İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş cəmiyyətinin 51 gündür Laçın yolunda Azərbaycan mübarizəsi - davamı nə olmalı...

QHT-lər tələblərindən geri çəkilmir və yerlərindən tərpənmir; Günel Səfərova: “Beynəlxalq şəbəkələşmədə zəifliyimiz var, bunu artırmaq lazımdır”

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda 51 gündür ki, aksiyanı davam etdirir. “Yeni Müsavat” bildirir ki, bu, tarixi hadisədir, faktiki Laçın koridoru əlimizdədir və ermənilər 30 il karvansaray kimi istifadə etdikləri yoldan indi mina, silah-sursat, terrorçu məqsədlər üçün yararlana bilmirlər. Düz 51 gündür ki, vətəndaş cəmiyyətinin fədakar üzvləri tələblərindən geri çəkilmir və yerlərindən tərpənmirlər.

Azərbaycana qarşı beynəlxalq təzyiqlərə, əsassız bəyanatlara baxmayaraq, vətəndaş cəmiyyəti mövqeyində israrlı görünür. Bu yolda aksiya heç bir humanitar blokada yaratmayıb, ermənilərin işığı, qazı, suyu da var, ərzağı, dərmanı da. Elə təkcə ötən sutkada 19 erməni Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları ilə Ermənistandakı ailələrinə qovuşub. Yəni kimsə onlara əngəl olmur, yolunu kəsmir, eləcə də rus hərbçilərinə aid təminat karvanları da 51 gün ərzində maneəsiz keçid ediblər. O baxımdan dəhliz işləkdir, sadəcə, separatçı rejimin üzünə qapalıdır. Odur ki, Araik və başının quldur dəstəsi gizli yollardan keçərək Ermənistana gedirlər. Bu aksiya sübut etdi ki, vətəndaş cəmiyyəti kifayət qədər gücə malikdir. Burada iqtidar və ya müxalifətin iştirakı olmadan, sırf QHT fəalları etiraz edirlər. Onlar dünya ekotəşkilatlarının da diqqətini bu proseslərə cəlb etməli idi. Lakin bu yöndə fəaliyyət göstərən beynəlxalq təşkilatlar mədənlərin qanunsuz istismarına reaksiya bildirmir, əvəzində bir ovuc erməni üçün riyakarcasına göz yaşı töküb olmayan humanitar fəlakətdən dəm vururlar.

Günel Səfərova: Heç vaxt hakimiyyətin və müxalifətin adamı olmamışam – Yeni  Çağ Media

Günel Səfərova

“Vətəndaş - tədqiqat və inkişaf” İctimai Birliyinin sədri Günel Səfərova “Yeni Müsavat”a qeyd etdi ki, əslində aksiya vətəndaş cəmiyyətinin subyektləri, ictimai təşkilatların təşəbbüsü ilə başlayıb. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin ölkənin hər yerinə ictimai nəzarət funksiyası var: “İstər Xankəndi, istər digər ərazilər olsun. Oradan gələn informasiya əsasında məlum oldu ki, yataqlar istismar edilir, qadağan edilmiş maddələr istifadə olunur. Bunu da aydınlaşdırmaq üçün monitorinq aparmaq səlahiyyətimiz var. Onların aksiyasını yüksək dəyərləndirirəm. Ekoloji təşkilatlar, gənclər təşkilatları bu gün etirazları davam etdirirlər. Təkcə iştirak deyil, informasiyanın xarici ölkələrə və beynəlxalq təşkilatlara doğru çatdırılması da bura daxildir. Bu mənada informasiya yükü olan aksiyadır. Amma beynəlxalq şəbəkələşmədə zəifliyimiz var, bunu artırmaq lazımdır. Bu istiqamətdə daha fəal işlər görməliyik”.

Londonda səfirliyimizə edilən hücuma vətəndaş cəmiyyətinin adekvat  reaksiyası

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublunun sözlərinə görə, tələblər yerinə yetirilənə qədər aksiya davam etməlidir: “Rus hərbi kontigentinin komandanı Andrey Volkov 51 gündür ki, bu aksiyaya reaksiya bildirmir. Biz nə üçün öz ərazilərimizə getməməliyik? Həmin ərazilərə hamı gedə bilir, təkcə azərbaycanlılar yox. Azərbaycanlılar niyə Xocavənd, Xocalı, Əsgəran ərazilərinə keçə bilməzlər? Sanki bir anklav yaradılıb, təmas xətti formalaşdırılıb və ərazi bütövlüyümüzə qarşı bir qəsd həyata keçirilir”. Hüquq müdafiəçisi xatırladır ki, QHT-lərə mədənlərə baxış keçirməyə icazə vermirlərsə, tələblər sərtləşdirilməlidir: “Biz hücum diplomatiyasını yürütməliyik. Ermənilər dünyanı inandırır ki, guya blokadada qalıblar, amma biz niyə inandıra bilmirik? Deməli, səfirliklər, diplomatlar daha çox iş görməlidir, aksiyanın mahiyyəti haqda beynəlxalq ictimaiyyətə diaspor təşkilatları geniş məlumat verməlidirlər, ekofəallara dəstək olaraq xarici ölkələrdə olan həmvətənlərimiz aksiyalar keçirməlidirlər. Eyni zamanda Laçın yolunda gömrük postu qurulması tələbi ilə aksiyalara başlamalı, şüarlar səslənməlidir”.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb. 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanıb.

Hazırladı: Emil SALAMOĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR