Onlayn ictimai-siyasi qəzet
İctimai nəzarət vətəndaş cəmiyyətinin ana xəttidir. Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. QHT-lər ictimai nəzarət funksiyasını effektiv şəkildə həyata keçirmirlər. Həmçinin əhali ilə işləmək, xalqla təmas zəifdir. Necə ki məmurların xalqla ünsiyyətində ciddi problemlər, boşluqlar meydana çıxır, vətəndaş cəmiyyətində də analoji nöqsanlar var.
Hətta ictimai şuralar yaradıldı, amma nə dəyişdi?! Bəli, operativ reaksiya verən İctimai Şuralar da var, amma biz məsələyə geniş planda baxmalıyıq. Ən əsas problem əhalinin müxtəlif zümrələri ilə işləməkdir. Vətəndaş cəmiyyəti ayrı-ayrı hadisələrdən nəticə çıxarıb xalqla necə danışmaq lazım olduğunu bilməlidir. İstər erkən nikah, istər qadına və uşağa zorakılıq, istər müxtəlif məişət problemləri, istərsə regionlarda yaşanan sosial narazılıqlar olsun, hər birində QHT-lər fəal olmalıdır. Habelə, ictimai nəzarət güclənməlidir. Bu işdə İctimai Şuralar da, ayrı-ayrı təşkilatlar da operativlik göstərməlidirlər.
Ümumiyyətlə, vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Danılmaz faktdır ki, bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz mövcudluqları ilə ölkədə üçüncü sektorun təkmilləşməsinə öz töhfəsini verirlər. QHT-lər eyni zamanda problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin təşkilində böyük rol oynayırlar. Bundan başqa, mənfi amillərin, o cümlədən rüşvətxorluq və korrupsiya kimi sosial bəlaya çevrilmiş halların aradan qaldırılmasında təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar ciddi məsuliyyət daşıyırlar.
Günel Səfərova
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova hesab edir ki, bizim yerli səviyyədə bəlkə ən zəif olduğumuz sahələrdən biri icmalarla və geniş anlamda əhali ilə iş konsepsiyasının olmamasıdır: “Buna görə də vətəndaş cəmiyyətinin preventiv tədbirləri ləngdir. Düzü, bu, geniş sahədir və əhatəli, davamlı iş tələb edir. İstənilən sosial problemə erkən müdaxilə göz yaşartmır”. G.Səfərova hesab edir ki, vətəndaş cəmiyyətinin ən önəmli rollarından biri də ictimai nəzarət və ictimai iştirakçılıqdır: “Beynəlxalq təcrübədə ictimai nəzarət daha çox vətəndaş məsuliyyəti və ya nəzarəti kimi ortaya çıxır. Bu metod hələ ki bizdə yoxdur. Vətəndaş iştirakçılığı haqqında qanuna əsasən ictimai şuralar yaradıldı. İctimai şura olaraq təəssüf ki, əksəriyyətimiz situativ və reaktiv fəaliyyət göstəririk. Qurumun əsas strateji proqram və layihələrinin planlaşmasında vətəndaşı ictimai şuralar təmsil etməlidir. Bəs niyə rəy sorğuları, dinləmələr və ictimai müzakirələri etmirik?”
Xəzər Teyyublu
Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Xəzər Teyyublu da o qənaətdədir ki, QHT-lər vətəndaşlarla daha çox işləməlidir. Onun fikrincə, bu istiqamətdə axsama müşahidə olunmaqdadır: “Biz hər gün vətəndaşlarla təmasdayıq, müraciətlərə baxırıq, bölgələrdən olan zəngləri, şikayətləri araşdırırıq. Amma bu yükü qaldırmaq üçün daha böyük resurs olmalıdır. Eyni zamanda bir təşkilatın təkbaşına görəcəyi iş deyil”. Hüquq müdafiəçisi vətəndaş cəmiyyətinin tamamilə səfərbər olmasını təklif edir: “Xalqla məmurlar işləməlidir əvvəla, ikincisi də, QHT-lər bu işdə yaxasını kənara çəkməməlidir. Ölkədə minlərlə belə təşkilat var, amma bir çoxu passivdir. Adları var, fəaliyyət görünmür. Hər bir sahə üzrə fəaliyyət göstərən təşkilatlar mövcuddur, onların 30-40 faizi aktiv olsalar, vətəndaşların problemlərinin həllində böyük irəliləyiş əldə etmək olar. Yəni vətəndaş cəmiyyəti - qurumlar - xalq, bu üç qol zəncirvari işləməlidir”. X.Teyyublu nazirliklər, qurumlar yanında yaradılan ictimai şuraların fəaliyyətini qənaətbəxş saymır: “Hətta bəziləri özlərini nazirliyin ştatlı işçiləri kimi aparırlar. İctimai şuralar müstəqil olmalı və dövlət orqanlarına nəzarəti həyata keçirməlidir. Bizdə isə əfsuslar olsun ki, bu məsələ reallıqla tərs mütənasibdir”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanıb.
HAZIRLADI: Emil SALAMOĞLU
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ