb. Misal üçün, fevralın 26-da Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu ilə daha 5 xəstəni Qarabağdan Ermənistana aparıb. Ermənistandakı Qırmızı Xaç Cəmiyyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bu barədə erməni mediasına açıqlama verib. Qarabağ ermənilərinin 12 dekabrdan bəri guya “blokadada olduğunu” iddia edən erməni tərəf etiraf edir ki, ümumilikdə indiyədək tibbi yardıma ehtiyacı olan 129 nəfər Ermənistan xəstəxanalarına çatdırılıb. Ermənilər özləri etiraf edirlər ki, hər hansı blokada mövcud deyil.

Bütün hallarda aksiya vətəndaş cəmiyyətinin gücünü ortaya qoymaqdadır. Fəallar soyuq hava şəraitində aylardır ki, etirazları davam etdirir, tələbləri qüvvədə saxlayır. Azərbaycanda QHT fəallarının bu nümayişləri həm də vətəndaş cəmiyyətinin gücünü yoxlamaq üçün bir sınaq oldu. Və ictimai sektor bu imtahandan uğurla çıxdı. Onlar böyük bir yükün aşırılmasında böyük rol oynadılar. Hüquq müdafiəçiləri də hesab edirlər ki, QHT sektoru Laçın yolunda tarix yazır. Onların fikrincə, aksiyanı başa vurmaq da olar, həm qismən məqsədlərinə çatıb, həm gücünü göstərib, koridordan qanunsuz daşımalara son qoyub, separatçıların məkrli planlarını alt-üst edib. Vardanyanın gəlişi ilə aksiyanın başlaması və ermənilərin çətin vəziyyətə düşməsini etiraf edirlər. Yəni o, gələr-gəlməz separatçılara təzyiq gücləndi. Hətta Ruben də deyib ki, Araikə təzyiq var idi və onun postundan kənarlaşdırılması həm də bunun nəticəsidir. İndi isə prosesin ardınca növbə dəhlizə sərhəd və gömrük postunu qoymaq olmalıdır. Azərbaycan Prezidenti Münhendə qeyd etdi ki, Laçın rayonunun Ermənistanla sərhədində nəzarət-buraxılış keçid məntəqəsi olmalıdır. Ona görə də vətəndaş cəmiyyəti üzvlərinin aksiyada şüarlarına əlavələr olmalıdır: koridorda post qurulması, sərhədçilərimizin ruslarla birgə yoxlanış aparması və s.

Elxan Şahinoğlu: “Azərbaycanın mövqeyi həmsədrlərə çoxdan bəllidir ”

 Elxan Şahinoğlu

Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, Vardanyan “dövlət naziri” vəzifəsindən istefaya göndərildi deyə etirazın dayandırılması doğru olmaz. “Fikrimcə, etiraz Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır. O ki qaldı Ruben Vardanyana, onun iki seçimi qalıb: ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənasız olduğunu anlayıb maliyyəsini və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək. Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz başa çatmayıb”.

Siyasilərdən Milli Şuranın söyüşlü iclaslarına reaksiya » Siam.az

 Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublunun sözlərinə görə, ekofəallar üzərinə düşəni edib, indi sıra diplomatiyamızındır: “Biz hücum diplomatiyasında olmalıyıq. Azərbaycan əsgəri qalib gəlib, onun masada qələbəsi davam etməlidir. Əgər Ermənistan üçtərəfli sənədi tam icra etmirsə, biz addımları sürətli və sərt şəkildə atmalıyıq. Heç bir beynəlxalq təşkilat, yaxud qüvvə bizə deyə bilməz ki, öz ərazində Ermənistanla sərhədə niyə nəzarət məntəqəsi qoyursunuz. Azərbaycan öz daxili qərarlarını kənar qüvvələrlə razılaşdırmır və ya məsləhət almır. Kimsə işimizə qarışa bilməz”. Onun fikrincə, ermənilər üçün yol açıqdır, amma mina daşıyanlara, silah-sursat keçirənlərə bağlıdır: “Blokada təxribatçı-separatçı qüvvələr üçün yaradılıb. Dinc ermənilər nə ac-susuz qalıb, nə işıqsız-qazsız. Mənə elə gəlir ki, hakimiyyət addımlarını tələsdirməlidir. Çünki regionda geosiyasi hadisələr dəyişir və Ermənistan vaxt udmaq fikrindədir”.

Xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Aksiya ötən il dekabrın 12-dən başlayıb. Artıq 79 gündür ki, etirazlar var və aksiyaçılar yerindən tərpənmirlər.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüququ dövlət quruculuğu" mövzusunda hazırlanıb.

Hazırladı: Emil SALAMOĞLU

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR